Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir

bele-usaqlarin-86-ini-valideynler-ozu-yetim-edir
Oxunma sayı: 7508

Ailəsizlik, kimsəsizlik ağırdır. Hazırda dünyada 24 milyon uşaq alternativ qayğı müəssisələrində (internat evləri, ailə əsaslı uşaq kəndi) yaşayır. Hər 3 uşaqdan 1-i həmin müəssisələrdə zərərli şərtlər riski ilə üzləşir. Azərbaycanda hər yüz min uşaqdan 386-sı alternativ qayğı ilə əhatə olunub. Belə uşaqların 86%-i valideynlərin tələbi ilə uşaq müəssisələrinə (kobud desək, uşağına könüllü yetim” statusunu verir) yerləşdirilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış sosioloq Cavid İmamoğlu bəyan edib. 

“Atılmış uşaqlarla yanaşı ətrafımızda valideynləri vaxtsız həyatdan köçmüş, yaxud məhkumluq həyatı olan, ata və ananın sağlamlıq imkanı məhdud olan uşaqlar var ki, onların başqalarının himayəsinə mütləq ehtiyacı var. Bizdə alternativ qayğı deyəndə, internat evləri və ya uşağın 2-ci, 3-cü dərəcəli qəyyumluq yolu ilə onu qanadı altına almış qohumlar  nəzərdə tutulur. Qohumların kimsəsiz uşağa sahib çıxması milli və gözəl ənənəmizdir.  Amma alternativ qayğı deyiləndə burada başqa bir yardım modeli də var ki, bu da himayədər (foster) ailə formasıdır, bu uşağa heç bir qohumluq əlaqəsi olmayan ailənin onu doğmalaşdırmasıdır. Başqa sözlə, bu ailə modeli bir qədər bizim üçün qeyri-ənənəvi formadır".

Hazırda SOS uşaq kəndləri Assosiasiyasının həm də ictimai vəkillik üzrə məsləhətçisi olan  C. İmamoğluna görə, təmsil etdiyi qurum BMT-nin Uşaq Hüquqları Konvensiyası, yerli qanunvericiliyə- Ailə məcəlləsi, "Uşaq hüquqları", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Sosial xidmət haqqında" qanunlara və "De-institutlaşdiırma və alternativ qayğı" Dövlət Proqramına əsasən fəaliyyət göstərir. Bakı və Gəncədə SOS uşaq Kəndləri var, Sumqayıtda isə həm də Gənclər evi və təhsil proqramları işləyir. 17 ildir, SOS Uşaq Kəndi onlarla uşağa, gəncə ailəsi kimi yanaşır”.

Yad uşağı öz uşaqlarınıza qatıb böyüdə bilərsinizmi?

BMT-nin uşaqların hüquqlarını təmin edəcək saysız tövsiyyələri var. Onlardan biri də uşaqlar üçün alternativ qayğıya dair qaydalardır. Həmin qaydalarda ana xətt uşaqların ailə mühitindən kənarda, bioloji valideynlrdən ayrı böyüməməsi vurğulanır və təşviq edilir. BMT qaydalarında əsas iki prinsip yer alır: zərurət və uyğunluq. Bu o deməkdir ki, uşaqlar yalnız ən son halda ailədən kənarda qayğı görə bilər. Bu gün çoxunun bəhanəsi olan yoxsulluq, uşaqdan imtina üçün əsas verə bilməz! Digər məsələ isə uşaq yalnız ona uyğun olan yerdə, mühitdə böyüməlidir, o himayəyə götürülsə belə, hüquqları pozula bilməz. Azərbaycanda kimsəsiz uşaqların himayəsi və alternativ qayğı ilə bağlı Dövlət Proqramı(2006-2015) iki il əvvəl bitsə də, onun gözlənilən nəticələri barədə ictimaiyyət kifayət qədər məlumat ala bilməyib. Halbuki proqramda ailələrə verilən uşaqların sayı artırılmalı, internat tipli müəssisələrdəki uşaqlar ailə əsaslı sosial xidmət sistemi ilə əvəz olunmalı idi. İndi ölkədə barmaqla sayılacaq  ailə tipli uşaq evi var ki,  buna SOS Uşaq kəndini nümunə göstərmək olar.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin ictimayyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov bildirib ki, Azərbaycanda hələ sovet dövründən kimsəsiz uşaqlar 3 yaşınadək Səhiyyə Nazirliyi tabeliyində, daha sonra isə Təhsil Nazirliyinin nəzdnindəki  müəssisələrdə böyüyürdü. Bu gün görülən işlər nəticəsində internat evlərinə yerləşdirilən uşaqların sayında müəyyən azalma müşahidə edirik. Uşaqların daha çox ailə içində yaşaması, ən son halda internat evinə verilməsi, bioloji valideynlərindən kənarda böyüdülməsinin qarşısını alınması vacibdir.

Təəssüf ki, bir çox halda uşaqların valideynlərinin məhkumluq həyatı, ata və ya ananın vəfat etməsi ilə əlaqədar onlar kimsəsiz vəziyyətinə düşür. Bu halda belə uşaqların yaşayacağı yer, onun bütün maraqları nəzərə alınaraq  seçilməlidir. Azərbaycanda ta qədimdən gözəl ailə ənənələri mövcuddur, amma bu gün elə hallarla qarşılaşırıq ki, uşaqlar asanlıqla küçəyə atılır, onara qayğı göstərilmir, bəzən belə uşaqlara yaxınları da sahib çıxmır. Doğmaları tərəfindən himayəyə götürülmüş kimsəsiz uşaqlarsa, bəzən nəzarətdən kənarda qalır, uşaqların özbaşnalığı ağır nəticələrə gətirib çıxarır. Azərbaycanda övladlığa götürülmə ilə himayədar(foster) ailə  məsələsi bəzən qarışdırılır. Övladlığa götürülən uşağın ailədəki  taleyi bir qədər qaranlıq qalır, belə uşaq ailədə tək olur. Amma himayədar ailə modeli kimsəsiz uşaqlar üçün daha uyğun formadır.

Beynəlxalq təcrübəyə baxsaq, xarici ölkələrdə “foster family” deyilən ailələrdə bəzən 8-9 uşaq olur. Ata, ana özünün 2-3 uşağı ilə yanaşı bir neçə uşağı da himayəyə götürür və beləcə kimsəsiz uşaq ailə qazanır. Foster ailə modelinin üstünlüyü odur ki, övladlığa götürülən uşaq getdiyi evdə tək olur, amma himayədər ailəyə gəlmiş kimsəsiz uşaq orada uşaqlarla qaynayıb qarışır, özünə bacı, qardaş qazanır. Xarici ölkələrdə foster ailə statusunu qazanmaq üçün ailə xüsusi müqavilə bağlayır ki, dövlət ona uşağa baxdığı üçün müəyyən təzminat və məvacib ödəyir. “Ata”, “ana” sertifikatlaşdırılır, foster ailənin başçıları nəzarətdə saxlanılır. Beləcə kimsəsiz uşaqlar ailə daxilində böyüyür. Azərbaycanda da belə ailələr olub, bu gün də var. Amma bu şəxsi istəklə baş verir. Foster ailə modelini dövlət səviyyəsində daha geniş tətbiqi üçün qanunvericilik, mexanizmlər və təşviqi olmalıdır. Bu yolla atılmış və kimsəsiz uşaqların mənəvi ailələrə cəlb etməklə, onların gələcəyini qurmaq olar”.

Sosial iş üzrə ekspert  Gülnar Nəzərovanın fikrincə isə, foster ailə modeli üçün cəmiyyətimiz hələ hazır deyil. Əvvəl maarifləndirmə olmalı, sonra təcrübə öyrənməlidir. Çünki bizdə valideynlərin çoxu öz ovladını düzgün tərbiyə etməkdə çətinlik çəkir, qaldı ki, başqa uşaqlara qayğı göstərsin ."

Necə edək ki, uşaq öz ailəsində qalsın?

İnternat evləri, uşaq evləri tərbiyə müəssisələri, atılmış sağlamlıq imkanı məhdud uşaqlar üçün kimsəsiz uşaq evləri hələ ailə ab-havası yaratmaq deyil. Burada uşaqların təhlükəsiz yaşamaq və inkişaf hüququ qoruna bilər, amma uşaqların psixoloji, mənəvii vəziyyəti qənaətbəxş ola bilməz. Bu səbəbdən alternativ qayğı dedikdə SOS uşaq kəndi tipli müəssisələrin çoxaldılması yaxşı olardı. Burada kimsəsiz uşaqların ayrıca evi var, maddi dəstək alan qayğıkeş "ana"larıyla  yaşayırlar. Alternativ qayğını özündə ehtiva edən ailə tipli kəndlərlə yanaşı, burada  ötən ildən Günərzi uşaq baxçası da təşkil edilib. Uşaqların bütün hallarda ailədə qalmasını təşviq edən SOS Uşaq kəndinin layihə koordinatoru, sosial işçi Sara Ağayevanın sözlərinə görə, məqsəd sosial, iqtisadi proqremli ailələrə dəstək olub, onların uşaqdan imtinasına əngəl olmaqdır. "Hazırda Günərzi baxçamızda  3-6 yaş arası, 23 uşaq var. Səhər 8-dən axşam saat 8-dək onlara baxırıq, əsasən tək ana ilə yaşayan uşaqların valideynləri sosial xidmət sahəsində çalışdığı səbəbdən uşaqla çətin olur. Məktəb yaşına çatanda yenə onlara dəstəyimizi göstəririk, təki uşaq öz valideynindən kənarda böyüməsin."

Hər uşaq ailə içində böyüməlidir, ailəsi yoxdursa, gəlin, onlara ailə olaq!

P.S. Söhbəti gedən foster ailəyə H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ailəsi misal ola bilər. 2 il əvvəl o 1 yaşlı Əminəni  himayəyə götürüb, hazırda onu əkiz oğlanları ilə birgə böyüdür.

Raminə Eyvazqızı