“Bəlkə bir-birimizin ətini yeyərik” - Ramin Musayev

belke-bir-birimizin-etini-yeyerik
Oxunma sayı: 1366

Peşəkar Futbol Liqasının prezidenti vəzifəsinə növbəti 4 ildə də rəhbərlik edəcək Ramin Musayev bu porta keçirilən seçkilərdən sonra jurnalistlərin suallarını cavablandırıb. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:

- Seçkilər haqqında danışardız? Sizin növbəti 4 illik prezidentlik müddətinizdə nələr olacaq?

- Bu gün bizim çempionatımız Avropada 24-cü yerdədir. Bunu mən yox, UEFA deyir. PFL yaranana qədər dünyada 110-cu yerdə idik. Amma indi 38-ci pillədə qərarlaşmışıq. Azərbaycan Premyer Liqası ən çox yüksəliş edən çempionatdır. Mən bu vəzifəyə gələndə əvəzedici heyət yox idi. Klubdan gəldiyim üçün bu iş mənə asan gəldi. Çünki çətinliklər görmüşdüm. Klub nümayəndələri də çox sağolsunlar ki, birlikdə iş gördüyümüzü bildirdilər. Biz mehribanıq. Əvəzedici heyətin olması, bizə çox faydalı oldu. Bu, çox gənc oyunçulara yardım oldu. Problemlər çox idi. “Neftçi”də işləyəndə Bakıda fərqli, Sumqayıtda başqa topla oynayırdıq. Qazaxda isə şarla oynayırdıq.Mən buların hamısın görmüşdüm. Təşkil etdik, bütün komandalar eyni topla oynasın. Bəziləri də deyirdi ki, PFL top satışı ilə məşğul olur. And olsun Allaha bizim məqsədimiz pul qazanmaq olmayıb. Fikrimcə, jurnalistlərin də əksəriyyəti razıdırlar. Çünki həmişə suallarınızı cavablandırmışıq.

- Klub rəsmiləri hakimlərin təyinatından narazılıq edirlər. Amma bu gün sizin əleyhinizə əl qaldıran olmadı...

- Əleyhimə əl qaldıran olmadı. Elə bir klub rəsmisi yoxdur ki, oyundan sonra mənə zəng etsin və mən ona cavab verməyim. Belə hadisə yaşanmayıb. İnsanıq. Hamı emosiyalarını ələ almaya bilər. 8 il ərzində baş tutan oyunlardan ürəyiniz hansını istəyirsə, analiz edək. Hətta klub rəhbərliyinin bəzi məsələlərdən xəbəri olmur. Qələbə qazanaraq arxayın gedirlər. Çox şükürlər olsun ki, rüşvətin qarşısını almışıq. Hətta qovulanlar da olub. Şübhələndiyimizi belə qovmağa hazırıq. Amma biz sübut edərək qovmaq istəyirik. Xaqani Məmmədovun işi asan deyil. Elə bilirsiniz ki asandı? Həmçinin mənim işim də asan deyil. Klublar çoxlu şikayət edirlər. Həmin epizodları şikayət edənlərə göstərəndə deyirlər ki, Ramin müəllim, bağışlayın, üzr istəyirik. Hakim də insandır da. FİFA dərəcəli referilərimiz Avropa Liqasının I təsnifat mərhələsinin 3 oyununa təyinat alıblar. Əliyar Ağayevin çox gəncdir. Amma 24-cü oyununu idarə edib. Onlar Azərbaycanı təmsil edirlər. Bu, sevindirici haldır. Xaqani Məmmədovu müdafiə etmirəm. Jurnalistlərlə peşəkar danışmasa da, işini peşəkar şəkildə görür.

- Bu vəzifədə rəqibinizin olmamasından necə zövq alırsınız?

- Mən güləşçi olmuşam. Hətta bir dəfə yarışda rəqibim gəlmədiyi üçün çox üzüldüm. Mübarizə aparmağı çox sevirəm. Mən əgər bir işdən zövq almasam, gedərəm.

- Premyer Liqada klubsuz qalan futbolçular I Divizionda da oynaya bilmirlər. Limit dəyişimi olacaq?

- Limit dəyişimi olacaq. Bununla bağlı AFFA-dan razılıq almışam.

- Sizin məvacibiniz nə qədərdir?

- 1100 manat.

- Bəs, Hakimlər komitəsinin sədri nə qədər maaş alır?

- Onu bilmirəm.

- Kubokun final matçında “Qarabağ” – “Neftçi” matçında polislər azarkeşləri döymüşdülər. Bu işləri necə tənzimləmək olar? Hətta siz açıqlama vermişdiniz ki, polislər haqlıdırlar...

- Bakıda yol polisi olmasa, bizim canavarlar şəhərdə min hoqqadan çıxarlar. 12 yaşlı uşağı polis vurmaz. “Neftçi” – “Xəzər Lənkəran” oyununda da çox əziyyət çəkmişdik. Gül kimi açılış etdi. Heç kim qiymət vermədi. Bir təpik, bir şillə mənim əziyyətimi yerə vurdu. Günün altında qalıb əziyyət çəkmişdim. Mən polisə üstünlük verirəm. Polis işçisi olduğum üçün belə demirəm. Mən haqqın tərəfdarıyam. Polislər olmasa, Allah bilir, bəlkə də bir-birimizin ətini yeyərik.

- Oyundan əvvəl polislərə PFL təlimat keçir?

- Hər oyundan əvvəl oyuna cavabdeh olan polis rəhbərinə təlimat verilir. “Neftçi” – “Qarabağ” (0 : 1) matçında tapşırmışdım ki, fişəng yandıranlara dəyməyin.

- Əvvəllər ayın ən yaxşı qolu, oyunçusu seçilirdi. İndi isə yox...

- Bu, heç bir effekt vermədi

- Yerinizə namizəd kimi görürsünüz?

- Mənim işim sizə asan gəlməsin. Bayaq maaşımı soruşdunuz. Vəzifəm asan deyil. Dəli ilə dəli kimi, ağılllı ilə də ağıllı rəftar etmək lazımdır. Bəzən Rövnəq müəllimdən xahiş edirəm ki, məni mühafizəçi qoysun. Demirəm ki, kasıbam. Şükr Allaha dolanırıq.

- I Divizionda neçə klub mübarizə aparacaq?

- 12 klubun iştirakı gözlənilir. “Səbael” klubu artıq mübarizə aparacaq. “Şuşa Qarabağ”da məktub ünvanlayıb. Lakin onların maliyyə problemləri var. Bundan əlavə, daha bir klubun da iştirakı gözlənilir. “Şuşa Qarabağ”ı elə mən yaratmışam. Nadir Qasımov bu komandada bir futbolçu da yetişdirmədi. Ona hörmətim var. Amma olanı deyirəm. “Şəmkir”i də futbola qaytardım. Onlar da futbolçu yetişdirmədilər. I Divizionda komandaların birinə nəzarət edəcəm, baxın, az miqdarda necə klub idarə edirlər.

- Premyer Liqada sonuncu yeri tutan komanda I Diviziona düşəcək?

- Əgər 12 komanda olsa, xeyr.

- İki dəfə I divizionun qalibi olan “Neftçala”nın dağılmasına münasibətiniz necədi?

- “Neftçala”nın iki ildə Premyer Liqaya verdiyi bir oyunçu oldumu? Mənim vaxtımda “Neftçi” Araz Abdullayevi yetişdirdi. Mən "Neftçala"dan hətta xahiş də eləmişdim ki, gəlin, lisenziyanızı alın. Amma klub rəhbəri dedi ki, Ramin müəllim, özüm açıqlamıram ki, futbolçular həvəssiz olmasınlar.

- İslandiyanın əhalisi Azərbaycanla müqayisə olunmayacaq qədər azdı. Amma bütün Avropa onlardan danışır. Niyə bizim futbolumuz belə deyil?

- Pul hər şeyi həll etmir. İndi transfer dönəmidi. Futbolçular zəng vurub kömək istəyirlər. Kömək edən olsaydım, elə oğluma edərdim də. Futbolçular özlərini kiməsə bənzədirlər, saçlarını uzadırlar. Heç olmasa, özlərini bənzətdikləri futbolçunun 30 faizini bacarsınlar, sonra danışsınlar. Mənim vaxtımdakı futbolçulardan soruşa bilərsiz. Onların ixtiyarı nə idi ki, vaxtında evdə olmasınlar. İndi hər yerdə futbolçudu. Çünki nəzarət yoxdu. Oyunçunun qarşısında günah işi olanın dili gödək olur. Bir futbolçu gəlib desin ki, Ramin müəllimə bir manat pul vermişəm. Deyə bilməz. Elə ona görə döymüşəm də, söymüşəm də, oynatmışam da. Bu ünsiyyətə görə, Rəşad Sadıqov, Zaur Tağızadə 1 milyona “yox” dedilər. İndi futbolçularımız tez dəyişirlər. 23 yaşı var, 300 min pul qazanır. Hansınız bir ildə bunu qazanırsız? Futbolçu tanıyıram, atasına deyir ki, otur yerində. İndi futbol olacaq. Artıq oynamağa məcbur olacaqlar. Çünki cəmi 8 komanda qalıb. Gələn il hamınız deyəcəksiz ki, bu çempionat hamısından güclü oldu. Ən azı 6 komanda ideal olacaq. Pul azdı, oynamağa məcburdular. Müqaviləni yazırlar, futbolçu da arxayındı, oynamır. Beləsi futbolçu olmayacaq.

Elsevər