“Bəlkə də İran bu təyyarəni istəmədən vurub” - Video

belke-de-iran-bu-teyyareni-istemeden-vurub
Oxunma sayı: 3854

Kanada Baş Naziri Castin Tryudo rəsmi Tehranı Ukrayna təyyarəsinin qəzaya düşməsinə səbəbkar olmaqda ittiham edib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, o, İranın “yer-hava” raketi təsadüfən işə salındığından təyyarənin vurulduğunu iddia edib.

“Kanada vətəndaşlarına son müraciətimdən bəri Qərb ölkələrinin Xarici İşlər nazirləri, kəşfiyyat rəhbərləri və hərbçilərlə danışıqlar davam edir. Bu ölümcül fəlakətin mümkün səbəbləri haqqında vacib yeni məlumatları əldə etmişik və kanadalılar da bunları bilməlidirlər. Bu xəbər, şübhəsiz ki, əzab çəkən ailələr üçün daha bir şok olacaq. Müttəfiqlərimizin kəşfiyyat orqanlarına görə, təyyarə İranın “yer-hava” raketi ilə vurulub. Bəlkə də bu, istəmədən həyata keçirilib”, - deyə Tryudo bəyan edib.

Tryudo, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışdığını və Kanadanın qəzanın araşdırılması üçün Ukrayna ilə sıx əməkdaşlıq edəcəyini söyləyib.

Onun sözlərinə görə, qəza yerində tapılan “qara qutular” İranda qalacaq. Lakin Tehran hökuməti Zelenskini Ukrayna müstəntiqlərinin onlara giriş əldə edəcəyinə inandırıb.

Qeyd edək ki, Kanada Baş Nazirindən öncə ingilis həmkarı Boris Conson da eyni bəyanatla çıxış edərək Ukraynanın “Boeing 737” laynerinin İranın yer-hava tipli raketi ilə təsadüfən vurulduğunu açıqlayıb: “Hazırda təyyarənin İranın “yer-hava” raketi ilə vurulması barədə çox sayda məlumat var. Bu, təsadüfən də ola bilərdi. Biz Kanada və beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik, tam və şəffaf tədqiqat aparmaq zəruridir”.

İran tərəfi isə Consonun iddialarını təkzib edib.

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın "Boeing 737" təyyarəsinin Tehranın hava limanının yaxınlığında qəzaya düşməsi nəticəsində 167 sərnişin, 9 ekipaj üzvü həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub.