Əhali xəbərdar edir ki...

<b>Əhali xəbərdar edir ki...</b>
Oxunma sayı: 325

Həmişə belədir. Dəyişən hava ölkəni, xüsusən Bakını tamam dəyişir. Bir az çovğun, bir az qar, bir balaca şıdırğı yağış paytaxtı özgə şəhərə çevirir. Yanvarın sonlarında başlayan anomal hava da eyni durum yaratdı. Paytaxtda həyat dondu. İctimai nəqliyyatın işi minimuma endi, qəzetlərin böyük əksəriyyəti çapına fasilə verdi. Bakı-Sumqayıt yolu bağlandı, şəhərətrafı marşrutlar, demək olar ki, dayandı. Hava limanı işləmədi. İşıqda, qazda fasilələr oldu. Hava qaralandan sonra Bakı yiyəsiz qaldı.
Küçələrdə bircə qarla qol-boyun olmuş külək cövlan eləyirdi.

Bir daha xatırladıram: əlaqədar orqanlar öncədən əhalini xəbərdar eləmişdilər. Xəbərdarlıqlarda adama elə gəlirdi qiyamət lap yaxındadır, gözlənilən qar-çovğun nəsə müdhiş təbiət hadisəsi olacaq. Onsuz da ölkədən “2012 ovqatı” bütün üsullarla ictimai rəyə yeridilir.

Nə baş verdi? Həmişəki Bakı küləyiydi, qarı sovururdu... Saniyədə 20-25, hətta 30 metrə çatan külək sürəti sahil şəhəri olan Bakı üçün nə vaxtdan qeyri-adi sayılıb? Qarın hündürlüyü də elə çox deyildi. Havanın temperaturu aşağı düşmüşdü, di gəl, bu, cavabdeh məmurların isti otaqlara çəkilməsinə səbəb ola bilməzdi. Əlaqədar instansiyalar əhaliyə xəbərdarlıq eləməklə işlərini bitmiş saymasaydılar, şəhər təsərrüfatını küləyin öhdəsinə buraxmasaydılar, həyat iflic olmazdı.

Qarı təmizləməli, küçələrə qum, duz səpməli, köməksiz insanlara yardım göstərməli, bir sözlə, işləməyə borclu məmurlar efirdə, ekranda müsahibə verib, məşğul görkəmlərini nümayiş elətdirdilər, ancaq onların özlərinə və fəaliyyətlərinə nadir hallarda rast gəlmək mümkün idi.

Öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu xəbərdarlıq yaydı: hava pisləşəcək.

Dalısıyca Dövlət Yol Polisinin xəbərdarlığı gəldi: yaxşı olar ki, sürücülər küçələrə çıxmasınlar.

Səhiyyə Nazirliyinin təcili yardım xidməti əhalidən xahiş elədi ki, hava şəraitiylə əlaqədar zərurət olmadığı halda təcili yardıma müraciət eləməsinlər, küçəyə çıxmasınlar, avtomobillərdən istifadə etməsinlər.

Fövqəladə Hallar Nazirliyinin fevralın 2-də yayılmış xəbərdarlığında da vətəndaşlardan şəhərdə hərəkət məhdudiyyəti xahiş olunurdu...

Daha səmərəli təklif var! Müvafiq orqanları öncədən əhali xəbərdar eləsin: hava pisləşəcək, zəhmət olmasa, insanları köməksiz qoymayın, vəzifə başında olun. Zəhmət olmasa, işığı-qazı verin, küçələri təmizləyin, sevə-sevə ekrandan xalqa göstərdiyiniz texnikanı istifadəyə buraxın.

Bu xəbərdarlıq müraciətləri hər fəslin başlanğıcında olunsa, daha yaxşı effekt verər...


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi