Elçibəyin ailəsinə veriləcək pulun məbləği açıqlandı

elcibeyin-ailesine-verilecek-pulun-meblegi-aciqlandi
Oxunma sayı: 650

“Qafqazinfo” xəbər verir ki, fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Azadlıq radiosuna problemin qısa müddətdə həll olunacağını bildirib: «Qanunvericiliyə uyğun olaraq vətəndaş pensiya təyinatı üçün qeydiyyatda olduğu ərazi üzrə Fondun yerli orqanına müraciət etməlidir. Təəssüflər olsun ki, qanun qüvvəyə mindiyi andan indiyədək Elçibəyin ailəsi Fonda müraciət etməyib. Bu səbəbdən onlara pensiya təyin etmək mümkün olmayıb. Nəhayət, məsələni mətbuatda qaldırıblar».

Elman Babayevin dediyinə görə, Fondun Binəqədi rayon şöbəsinin əməkdaşları dəfələrlə ailənin qeydiyyatda olduğu ünvana getsə də, onları tapa bilməyib: «Bu gün məcbur qalıb Ərturqut bəyin mobil telefonunun nömrəsini tapmışıq və ona müraciət etmişik ki, sənədləri şöbəyə təqdim etsin. İndi o, Bakıda deyil. Bununla belə, artıq bəzi məlumatları aldıq və indi təyinat aparılır. Qanunla müəyyən edilən müavinət onlara ödənəcək».

Elman Babayev deyir ki, qanunla Elçibəyin xanımı ayda 3750 manat alacaq. Bundan başqa, ötən aylarda yığılıb qalan məbləğ – təxminən 13 min manat isə birdəfəlik ödənəcək.

Eks-prezident Ayaz Mütəllibov da qanunla ona düşən müavinəti alır. Bunu da Elman Babayev deyir: «Ayaz müəllim özü keçən ay müraciət etmişdi. Artıq pensiya ödənilir və kartını da bizdən götürüb».

«Eks-prezidentlər haqqında» qanuna əsasən, keçmiş prezident indiki dövlət başçısının aylıq əməkhaqqının 50 faizi qədər pensiya almalıdır. Keçmiş prezidentə həmçinin 3 nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Keçmiş prezident vəfat etdikdə isə onun aldığı pensiyanın 50 faizi məbləğində aylıq müavinət həyat yoldaşına ödənilir.