Eh, Sarkozi, Sarkozi

eh-sarkozi-sarkozi
Oxunma sayı: 648

Deyirlər
Sarkozi Bakıya gəlməmişdən qabaq
erməni bacılarının xətrinə dəyməsin deyə
Yerevana da baş çəkib.
Erməni bacıları
başını necə hayıl-mayıl edibsə
əndazədən çıxıb oradan
Türkiyənin bostanına daş atıb.
Cavabı da gecikməyib.
Davudoğlu ona məsləhət görüb ki
uzağa getmək nə lazım,
qoy güzgüdə özünə baxsın.
Sarkozinin çaldığı hava mənə tanışdır.
Bu, uzun illərdir ortaya atılan
erməni kartıdır,
bir oyundur, oyun.
Davudoğlunun sözləri isə
adamı biz az çaş-baş salır.
Sarkozi güzgüyə baxanda
aydın məsələdir ki,
ilk dəfə balaca boyu
bir qədər onda şübhə oyadacaq;
Birdən erməni qızları
onu bu boyda, bu buxunda bəyənməmiş olar.
Bu, Sarkozinin ürəyinə xal salsa da,
hərçənd o qədər də böyük problem deyil
Erməni başbilənləri
belə vəziyyətdən çıxmağın
yollarını yaxşı bilirlər...
Ölkəsinin hər şeyə qadir olduğunu,
Əllərinin çox uzun olduğunu
iddia etsə də
qısa qolları da
Sarkozinin kefinə soğan doğrayacaq
Güzgüdə dediklərinin əksini görüb
bunu da özünə dərd edəcək
Tərslikdən zaman da öz izini qoyub.
Vaxt, dövran dəyişib,
Heç saçının ağlığı da
daha ona üzağlığı gətirməyəcək.
Birdən başını tutub
Min yerə yozaçaq uğursuzluqlarını...
Ay sənin oynun olsun, ay Sarkozi.
Yaxşı deyiblər:
Bir balaca boyu var,
dam dolusu toyu var .
Öz aramızdı, ay Sarkozi
Şəhidlər Xiyabanına getməyi
özünə sığışdırmasan da,
Bakıda bir dəfə də başını dik tutmadın.
Nə üzün güldü, nə eynən açıldı.
Salam-kəlamı da unutdun
Hələ Xəzər sahillərindəki
cazibədarlığı görüb
gözlərin də qamaşırmış
Yəqin erməni bacılarının
halına acıyırmışsan.
Bir yandan da
qarşıdan gələn seçkilərin nigarançılığı...
Başımızın altına yastıq qoya bilməsən də
kipriklərini səyirdə-səyirdə
bir dəfə də nə üçünsə
gələcəyini söyləyibsən.
Gəlsən də, gəlməsən də
bizi yaman məyus etdin, ey dost.
Kaş ki, yolunu
heç Ermənistandan salmayardın.
Vallah,billah
qonşumuz Fatmanisə qarı dursaydı
qonaqsan deyə Bakıda xətrinə dəyməzdi.
Heç gözləməzdi də
bir daha nə vaxtsa gələcəksən.
Bir təhər yol xərci tapıb
gəlib Parisdə pişiyini divara dırmaşdırardı.
Əlindən başqa iş gəlməsə də
yaxanın ermənilərin əlinə
keçməsinə imkan verməzdi
Eh Sarkozi, Sarkozi
Ermənilərin əlinin
neçə-neçə günahsız insanın qanına boyandığını
sən özün bizdən yaxşı bilirsən...