“Bəlkə, bu gün Kəmalə oyundan çıxacaq?” - Açıqlama

belke-bu-gun-kemale-oyundan-cixacaq
Oxunma sayı: 3320

“Maşın” realiti şousunu ərsəyə gətirən “M Group Production” müğənni Rəqsanə İsmayılovanın ittihamlarına cavab verib. Layihənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sənətçinin iddiaları həqiqəti əks etdirmir.

Qeyd olunub ki, sözügedən qalmaqallı kadrlar yarışmanın “Youtube” səhifəsində qalmaqdadır: “O kadrlar haradan silinib? “Youtube” kanalımızda o görüntülər varsa, kim deyə bilər ki, silmişik? Hansısa instaqram səhifəsi videoları silibsə, bunun bizə aidiyyatı yoxdur”. 

Bundan əlavə, prodakşın ifaçının “qalib Kəmalədir” ifadəsinə də münasibət bildirib: “Bu başdan kimsə qalibin adını açıqlaya bilməz. Çünki heç finalistlərin adları bəlli deyil. Axşam bir nəfər tribunaya çıxacaq, səs toplasa, kimisə şoudan uzaqlaşdıracaq, əks halda özü gedəcək. Daha sonra 3 nəfər finalist məlum olacaq. Rəqsanə xanım şəxsi fikirlərini deyib. Amma bu sadəcə onun fikirləridir. Bəlkə, bu gün elə Kəmalə Piriyeva oyundan çıxacaq? Və yaxud, o, “Maşın”ın qalibi olacaq. Bu o demək deyil ki, Rəqsanə belə dedi, açıqlaması real oldu. Yəni 4 nəfər var, amma qalibin kim olacağını heç kəs əvvəldən deyə bilməz”. 

Qeyd edək ki, Rəqsanə İsmayılova instaqramın canlı yayımına qoşularaq “Maşın”da aktrisa-aparıcı Kəmalə Piriyevanın qayda pozduğunu, lakin göz yumulduğunu bildirib.