BƏƏ-nin səfiri Bakı Ali Neft Məktəbində təqdimatla çıxış edib

bee-nin-sefiri-baki-ali-neft-mektebinde-teqdimatla-cixis-edib
Oxunma sayı: 918

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əhməd Hamel Alqubaisi Bakı Ali Neft Məktəbində (BANM) “BƏƏ-nin inkişafı” mövzusunda təqdimatla çıxış edib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfir Məhəmməd Əhməd Hamel Alqubaisini Bakı Ali Neft Məktəbində salamlayıb. Rektor Elmar Qasımov prezident İlham Əliyevin bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinə etdiyi səfərini xatırladıb. BƏƏ ilə Azərbaycan əlaqələrinin inkişafından söz açan Elmar Qasımov BƏƏ-nin bir çox sahələrdə, o cümlədən memarlıq və turizm üzrə böyük inkişafa nail olduğunu vurğulayıb. Elmar Qasımov Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil müəssisələri ilə BANM-in əlaqələrinin qurulduğunu deyərək Abu-Dabi Neft İnstitutu ilə əməkdaşlığın inkişaf etdiriləcəyini vurğulayıb. O, BANM-in tələbələri ilə belə görüşlərin davamlı olacağına əmin olduğunu bildirərək bu tədbirlərin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini deyib.

Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BANM-də olmaqdan məmnunluq bildirərək öz tərcümeyi-halı haqqında danışıb və diplomat karyerasından söz açıb. Səfirin təqdimatında BƏƏ-nin inkişafını özündə əks etdirən qısa videoçarx nümayiş olunub. O, BƏƏ-nin tarixi, coğrafiyası, ölkənin dövlət quruluşu və idarəetmə sistemi, adət-ənənələri haqqında danışıb. Səfir ölkəsinin inkişaf etmiş sahələri, təbii sərvətləri, xüsusilə təhsil sistemi haqqında məlumat verib.

Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.