“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlaması ölkəyə hansı dividendləri gətirəcək?
- Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına qəbul edilib. 13 ildə ilk dəfədir ki, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Avropa bu gün çox çətin, gərgin və böhranlı bir dövrünü yaşayır. Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə - 47 ölkəni birləşdirən bir təşkilata məhz belə bir dövrdə sədrlik etməyə başlayır. Bu o qədər asan olmayan, amma çox şərəfli, əhəmiyyətli bir məsələdir.
Bu gün Avropada müxtəlif tendensiyalar müşahidə olunur. Həm iqtisadi böhran, həm də Rusiya-Ukrayna məsələsi ilə bağlı siyasi böhran mövcuddur. Digər tərəfdən Avropanın dünyada gedən prosesləri nə qədər obyektiv qiymətləndirib-qiymətləndirmədiyi göz qabağındadır. Avropa təşkilatlarında ikili standartlar baş alıb gedir. Azərbaycanın belə bir çətin və mürəkkəb dövrdə Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsi heç də adi, asan iş deyil. Azərbaycan həmişə çox ciddi, məsuliyyətli və düşünülmüş addımlar atıb, bundan sonra da atacaq.
- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədri kimi prioritetləri nədir?
- Bununla bağlı geniş açıqlama verilib. Prioritetlər sırasında korrupsiyaya qarşı mübarizə, cəmiyyətlərdəki həssas qruplarla işləmək və digər məsələlər göstərilib. Bizim əsas prioritetimiz Azərbaycanın müstəqilliyini Avropada və dünyada daha yüksək səviyyədə təmsil etməkdir. Avropa Şurası çox mühüm qurumdur. Amma dünyada dövlətin, millətin müstəqilliyindən, azadlığından vacib heç nə ola bilməz.
- Nazirlər Komitəsinə sədrlik edən ölkənin qərarların qəbulunda həlledici rolu varmı, yoxsa bu, sadəcə formal sədrlikdir?
- Azərbaycan bir ölkə kimi, xarici işlər naziri Elmar Məmmədyarovun timsalında, 6 ay müddətində Avropa Şurasına üzv olan ölkələrin xarici işlər nazirlərinin komitəsinə sədrlik edəcək. Bu da o deməkdir ki, həmin 47 ölkənin birgə gəldiyi fikirləri ifadə, təhlil və təqdim edən Azərbaycan olacaq. Ancaq bu o demək deyil ki, artıq orada bütün məsələləri Azərbaycan həll edir. Azərbaycan qeyri-daimi üzv kimi BMT Təhlükəsizlik Şurasına da sədrlik edib. Sədrlik etmək o demək deyil ki, orada yalnız Azərbaycanın mövqeyi əksini tapır. Sadəcə, Azərbaycan Təhlükəsizlik Şurasına daxil olan ölkələrinin mövqeyini həm təqdim edirdi, həm də bu mövqelərin öz mövqeyi ilə üst-üstə düşməsi məsələsinə diqqət yetirirdi.
- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlar prosesinə təsir edə, problemin həllini sürətləndirə bilərmi?
- Birincisi, Avropa Şurası Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini çoxdan - Azərbaycan bu quruma qəbul olunma ərəfəsində olduğu vaxt birmənalı bildirib. Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və biz quruma bu formada qəbul edilmişik. Bunu yaddan çıxarmaq lazım deyil. Ermənistan istisna olmaqla bütün üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Biz Avropa Şurasında üzv kimi fəaliyyətə məhz bu şərt təmin olunduğuna görə başlamışıq.
İkincisi, Avropa Şurası 2005-ci ildə qətnamə qəbul edib, Azərbaycanın Dağlıq Qarabağ hissəsinin və Dağlıq Qarabağ ətrafındakı rayonların işğal olunduğunu, ermənilərin etnik təmizləmə apardığını konkret sənədlə təsdiqləyib. O ki qaldı indiki duruma, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə, BMT-nin ən nüfuzlu instansiyası olan Təhlükəsizlik Şurasına sədrlik etməsi, ümumiyyətlə dünyada gedən proseslərdə aktiv iştirakı onun gücünə dəlalət edir. Belə olan halda da Dağlıq Qarabağ problemi, bu problemin indiyə qədər həllini tapmaması məsələsi aktuallaşır. Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi də bu məsələni aktuallaşdıracaq. Biz Avropa Şurasının Dağlıq Qarabağla bağlı mövqeyinə şübhə etmirik, bu mövqenin Ermənistan istisna olmaqla bütün dövlətlər tərəfindən qəbul edildiyini də bilirik.
- Avropanın Azərbaycandan yerinə yetirilməsini istədiyi məsələlərdən biri Bakıda böyük şəhər bələdiyyəsinin yaradılması və mer seçkisinin keçirilməsidir. Bu məsələyə hazırda hökumətdə baxılırmı? Sizcə, Bakıda mer seçkisinin keçirilməsinə ehtiyac varmı? Yaxın müddətdə Azərbaycan bunu həll edə bilərmi, yoxsa bu məsələ gündəmdə deyil?
- Bələdiyyələrin inkişafına hökumət, parlament xüsusi qiymət və əhəmiyyət verir. Avropa Şurasında da bununla bağlı xüsusi bölmə mövcuddur. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində bizim nümayəndə heyətinin fəaliyyəti göz qabağındadır. Azərbaycanın bu istiqamətdə gördüyü işlər çox əhəmiyyətlidir. O ki qaldı konkret şəhərlərə, regionlara, hər bir ölkənin, Avropa Şurasına daxil olan hər bir məmləkətin öz maraqları, fikirləri var. Avropa Şurasında hər sənəd Azərbaycan üçün mütləq əhəmiyyət daşımır. Onların hamısı məsləhət xarakterlidir. Ona görə biz bu məsələlərə baxmalı, təhlil etməliyik.
Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri arasında alternativ hərbi xidmətin yaradılması da var. Alternativ xidmətin yaradılması ilə bağlı qanun layihəsi üzərində işləyirik, Venesiya Komissiyası, Avropa Şurası ilə məsləhətləşmələr aparırıq. Amma hamı çox gözəl bilir ki, müharibə hələ bitməyib. Mənə bir ölkə göstərin ki, torpağı işğal altında ola-ola alternativ hərbi xidmətlə bağlı qanun qəbul edir. Ermənistan tələsik bu qanunu qəbul etdi. Amma Ermənistan torpaq işğal edib, marağı odur ki, bu məsələni ört-basdır etsin. Guya bu ölkənin ordusu cinayət törətməyib, torpaqları işğal etməyib, insanları öldürməyib. Demək istəyir ki, “baxın, hətta alternativ xidmət haqqında da qanun qəbul etmişik”. Bu, gözdən pərdə asmaq üçündür, hiyləgər bir siyasətdir. Ermənistan bunu dünya ictimaiyyətini aldatmaq üçün edir. Amma biz işğal altında olan ölkəyik. Ona görə də alternativ hərbi xidmətlə bağlı məsləhətləşmə aparsaq da, qanun layihəsi üzərində işləsək də, hələ yekun olaraq nəyisə qəbul etməmişik. Bunun səbəbini Avropa Şurası, dünya ictimaiyyəti yaxşı başa düşür. Ona görə əvvəlcə Avropa Şurasından gələn qanun layihələrinin, məsləhətlərin Azərbaycanın maraqlarına nə dərəcədə uyğun olub-olmadığına baxmaq, bu barədə fikir mübadiləsi aparmaq, sonra qərar qəbul etmək lazımdır.