“Belə taktikayla hücumlarımızın qarşısını almağı düşünürlər” - Qurbanov

bele-taktikayla-hucumlarimizin-qarsisini-almagi-dusunurler
Oxunma sayı: 4154

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniyanın “Kukesi” klubuyla cavab oyunu öncəsi mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, “Azərsun Arena”da jurnalistlər qarşısına çıxan təcrübəli mütəxəssis əvvəlcə sabahkı matça hazırlıq haqda danışıb. 

 - Çox vacib oyuna çıxacağıq. Səfərdə  qolsuz bərabərlik olsa da, evdə qol buraxmamaq meydan sahibi üçün üstünlükdü. Çünki rəqib meydanında vurulan qol 2-yə bərabər olacaq. Həddən artıq diqqətli, ehtiyatlı olmalıyıq. Bəzən tələsmək də lazım olacaq. Oyunun gedişatında çalışmalyıq ki, hər epizodda düzgün qərar verək. Futbolçuların demək olar hamısı oyuna hazırdı. Çalışırıq ki, oyun planında bəzi detalları yaxşılaşdıraq. Rəqib də açıqlamalarıyla göstərir ki, inamlıdı və cavab matçına ciddi hazırlaşıblar. Hər şeyi edəcəyik ki, sabah sərfəli nəticə bizim tərəfdə olsun.
 
- İlk oyundan sonra “Kukesi” haqda hər şeyi öyrənə bilmisiniz?
-  Bəli, rəqibi daha yaxından tanıdıq. “Kukesi”nin oyun sistemində, hətta əsas heyətdə dəyişikləri oldu. Sabah çox dəyişiklik olmasını gözləmirəm. Bəzi dəyişiklərə hazır olmalıyıq və bunu futbolçulara çatdırmışıq.
 
-  Rəqibin “Qarabağ”ın güclü rəqib olduğunu qeyd etməsi arxayınlaşdırma taktikası ola bilərmi?
-  Yüz faiz ola bilər. Bizim futbolçular təcrübəlidi və oyuna necə hazırlaşmaq lazım olduğunu bilirlər. Rəqibin açıqlamaları oyunumuza yaxşı və ya pis təsir etməməlidi. Özümüz oyuna yaxşı hazırlaşmalıyıq. Bəzi fikirlər bizə siqnal verir.
 
-  Delarjla Emeqara start heyətdə çıxmağa hazırdırlar?
-  Hər ikisi hazırda istədiyimiz formada deyil. Ancaq ən azından birinin start heyətdə olmaq ehtimalı verir. Çox güman, bu, Emeqara olacaq. Sabah tam qərar verəcəyik.
 
- Rəqib ilk oyunda sanki “avtobus düzmüşdü” və qapıya heç bir zərbəmiz olmadı. Sabah bunun əksini görə biləcəyik?
-  "Avtobus” sözü son vaxtlar dəb halını alıb. Belə şeylərə fikir vermirəm. Belə taktikayla bizim hücumların qarşısını almağı düşünürlər. Hər bir halda, sabah qol vurmağı düşünürük və düşünməliyik. Ancaq qol müxtəlif oyun epizodlarından ola bilər. Sabah qol vurmaq üçün çox yollar axtarmalı olacağıq. Ancaq biz təkcə qol vurmaq yox, top buraxmamaq haqda da düşünməliyik. Yalnız qol vurmağı düşünsək, top buraxa bilərik.
 
- Komandanın qol buraxmaq istəyi pis alınmır. Anca qol vurmaq istəyi alınmır – 3 oyuna cəmi 1 qol. Bu, sizi narahat edirmi?
- Bunun yaxşılaşması üçün addımlar atacağıq. Az qol vurmağımız bizi narahat edir. Belə turnirlərdə qolların sayı az olur. Hər bir halda əsas qol vurmağı düşünürük. 
 
- “Qarabağ” ilk oyunda ustalıq səviyyəsinə görə üstün idi və rəqib evdə qapandı. Səfərdə də belə oynayacaqlar. Həmkarınız Armando Kunqu isə penaltilər üzərində çalışdıqlarını qeyd ediblər. Ancaq belə görünür ki, “Qarabağ” bunu istəmir...
- Əlbəttə, məsələni 90 dəqiqədə həll etmək istəyirİk. Hər bir məşqçinin fikirlərinə hörmətlə yanaşmalıyıq. O, komandanı bu cür hazırlaşdırır. Sabah oyunun taleyi istənilən halda həll olunacaq. Hər şeyə hazır olmalıyıq. Hesab edirəm ki, təcrübəmiz məqsədə çatmağa kömək edəcək.
 
-  Zubir zədəsini sağaldaraq oynamağa hazırdı?
-  Üç məşq edib komandayla. Oynamaq ehtimalı var. Səhər məşqimiz də olacaq və bundan sonra yekun qərarımızı verəcəyik.