Eldar Əzizov prezidenti Sumqayıtda qarşıladı

eldar-ezizov-prezidenti-sumqayitda-qarsiladi
Oxunma sayı: 683

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov prezidentə görüləcək işlərlə bağlı məlumat verib. Dövlət başçısı yenidənqurma və abadlıq işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş abadlıq işləri barədə məlumat verilib.

Daha sonra dövlət başçısı Nəsimi adına Sumqayıt dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişi ilə tanış olub. Azərbaycan prezidenti parkın gələcək vəziyyətini əks etdirən stendlərə baxıb. İlham Əliyevə parkda görüləcək içlərlə bağlı məlumat verilib.

Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
Sonra parkın ərazisini gəzib.

Daha sonra prezident Sumqayıt şəhər 1 saylı Uşaq- Gənclər İdman Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib və məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı idmançılarla görüşüb, onlarla söhbət edib. Daha sonra Prezident İlham Əliyev məktəblə tanış olub.

Dövlət başçısı məktəbin boks trenajor, voleybol, basketbol, fitnes, tennis, boks zallarına və hovuza baxıb, idmançıların nümunəvi çıxışlarını izləyib. Sonra Sumqayıt şəhərinin mərkəzində Heydər Əliyev parkında aparılan abadlıq və quruculuq işləri ilə tanış olub, parkda tikiləcək Heydər Əliyev Muzeyinin fotoeskizlərinə baxıb.

Prezident Kimyaçı Mədəniyyət Sarayında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub, sarayın həyətində Heydər Əliyev meydanının yenidən qurulmasını əks etdirən stendlərə baxıb, Sumqayıt şəhərindəki Cümə məscidində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə də tanış olub. Məscidin axundu görüləcək işlərlə bağlı məlumat verib. Bildirilib ki, məsciddə yeni minarə də tikiləcək. Cümə məscidinin axundu dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə edib.

Sonra Prezident İlham Əliyev Sumqayıt Texnologiyalar Parkında yüksəkgərginlikli elektrik avadanlığı zavodunun fəaliyyəti ilə tanış olub. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev zavod haqqında məlumat verib.

Bildirilib ki, müəssisədə dünyanın ən qabaqcıl texnologiyaları ilə hazırlanmış avadanlıq, eləcə də Finlandiya, Almaniya və Türkiyə istehsalı olan əymə, lazer kəsmə dəzgahları və ABŞ-dan alınmış laboratoriya sınaq qurğuları quraşdırılıb.

Prezident İlham Əliyev müəssisənin günəş kollektorları və istilik qazanları istehsalı sexini gəzib.
Daha sonra Sumqayıt Texnologiyalar Parkında qaynar sinkləmə zavodunun fəaliyyəti ilə tanış olub.
Məlumat verilib ki, uzunluğu 15 metrə qədər olan polad məmulatın sinklənməsinə tam şəraitin olduğu zavodda tətbiq edilən texnologiya yüksək səmərəli və ekoloji təmiz istehsal prosesini təmin edir.
Qeyd edildi ki, zavodun ən son və müasir texnologiyalarla təchiz olunması buraxılan məhsulların keyfiyyətinə və uzunömürlülüyünə tam zəmanət verir.

Bununla da Azərbaycan Prezidentinin Sumqayıta səfəri başa çatıb.