“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin”

“Bələdiyyə sədri deyir ki, ağlın var idi, çuxura düşməzdin”
Oxunma sayı: 1251

Şəki şəhərindən 1 ilə yaxındır böyük çuxur yaranan yol hələ də təmir edilmir. “Qafqazinfo”ya müraciət edən şəhər sakini Zamiq Babayev bildirib ki, iyunun 9-u gecə saat 02 radələrində idarə etdiyi 10 SC 281 nömrəli “VAZ 2107” markalı avtomobili Nərimanov prospektində həmin quyuya düşüb:

“Təxminən 8 aydır ki, o yolda çuxur yaranıb. Yollar da gecələr işıqlandırılmır. Həmin vaxt yaxınlıqda yol polisi də var idi. Mənim maşınımı oradan çıxarıb yolun kənarına çəkməyə onlar kömək etdi. Yol polislərinə də dedim ki, heç olmasa bunun qarşısına bir xəbərdaredici nişan qoyun. Maşınım gecə orda qaldı, səhər gəlib ustaya apardım. Servisdən mütəxəssis rəy verdi ki, maşına 500 manat ziyan dəyib. İndi mənə dəyən ziyanı kim ödəyəcək? Yolu çəkən “Əfqan” şirkəti deyir biz təhvil vermişik. İcra hakimiyyəti məktublarıma cavab vermir. Yol idarəsi deyir bizim balansımızda deyil, yol bələdiyyənindir. Bələdiyyə sədri Elşad İbadov da deyir ağlın var idi, düşməzdin. Mənim maşınım düşəndən sonra bir aydan artıq vaxt keçib, amma hələ də vəziyyət eynidir. Bakıdan gələn nabələd sürücülər hər dəfə orada çuxura düşür”.

Şəki Şəhər Bələdiyyəsinin sədri Elşad İbadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda “Əfqan” şirkəti həmin yolda kanalizasiya xətləri çəkir: “O yolda təmir gedir, şirkət işləri tamamlayıb təhvil verməyib. Buna görə də hələ heç bir qurumun balansında deyil. Xəbərdaredici işarələri də şirkət quraşdırmalıdır. Vətəndaş məhkəməyə müraciət edib haqqını tələb edə bilər”.

Murad Əhməd




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi