Əflatun Amaşova cavab verildi

eflatun-amasova-cavab-verildi
Oxunma sayı: 648

“Bu materiallarda etik çərçivədən kənara çıxan məqamların üstünlük təşkil etməsi heç də birmənalı qarşılanmır. Söhbət Azərbaycan ədəbiyyatının, ictimai fikrinin inkişafında xidmətləri olan şəxslər barədə nalayiq fikir və ifadələrin ictimailəşməsindən getdiyindən məsələ narahatlıq və narazılıq doğurur”.

Şura sədri müraciətində sözügedən qəzetlərə fəaliyyətlərində cəmiyyət qarşısındakı öhdəliklərinə zidd hallara yol verməməyi, diqqətli olmağı, hadisə və proseslərə həssas yanaşmağı tövsiyə edib.
Rauf ArifoğluBəs adıçəkilən qəzet rəhbərləri bu müraciət barədə nə düşünür? Ondan nəticə çıxaracaqlarmı? İki yazarın polemikası bundan sonra da səhifələrdə yer alacaqmı?
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu dedi ki, Mətbuat Şurası yaxşı olardı ki, yazıçı Şamo Arifin özünə müraciət edəydi: “Çünki biz özümüzdən heç nə yazmırıq. Tərəflər bir-birinə nə yazırsa, onları dərc edirik”.
Baş redaktor dedi ki, ölkə ictimaiyyətinin gözü qarşısında Azərbaycanın iki tanınmış ziyalısı söz duelinə çıxıb: “Onların bir-birini təhqir etməsi, əlbəttə ki, üzücü prosesdir. Lakin olduqca maraqlıdır. Bu səbəbdən də özünə tribuna tapır. Lakin Mətbuat Şurası prinsip etibarilə haqlıdır. O, yazıçı Anarı ciddi bir şər-şəbədədən müdafiə cəhdi edib. Lakin bu cəhd olduqca cəsarətsiz ifadə olunub”.
“Yeni Müsavat”ın baş yazarı onu da söylədi ki, bu söz savaşı başlayanda xaricdə olması səbəbindən ona münasibət bildirmək imkanı olmayıb. Bu səbəbdən bunu indi edir: “Anar bir türk milliyyətçisidir. Mənim dilimin, ölkəmin və millətimin var olması, inkişafı və böyüməsi üçün çox işlər görüb. Şamo müəllim də milliyyətçidir. Lakin o, bir kürd milliyyətçisidir. Uzun illərdir ki, şüurlu şəkildə, bacardığı qədər kürdçülüyü təbliğ edir; bəzən Azərbaycanı və türk millətini kiçik düşürmək bahasına olsa da hətta bir çox hallarda tariximizi xəncərləyərək öz fəaliyyətini sürdürür. Hörmətli Şamo Arifin tarixi-mədəni-siyasi iddiaları ilə tanışam. Bir zamanlar söhbətimiz və mübahisəmiz olub. Onun bu iddiaları və ümumiyyətlə bütün fəaliyyəti mahiyyətcə anti-Azərbaycan və anti-türkdür. O, Azərbaycanın, yerli türklərin nəyi varsa - tarixində və indisində - az qala hamısını kürdləşdirmək kimi bir ağlasığmaz xəttin tərəfdarıdır. Bu baxımdan Şamo Arifin bütün fəaliyyəti, yaradıcılığı prinsipcə Anarın bir hekayəsi qədər faydalı deyil, ola bilməz. Konkret mövzuya gəlincə isə hesab edirəm ki, qəzetlərdə suç yoxdu. Suç Mətbuat Şurası da daxil olmaqla, cəmiyyət təsisatlarında, milli ziyalılarımızdadır ki, hər şeyimizə iddia cəsarəti göstərən, bizi bacardığı qədər inkar edən birisinin şər makinasına vaxtında cəsarətli cavab verməyiblər”.
Alı Rza“Azadlıq” qəzetinin redaktoru Alı Rza da hesab edir ki, Mətbuat Şurası bu müraciət məsələsində ünvanı düz seçməyib. Onun sözlərinə görə, “Azadlıq” qəzeti polemika başlayan gündən tərəf tutmadığını bəyan edib: “Qəzet olaraq cəmiyyətin iki tanınmış simasının polemikasından insanların da xəbər tutmasında maraqlıyıq. Hər halda bu iki yazar cəmiyyətə nəyin necə olduğunu anladan insanlardır. Onlara bu dartışmada hansı sözlərdən istifadə etməli olmaları barədə dərs keçə bilmərik. Onlar söz adamlarıdır, cildlərlə kitab yazıblar”.

A.Rza dedi ki, “Azadlıq” qəzeti bu dartışmada tərəflərdən heç birinin ünvanına etikadan kənar söz işlətməyib, sadəcə onlara tribuna verib. Onun fikrincə, əgər Mətbuat Şurası bu polemikanın səviyyəsindən, orada istifadə edilən ifadələrdən narazıdırsa, bununla bağlı polemikada iştirak edənlərə müraciət edə bilər: “Qəzetçi olaraq maraqlı bildiyimiz mövzudan imtina etmək istəmirik. Mətbuat Şurası bu polemikanı cəmiyyətin mənəvi-əxlaqi yönünə mənfi təsir hesab edirsə, polemikanın tərəflərinə müraciət etsin”.

musavat.com