“Bələdiyyə seçkilərinə əhəmiyyət verməyən əksər siyasi partiyaların...”

belediyye-seckilerine-ehemiyyet-vermeyen-ekser-siyasi-partiyalarin
Oxunma sayı: 1712

“Dekabrda keçiriləcək bələdiyyə seçkilərinə cəmi bir neçə ay qalmasına baxmayaraq, siyasi partiyaların bununla bağlı hər hansı hazırlıqlarının müşahidə olunmaması həqiqətən, təəccüb doğurur".

“Qafqazinfo” xəbər verir ki, bunu siyasi ekspert Əlabbas Məhərrəmov bildirib. 

O qeyd edib ki, yerli özünüidarətmə orqanı olan bələdiyyələrin səlahiyyətinin azlığı və cəmiyyətdə qazandığı reputasiya hər kəsə məlumdur:

"Ancaq bunlar bələdiyyə seçkilərinə lazımsız kampaniya kimi baxmağa əsas verirmi? Məncə, yox. 

Digər tərəfdən, bələdiyyə seçkilərinə əhəmiyyət verməyən əksər siyasi partiyaların arqumentləri də daha çox bəhanə təsiri bağışlayır. Bildirirlər ki, səlahiyyətsiz bir orqana keçirilən seçkiyə qatılmağın nə əhəmiyyəti var? Maraqlıdır ki, bu arqumentə söykənənlər səlahiyyətinin azlığından gileyləndikləri Milli Məclisə keçirilən seçkilərə az qala bir il əvvəldən hazırlıq görürlər, namizədliklərini irəli sürəcəkləri dairələri müəyyənləşdirirlər və kampaniyanı necə aparacaqlarını planlayırlar. Gördüyünüz kimi, onların bu məsələyə yanaşmaları çox ziddiyyətlidir. 

Əslində, isə bələdiyyə seçkiləri həm parlament seçkilərinə hazırlıq, həm də əlbəttə ki, yerli özünüidarəetmədə təmsilçilik baxımından, vacib siyasi kampaniyadır. Bələdiyyə seçkilərində iştirak siyasi partiyaların yerli təşkilatlarının toparlanmaları və “temp”də qala bilmələri üçün də zəruridir. 

Burada əsas məqam siyasi partiyaların bələdiyyə orqanlarının işlək quruma çevrilmələrinə töhfə verməkdir. Bələdiyyələrdə təmsilçilik və yerli problemlərin həllində qazanılan imic partiyaların aktivinə yazılar, parlament seçkilərində onlara xal qazandırardı. Qarşıda hələ bir qədər vaxt var. Ola bilsin, partiyalar bu reallığı nəzərə alıb, bələdiyyə seçkilərinə münasibətlərini dəyişərlər”.