“Təəssüf ki, mənim bugünkü iclasda səsləndirdiyim fikirlər bəzi xəbər portallarında təhrif olunaraq verilib. Guya, mən bulaqlardan istifadənin qadağan olunmasını təklif etmişəm. Bu, tamamilə yanlış informasiyadır”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. Deputat bildirib ki, Milli Məclisin Aqrar siyasət komitəsində şirin su mənbələri, meşələrin qorunması və ümumiyyətlə, bununla bağlı qanunlara uyğunlaşdırma və dəyişikliklər müzakirə olunub.
Millət vəkilinin sözlərinə görə, o da müzakirə zamanı qanunauyğun olaraq fikirlərini bildirib və dedikləri ictimaiyyətə təhrif olunaraq çatdırılıb:
“İclasda qeyd etmişəm ki, Azərbaycanda, ümumiyyətlə, şirin su mənbələri azdır. Bu səbəbdən onların qorunub saxlanılması vacibdir. Fikirlərimin mahiyyəti bundan ibarət olub ki, dərələrin qurumasının qarşının alınması üçün bulaqlardan səmərəli istifadə olunmalıdır. Təəssüf ki, mənim bu fikrim bəzi xəbər portallarında təhrif olunaraq verilib. Onlar stenoqrama müraciət edə bilərlər və xahiş edirəm ki, orada necə qeyd olunubsa, öz xəbər portallarında o formada versinlər. Bu kimi yayılan yanlış informasiyalar ziyalıları çaşdırır, deputatları gözdən salır. Görünür ki, jurnalistlərin bəziləri ölkədən kənardan da sifariş alırlar ki, bu gün insanları qıcıqlandıracaq informasiyalar yaysınlar. Ümumiyyətlə, millət vəkillərinin fikirlərinin təhrif olunması doğru deyil”.
Son xəbərlər
Son Xəbərlər