Əhəd Abıyev “qızıl-qızıl” deyir

ehed-abiyev-qizil-qizil-deyir-
Oxunma sayı: 711

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin “Yeni Müsavat”a verdiyi məlumata görə, Çovdar qızıl yatağının istismarı ilə məşğul olacaq qızıl zavodunun açılışı olacaq. Açılışın dəqiq günü hələ bəlli olmasa da prezident İlham Əliyev açılışda şəxsən iştirak edəcək: “Açılışa hazırlıq işləri gedir. Bu, unikal zavod olacaq və Azərbaycan iqtisadiyyatına ciddi töhfə verəcək. Daşkəsəndə bu cür böyük zavodun açılması rayon üçün böyük əhəmiyyətə malikdir. Zavodda çoxlu sayda Daşkəsən sakini işlə təmin olunacaq. Kənd yerlərində bəzi insanları işə düzəltməklə bağlı biz çətinlik çəkirik. İşlə təminatında çətinlik çəkdiyimiz həmin insanlar orada işləyəcəklər”.

İcra başçısı Daşkəsənin sosial-iqtisadi problemlərinin aradan qaldırılması üçün bu il dövlətin ciddi dəstəyinin olduğundan da danışdı: “40 ildə görülməyən, olmayan işlər bu il Daşkəsəndə həllini tapır. Cənab prezidentin sərəncamı ilə bu il Daşkəsəndə standartlara uyğun yol çəkilir. Ucqar dağların ətəyi ilə yollar çəkilir. Dağlıq rayon üçün bu cür yol son dərəcə böyük əhəmiyyət kəsb edir. Əvvəllər yol olmaması və ya yolların normal olmaması qış aylarında bir çox kəndlərə gediş-gəlişi mümkünsüz edirdi. Artıq bu problem həllini tapır. 9 məktəb tikilib təhvil verilmək ərəfəsindədir. İki uşaq bağçası, şəhid ailələri üçün iki ədəd iki mərtəbəli 16 mənzilli bina tikilib. Bütün bunlar onu göstərir ki, Daşkəsəndə problemlər öz həllini tapır”.

Əhəd Abıyev Bakı rayonlarından birinə icra başçısı təyin ediləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirdi. O qeyd etdi ki, hansısa rayona icra başçısı təyinatı məsələsi birbaşa ölkə prezidentinin səlahiyyətindədir: “Prezident hansı qərarı qəbul etsə, bizim vəzifəmiz o qərara tabe olmaqdır. Hazırda isə mən Daşkəsən rayonunda işləyirəm. Mən Daşkəsəndə yeni işləyirəm, başlanan işləri burda qoyub hara gedə bilərəm? Burda ən azı iki il bu işləri həyata keçirməliyəm. Cənab prezidentə söz vermişəm. Prezidentin də göstəriş və tövsiyələri olub. O göstərişlərdə və tövsiyələrdə nəzərdə tutulan məsələləri biz ancaq iki ilə həyata keçirə bilərik”.