Efirlər axtarışda

efirler-axtarisda
Oxunma sayı: 742


Və ya “əl-Cəzirə”dən “Qulp” verilişinə uzanan qayçılı əllər

Çox qəribə bir dünyada yaşayırıq. Əgər yüz illər öncə insan əsasən güc və ağlına görə dəyərləndirilirdisə, bu gün daha çox mal-mülkünə görə sayılır. Bu da təbiidir – var-dövləti olanın sözü həmişə keçərli olur. Amma problem ondadır ki, bu tip adamlar öz güclərini münaqişə müəllifi kimi qalmaqla göstərirlər. İndi dünyada məhz münaqişə yaradan və onu nəzarətdə saxlayan dövlətlər güclü sayılırlar. ABŞ özünü İraqda, Əfqanıstanda, ərəb ölkələrində, Rusiya özünü Çeçenistanda, Cənubi Osetiyada, Abxaziya və Qarabağda, İsrail isə Fələstində göstərməkdədir. Onlar bu kimi situasiyaları tam qüvvəsilə idarə etmək üçün təkcə silahdan yararlanmırlar – bölücülük, ayırma ovqatı, inanclara və siyasi liderlərə qarşı şübhə toxumu səpməklə daha çox iş görür, az qala hər gün qan-qadalara bais olurlar.


Dünyamızın digər qütblərində də bu hallar ən müxtəlif formalarda təzahür edir. Latın Amerikası ölkələrində, Orta Asiyada, Qafqazda və Çində cərəyan edən olaylar müharibə şəraitindən də betər duruma salınıb. Vətəndaşlara vurulan mənəvi ağrılar, ruhi sıxıntılar çox hallarda savaşdan daha üzücü olur. Bu gün məhz bu mövzudan bəhs etmək fikrindəyəm.

Mərhum Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində dünya siyasətinin nəhəng simalarından olan İngiltərənin baş naziri Marqaret Tetçer Azərbaycana gəlmişdi. O Tetçer ki hansı ölkəyə ayaq basırdısa, onun dünya çapında siyasi nüfuzu 25 faiz yüksəlirdi. O, ölkəmizdə olarkən söyləmişdi ki, milli hökumət televiziyadan lazımınca yararlanmır və bu gedişlə onlar hakimiyyətdə uzun müddət qalmayacaqlar. Doğrudan da belə idi və belə də oldu. Ölkəmizə hansısa prezident və ya görkəmli siyasi xadim gələndə televiziyada cəmi 2-3 dəqiqəlik süjet verib, hətta prezidentlərin görüşlərindən olduqca ötəri informasiya yayırdılar. Sanki saatlarla reportaj göstərsəydilər, camaatın gözündən düşəcəklərindən çəkinirdilər. Prezident rayonlara səfər edəndə ümumiyyətlə, göstərmirdilər – “ölkə başçısı filan bölgədə olub, əhali ilə görüşüb” deməklə kifayətlənirdilər.

Məhz bu cür təbliğatın olmaması səbəbindən el arasında “cəbhə hakimiyyəti” deyilən Azərbaycanın ikinci milli hökuməti cəmi bir il davam gətirə bildi. Televiziyalarda lazıminca görünməməsi səbəbindən mərhum prezidenti gənc nəslin böyük bir kəsimi yetərincə tanımır. Ötən il cənub bölgəsində olarkən orta məktəbi təzəcə bitirən və test imtahanlarına hazırlaşan bir qızın Əbülfəz Elçibəyi tanımadığını və ümumiyyətlə, onun adını eşitmədiyini söyləyəndə məhz bu qənaətə gəldim. Heydər Əliyev dönəmində heç olmasa, milli hökumətin ayrı-ayrı nümayəndələrini söyməklə, əleyhinə kampaniya aparmaqla tamaşaçıları belə insanların varlığından xəbərdar edirdilər. 2003-cü ildən sonra isə qısamüddətli seçki təbliğatı istisna olmaqla, o dövrün hakimiyyət nümayəndələrinin televiziya ekranlarında görünməsinə ciddi qadağalar qoyulub. Hətta əleyhinə danışılanda belə özlərini göstərmirlər.

Bunları deməkdə məqsədim müasir dünyada televiziyaların nə qədər əhəmiyyətli rol oynamasını ortaya qoymaqdır. BBC, CNN, Euronews və digər nəhəng media quruluşlarını hər gün milyarddan çox insan izləyir. “əl-Cəzirə” telekanalı dünya siyasətinin istiqamətlərini təyin etməkdə əhəmiyyətli rol oynayır: Çeçenistanda, Əfqanıstanda, İraqda və ərəb ölkələrində baş verən hər türlü olayı dünya ictimaiyyətinə çatdırır. Vaxtilə Üsamə bin Ladenin video-çarxları da məhz bu telekanal vasitəsilə yayımlanırdı. Bu səbəbdən də planetimizin aparıcı siyasi gücləri ən əhəmiyyətli silah kimi ilk növbədə televiziyaları inhisara götürürlər – “əl-Cəzirə”dən bizim ATV-yə qədər. Əgər adını birinci çəkdiyim televiziya siyasi olayların rəngini dəyişmək missiyasına xidmət edirsə, bizim milli kanallarımız daha həssas və daha təhlükəli oyunun iştirakçısına çevrilməkdədir.

Bu gün Azərbaycan tele-məkanında ayırma ovqatı, bölücülük, ayrı-seçkilik siyasəti çiçəklənmə dövrünü yaşayır. İnsanların güzəranı ağırlaşdıqca, yaşaması çətinləşdikcə, ekranlarda toy-bayramlar, şənliklər və şou-maskaradlar daha geniş təbliğ olunur. Olduqca ziddiyyətli bir mənzərə yaranıb: TV-lər şoulaşır, qəzetlər kriminallaşır. Və hər ikisi hiss və duyğulara eyni dərəcədə təsir edir, necə ki, buz da, od da insan dərisinə ilk toxunduğunda eyni reaksiyanı yaradır.

Bu gün ailə təməllərini sarsıdan verilişlər tüğyan edir. Ərlə arvadın, ata ilə oğulun, qardaşla bacının arasında yaranmış xırda incikliyi efirə çıxarıb elə dərinləşdirirlər ki, onlar əbədi düşmənə çevrilir. İnsan münasibətlərində bütün həssas körpüləri yandıran TV-lər kimə və nəyə xidmət etdiklərini gözəl anlayırlar. Çünki bu göstəriş elə yerlərdən gəlir ki, heç məmurlarımız da buna qarşı çıxmağa cürət etmirlər. Yadınızdadırsa, ötən il Ramiz Mehdiyev kimi bir nəhəng öz məqaləsində 15-ə qədər verilişin adını konkret çəkərək bunu rüsvayçılıq və Azərbaycan mentalitetinə zərbə adlandırmışdı. Nə oldu? Cəmi bir ay süni qadağalar nümayiş etdirildi, ikinci aydan isə hər şey daha betər şəkildə geri qayıtdı. Əgər Prezident Aparatının rəhbəri bunun öhdəsindən gələ bilmədisə, deməli, bu işi çox-çox böyük qüvvələr təşkil edir. Bir vaxtlar “Qəfəs” adlı iyrənc verilişə qarşı da belə güclü təbliğat aparılmışdı: iqtirarlı-müxalifətli bütün qəzetlərdə 100-ə qədər məqalə yazılmışdı, ziyalı kəsim, ayrı-ayrı vətəndaşlar, hətta nazir səviyyəli insanlar da həmin verilişin dayanmasına nail ola bilməmişdilər. Yalnız prezidentin şəxsi və sərt müdaxiləsindən sonra “Qəfəs” bağlanmışdı. Görəsən ölkə başçısı hazırkı durumda nə edəcək? İslahat faktoru televiziyalara da sirayət edəcəkmi? Yoxsa bu da şou xarakterli olacaq? Nə bilək?

Bu gün televiziyaların formatını dəyişmək lazımdır. Həmişə dediyimi yenə təkrar edirəm: tamaşaçı dalbadal üç Milli Qəhrəmanımızın adını çəkə bilməz, amma birnəfəsə 20-30 şou nümayəndəsinin nəinki adını, hətta kimin sayəsində “ucaldığını” da söyləyə bilər. Çünki indi sayılıb-seçilən, nüfuzlu tele-qonaqlar yalnız şou əhli olur. Hansısa jurnal çıxanda üzünə belələrinin şəkli vurulmasa, “satılmır” deyirlər. Hansısa verilişdə bir şou nümayəndəsi varsa, digərləri alim də olsa, yazar da olsa, hətta qəhrəman da olsa, kölgədə qalır. Bu səbəbdən bəzi zəif iradəli peşə sahibləri özlərini şoulaşdırmaq qərarına gəliblər. Yəqin son illər efirlərimizdə şou-tarixçiləri, şou-psixoloqları, şou-həkimləri, hətta şou-ilahiyyatçıları da görməkdəsiniz. Son vaxtlar da şou-astroloq axtarışına çıxıblar... Dəfələrlə mənəviyyatı zədələyən verilişlərə dəvət almışam. Dəvət bir yana, onlar xahiş (?) edir ki, əvvəlcədən yazılmış ssenarini efirdə şəxsi proqnozum kimi verim, bir sözlə, heç bir elmə, hesablamaya söykənmədən “məclisi” yola verim (Tanınmış köşə yazarı Zamin Hacı yəqin elə bu səbəbdən telekanalları “telekanalizasiya” adlandırır – S.R.). Hörmətli həmkarım Hacı Firudin Qurbansoy da daima imtina mövqeyində dayanıb. Amma efirçilər nəyin bahasına olursa-olsun, bir “astroloq” yetişdirmək fikrinə düşüblər. Son vaxtlar toy verilişlərində açıq-aydın astroloq çağırışı da edilir. Gözləyək görək, bunun axırı necə olacaq?

Belə nəsnələri düşünəndə ortaya maraqlı suallar çıxır: nəyə görə aparıcıların çoxu qadın xarakterli kişilər, yaxud namuslu tamaşaçıların görmək istəmədikləri qadınlardır? Nəyə görə efirə tariximizin hansısa qaranlıq bir səhifəsini işıqlandırmaq üçün alimləri çağırmırlar, əvəzində Dubayda, Türkiyədə və digər ərəb ölkələrində rəqqasəlik edənlərin tərbiyəsiz mübahisələrinə meydan verirlər? Falçı və cadugərlik qanunvericiliklə qadağan olunduğu halda, nədən bütün efirlər belələrinin təbliğinə xidmət edir? Nəyə görə tarixi şəxsiyyətlərimizə ləkə yaxmaq, onları aşağılamaq kampaniyası gedir?.. Suallar çoxdur, fəqət onları cavablandıran aidiyyətli qurumlar görünmür.

Yalnız Dövlət Televiziyası bu kimi hallara yol vermir. Amma o da Azərbaycanı elə təqdim edir ki, sanki tamam başqa bir ölkədən – qayğıdan uzaq, qurdla quzunun mehriban yaşadığı bir məkandan bəhs edir. Bunun da nəticəsidir ki, məmurlardan başqa heç kim bu TV-də xəbər və informasiyalara baxmır (İnsafən deyim ki, bəhs etdiyim televiziyada çox gözəl filmlər nümayiş etdirilir, dublyaj da yüksək səviyyədədir – S.R.)

Bütün televiziyalar özlərini müstəqil hesab edir. Amma desəm ki korrupsiyaya qarşı mübarizə kampaniyası adı ilə təbliğ olunan proses şoudan başqa bir şey deyil, ölsələr də bunu efirə verməzlər. Ən müstəqil telelayihələrdən olan və 18 ildən bəri fəaliyyət göstərən “Qulp” verilişinə də “əl gəzdirirlər”. Əgər 5-6 il öncəyə qədər çəkilişlərdə nə deyirdik gedirdisə, bu gün siyasi “lenti” kəsib atırlar. İstiqamət bəllidir. Bunları qoyaq bir qırağa, tutaq ki, siyasətdir. Neçə dəfə bəyan etmişəm ki, hansı telekanalın cəsarəti varsa, cəmi bircə həftə ABŞ filmi nümayiş etdirməsin. Bəs bunu necə, bacara bilərlərmi? Əsla. Çünki belə etsələr, dərhal həmin telekanal bağlanar. Space kanalı məhz rus filmlərinin nümayişini azacıq artırdığına görə bu gün “cəzalıdır”. Demək olar ki, maddi-texniki bazası qalmayıb. Əgər orada bir veriliş açmaq istəyirsənsə, verilişin hazır diskini televiziyaya təqdim edib gəlirini, çıxarını hesablayandan sonra razılıq alırsan.

Bütün bunları ona görə deyirəm ki, millətini, vətənini sevən hər kəs bu kimi onillər boyu sağalmayacaq yara vuran efirçilərə harda gəldi, etiraz etsinlər: müəllim məktəbdə, jurnalist qəzetdə, imamlar xütbədə, sürücülər avtobuslarda – kimə hansı yer uyğundursa. Təki bu kimi faciələr daha da dərinləşməsin.

Sonda cığal bir yanaşma sərgiləmək istəyirəm. Eurovision-2011 yarışmasında Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, İrlandiya, Norveç, Bolqarıstan, Danimarka, Makedoniya, Serbiya və Sloveniya Azərbaycana səs vermədilər. Deməli, onlar Qarabağ məsələsinin həllində Ermənistanı dəstəkləyirlər. Bu səbəbdən hökumətimizdən tələb edirəm ki, bu ölkələrlə bütün siyasi-iqtisadi, mənəvi-mədəni, yatırım və alver, o cümlədən pul yuduzdurmaq əlaqələrini tamamilə kəssinlər. Qoy ağılları başlarına gəlsin!