Əlində bir şey olan köşə yazarı

elinde-bir-sey-olan-kose-yazari-
Oxunma sayı: 880

Amma hǝr dəfə vətənim olan Azərbaycanda yayımlanan qəzet və xəbər portallarına baxdıqda həmin sualın nə qədər əhəmiyyətli olduğunu görürǝm. Çox ǝcaib bir mənzərə əmələ gəlib. Hər kəs özünün fərqli olduğunu göstərmək istəyir. Ədəbiyyatdan yazan birisi özünü Turgenevə oxşadır, siyasi mübarizə aparan digər köşə yazarı isə Dzerjinskini özünə rəhbər bilir, bir başqa yazar da intellektual və müasir görünmək üçün İslam dininə dil uzadır. Bu mənzərə qarşısında yuxarıda verdiyim sual yenə də beynimdə fırtına kimi dolaşmağa başlayır: “Müsəlman kökənli olan Azərbaycan qadını özünü müsəlmandan başqa hər şeyə oxşadan azərbaycanlı dünyaya gətirir, lakin niyə müsəlmana oxşamaq istəyən azərbaycanlı dünyaya gətirmir?”

Qərbin siyasi institutlarında çox işlədilən bir düstur vardır: “Bir cəmiyyəti dəyişmək istəyirsənsə, ilk öncə onun mətbuatını dəyişdirmək lazımdır”. Həmçinin, elə həmin o Qərb institutlarında onu da vurğulayırlar ki, bu düstur müsəlman cəmiyyətlərində işləmir. Nümunə olaraq da Osmanlı dövlətini və ondan sonra qurulan Türkiyə Cümhuriyyətini göstərirlər. Acı hissi ilə qeyd edirlər ki, Anadoluda 1890-cı illərdən 1990-cı illərin ortalarına qədər masonların at oynatdığı mətbuat, Osmanlı dövlətinin süqut etməsində əvəzsiz rol oynasa da, Türkiyə Cümhuriyyətində 1970-ci illərin sonlarına qədər bir nəfər belə olsun başı papaqlı müsəlman alim qoymasa da, müsəlman cəmiyyətini dəyişdirə bilmədi.

Lakin Qərbin göstərdiyi bu misal 600 ilə yaxın İslama bayraqdarlıq etmiş, dünyada haqqın keşiyində duran Osmanlı dövləti və onun yetişdirdiyi insanların qurduğu Türkiyə Cümhuriyyətinə aiddir. Azǝrbaycan isə nə Osmanlı dövləti, nə də Türkiyə Cümhuriyyətidir. Heç mənim azərbaycanlılarımın Osmanlı insanına oxşamaq niyyəti də yoxdur. Oxşamaq istədikləri ingilis, rus, fransız, onlar da olmasa hollanddır.
Açığı, heç cəmiyyətimizdə dəyişdiriləcək bir şey də qalmayıbdır. Hər şey çoxdan dəyişdirilib. Azərbaycanın təbii sərvəti olan nefti bir dəstə neftzadə Ceyhanda İsrailə dünya bazarından ucuz qiymətə satarkən, bir çox azərbaycanlı Rusiyanın bazarlarında göy-göyərti satıb “azərbaycanlı sayağı” vətənpərvərlikdən nitqlər söyləyirlər. Təbii ki, bunu da köşǝ yazarları görür. Və özlərini Turgenevə oxşadan bir çox köşǝ yazarı Azərbaycan cəmiyyətində dəyişdiriləcək bir şey qalmadığından indi də erotik səhnələr yazıb Rasputin rolunu ifadə edir və Azərbaycan qadınını da Aleksandra şəklində görürlər…

Homerin şerləri yunan millətinin təşəkkül tapmasına, Con Qrinlif Vitterin (John Greenleaf Whittier) qəzəbli şerləri isə Amerikada quldarlığın ləğv olunmasına təkan oldu. Mən hələ Qərb ədəbi fəlsəfəsinin bünövrəsini qoyan Şekspiri demirəm. Nə Turgenev, nə Homer, nə Vitter, nə də Şekspir hər hansı bir qadının həyasını, namusunu açıb ortaya qoymadılar. Əksinə, yaşadıqları mühitin eybəcərlikləri içində min cür məhrumiyyətlərə qatlanaraq qadının həya və namusuna toxunanlarla mübarizə apardılar.
Mətbuatda at oynadan köşǝ yazarları tez-tez Fransa inqilabından, Krupuskayanın yataqda belə Leninə inqilabi nağıllar danışdığından, Hollandiyada mavilərin haqlarından danışırlar. Amma bütün bunların Azərbaycan xalqına hər hansı faydası olduğunu deməkdə xəsislik edirlər. Bu da bir yana, dünyanin 3 ən məşhur universitetlərindən biri olan Oksford Universitetinin fəlsəfə fakultəsində İbn-i Sina və İmam Qǝzǝlinin əsərlərini tədqiq edən ayrıca bir şöbənin olduğu və büdcədən bu iki şəxsiyyətin əsərlərini öyrənmək üçün milyonlarla vəsait ayrıldığı halda, azərbaycanlı köşə yazarları nəinki İbn-i Sina və İmam Qəzəlinin əsərlərini oxumur, hətta Rasputin sayağı bu mütəfəkkirlərə nifrət edirlər. Bu yazdıqlarım “Ədəbiyyatda əxlaq yoxdur!” deyən köşǝ yazarlarının simasıdır. Gəlin, indi də Lenini, Krupuskayanı, Dzerjinskini və s. özlərinə rəhbər bilib siyasi məqalələr yazan köşə yazarlarının simasına baxaq.

Qərb tarixçiləri qeyd edirlər ki, dünyada az sayda çox saylı orduya qalib gələn yeganə millət, xalq, ümmət müsəlmanlardır. Hər kəsin bildyi Çanakkale döyüşünü misal gətirməyəcəyəm. “Dzerjinski sevər” köşə yazarlarının bilərək üstündən keçdikləri Tariq ibn Ziyadın hicrətin 92-ci ilində indiki İspaniya və Portuqaliyanı fəth edərkən 7.000 əsgər ilə 25.000 əsgərə qalib gədiyini və İspaniya sahillərinə çatdıqda mindikləri gəmiləri yandırıb: “Arxanızda düşmən kimi dəniz, qarşınızda isə dəniz kimi düşmən durub”- dediyini xatırlatmaq istəyirəm. Yaxud Səlib yürüşü edib 88 il müqəddəs Qüds şəhərini zülm altında saxlayan xaçpərəstləri Hattin döyüşündə darmadağın edən Səlahəddin Əyyubinin qoşununun səlibçilərdən qat-qat az olduğunu diqqətlərə çatdırmağa ehtiyac duyuram. Sosialist blokunda Sovet İmperiyasından sonra hərbi gücünə görə ikinci yerdə duran Yuqoslaviyanın serb qətliamçılarına qarşı bir əlində qələm, bir əlində silah millətinin önündə vuruşan prezident Alica Ali İzǝtbekoviç dǝ müsǝlman idi.
Bu kimi sərkərdələri bir kənarda qoyub Dzerjinski ve Orjenikidzeni özlərinə rəhbər hesab etmək bu iki bolşevikin Qafqazda qətlə yetirdikləri minlərlə insana ən azı hörmətsizlikdir. Bu yerdə haqlı bir sual vicdanımıza hakim kəsilir: “Belə təfəkkürlü köşǝ yazarlarına necə dəstək olasan?”
Bura qədər yazdıqlarım əksər azərbaycanlı köşə yazarının məntiq və əxlaq göstəricisindən bir parça idi. İndi isə üzümü müsǝlman oxuculara tuturam.

Cahillik sosial bəladir, eyni zamanda günahdır. Əxlaqsızlıq da bir sosial bəladır və günahdır. Bu baxımdan, bir müsəlman nə cahil, nə də əxlaqsız ola bilər. Cahillik və əxlaqsızlıqla yetişdirilən cəmiyyətdə insanı ən açıq şəkildə təsvir edən anonim, vasitəli və xarici münasibətlər hakim olar. Kollektiv deyilən ruhdan bəhs edirlər, halbuki kollektiv ruh deyilən bir şey yoxdur. Cahillik və əxlaqsızlıq sahib olmadığı bir şeyi cəmiyyətə verə də bilməz. Digər yandan, belə bir cəmiyyətin üzvləri ümumiyyətlə bir-birlərini tanımazlar. Onları bir-birlərinə bağlayan nəfsani hissləri olar.
İnsanın bir-birinə yaxınlığı mənəvidir, cismaniliklə heç bir ǝlaqǝsi yoxdur. Cismanilik heyvana xas olan bir xüsusiyyətdir. İnsan ilə heyvanın ən kəskin fərqi də bundadır: insan mənəvi olan şeyləri edər, heyvan isə cismani. Bu nöqteyi-nəzərdən qəti şəkildə demək mümkündür ki, insanlar arasında əsl cəmiyyət ancaq İslam dininin istədiyi sevgi və fədakarlıq əsasında qurula bilər. Müsəlmanların İslam əsasında qurduğu cəmiyyətdə insan daha az heyvan və daha çox insandır. Qadınla kişinin halal çərçivədə yataqda nə etdiklərini hər kəs bilər, lakin heç kəs danışmaz. Xüsusi mövsümlərdə cütləşən heyvanları da çoxları görər, lakin o haqqda bəhs edilməz. Zatən cismani olan şeylərdən danışan insanın insan olması da düşündürücüdür.

Sonda, bu gün yetişən nəsil elmdən uzaq və dindən kənarda qalmışdırsa belə, nə tamamilə cahil, nə də bütövlüklə əxlaqsızdır. Bəlkə də Azərbaycan qadını Şeyx Şamil və Ömər Muxtar dünyaya gətirmir, lakin Azərbaycan qadını Aleksandra da deyildir!