Belarusda seçkisonrası etirazlarda 3 min nəfər saxlanıldı - Yenilənib

belarusda-seckisonrasi-etirazlarda-3-min-nefer-saxlanildi
Oxunma sayı: 4007

Belarusda avqustun 9-da keçirilən prezident seçkilərində səsvermə başa çatdıqdan sonra Minskdə və digər şəhərlərdə kütləvi etirazlar başlayıb.

“Qafqazinfo” xəbər verir ki, davam edən etirazlarda 80-dən çox şəxs saxlanılıb. Güc strukturlarının nümayəndələri etiraz aksiyasını dağıtmaq məqsədilə gözyaşardıcı qazdan, həmçinin səs qumbaralarından istifadə ediblər.

“Xahiş edirəm, təxribatlara və ictimai asayişin pozulması yönündə çağırışlara yol verməyin. Hüquq-mühafizə orqanları konstitusiya quruluşunu qorumaq üçün bütün mümkün tədbirləri görəcək”,- deyə Belarus İstintaq Komitəsinin rəhbəri İvan Noskeviç bildirib.

Bu gün səhər isə iğtişaşlar faktı ilə cinayət işləri açılıb. Onların iştirakçıları və təşkilatçıları 8 ildən 15 ilə qədər həbs cəzası ilə üzləşə bilərlər.

Qeyd edək ki, dünən Belarusda keçirilən prezident seçkilərində hazırki Prezident Aleksandr Lukaşenko 81 faiz səs toplayaraq qalib olub. Müxalif namizəd Svetlana Tixanovskaya isə yalnız 8 faiz səs toplaya bilib.

***

Belarusun "Vesna" İnsan Hüquqları Mərkəzinin məlumatına görə, icazəsiz etiraz aksiyaları zamanı ən az 213 nəfər saxlanılıb.

Saxlanılanların əksəriyyətinin Minskdə olduğu bildirilib. Bunlardan 40-nın seçki məntəqələrinin yaxınlığında, 70 nəfərin isə etiraz aksiyaları zamanı saxlanıldığı qeyd olunub.

***

Belarus Daxili İşlər Nazirliyinin sözçüsü Olqa Çemodanova verdiyi açıqlamada, ölkənin 33 yaşayış məntəqəsində icazəsiz nümayişlərin keçirildiyini bildirib.

"Ölkədəki icazəsiz nümayişlərdə təxminən 3 min nəfər saxlanılıb. Onlardan 1000-ə yaxını Minskdə, 2 mindən çoxu isə ölkənin digər yerlərində saxlanılıb ”,- deyə Çemodanova vurğulayıb.

Bundan əlavə, Çemodanova etirazçılara qarşı silah tətbiq edilmədiyini və hadisələrdə ölənlərin olmadığını bildirib.

Belarus mətbuatının Səhiyyə Nazirliyinin mənbələrinə istinadən verdiyi xəbərlərdə isə nümayişlərdə 39 polis əməkdaşının və 50-dən çox etirazçının yaralandığı qeyd edilib.