BƏƏ Azərbaycanda günəş elektrik stansiyası tikəcək

bee-azerbaycanda-gunes-elektrik-stansiyasi-tikecek
Oxunma sayı: 1079

“Azərbaycan bərpa olunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında qeyd olunur.

Bildirilib ki, bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 MVt həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur:

“Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır. Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu investorları maraqlandıran başlıca şərtlərdəndir.

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün  təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçik həcmli layihələrin həyata keçirilməsinə başlanılacaq”.

Bəyanatda o da vurğulanıb ki, bu sahədə pilot layihələr də həyata keçirilir:

“Ötən ilin dekabr ayının 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 MVt gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur.

Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması, həmçinin, müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək.

2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir”.

Qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların  cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

“İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib”, - bəyanatın yekununda bildirilib.