Xəbər verdiyimiz kimi, “Qarabağ” sabah UEFA Konfrans Liqasının 1/8 final mərhələsində Belçikanın “Gent” klubu ilə cavab qarşılaşmasına çıxacaq.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubu evdə 1:0 hesablı qələbə qazandığından növbəti mərhələ üçün daha şanslı komanda sayılır.
Sabah saat 23:00-da başlayacaq matç üçün cəmi 9 min biletin satıldığı bildirilib. 11 min bilet isə hələ də sahibini gözləyir.
Digər tərəfdən rəqibin heyətində ciddi itkilər var. Komandanın kapitanı Vadis Odjidja-Ofoe uzun müddətdir ki, zədəlidir. Bundan başqa Tarik Tissoudali, Matisse Samoise, Kamil Piatkovski və Cozef Okumu sıradan çıxıb.
.jpg)
Belçikalı jurnalistlər də bu matçda “Qarabağ”ı daha şanslı sayır. Nieuwsblad.be nəşrinin müxbiri Stefan Smet Azərbaycan təmsilçisinin daha üstün olduğunu bildirib: ““Qarabağ” bu matçın favoritidir. Onlar Bakıda daha güclü olduqlarını göstərdilər. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın ikinci yarısında Azərbaycan təmsilçisi demək olar ki, meydanda tam üstünlüyə sahib idi. Nəzərə alaq ki, “Gent”in çox vacib itkiləri var. Ona görə də mərhələ adlamaq çətin olacaq.
Üstəlik, oyuna maraq da azdır. Çünki Konfrans Liqası Belçikada elə də məşhur deyil. Çempionlar Liqasında oynayan komandaların matçlarına daha çox maraq var. Amma Covid-19 epidemiyasından sonra Belçikada futbola maraq azalıb. Avropada iqtisadi böhran var. Bütün bunlar azarkeşlərin meydana axınına təsir göstərir. Sabahkı oyunda 11-12 min azarkeşin olacağını deyə bilərəm”.

O, “Gent” üçün çempionatın daha vacib olduğunu gizlətməyib: “Sabahkı oyun komanda üçün vacibdir. Amma bazar günü çempionatda oynayacaqları matç daha önəmlidir. Çünki “Gent” növbəti mövsüm də avrokuboklarda çıxış etmək istəyir. İtkilərin fonunda çempionata daha çox köklənməyə məhkumdur”.
S.Smet Azərbaycan futbolu haqqında çox məlumata sahib olmadıqlarını da sözlərinə əlavə edib: “Azərbaycan futbolu burada çox tanınmır. “Qarabağ”ın oyunlarından sonra müəyyən qədər məlumat var. Amma ümumi çox azdır. Yalnız “Neftçi”də çıxış edən Kenni Sayef kimi futbolçuların sayəsində müəyyən məlumatlar ortaya çıxır. Çünki o, “Gent”də çıxış edib”.
.jpg)
Jurnalist Valerie van Avermaet “Gent” üçün Belçika Jupiler Liqasının daha vacib olduğunu düşünür: “Açığı, “Gent” qeyri-sabit komandadır. Bəzən yaxşı oynayır, bəzən isə zəif. Sabah əgər komanda yaxşı günündə olsa, “Qarabağ”a müqavimət göstərəcək. Əks-halda Azərbaycan təmsilçisi mərhələ keçəcək. Futbolda hər şeyin baş verdiyini nəzərə alsaq, şansları 50-50 dəyərləndirmək olar. Amma “Gent”in heyətində çox ciddi itkilər var. Bu baxımdan “Qarabağ” müəyyən qədər şanslıdır. Üstəlik, azarkeşlər də oyuna çox maraq göstərmirlər. Matç 21:00-da olacaq, bundan başqa komanda yaxşı oynamadığı üçün bir çox fanat tribunalarda yerini almayacaq”.
Qeyd edək ki, “Qarabağ” sabah “Gent” səddini keçərsə, Azərbaycan futbolunda növbəti tarixi hadisəyə şahidlik edəcəyik. İlk dəfə ölkəmizin təmsilçisi avrokuboklarda 1/8 final mərhələsinə vəsiqə qazanacaq.
Son xəbərlər
Son Xəbərlər