Elşad Abdullayev hər şeyi açıb tökür - Növbəti məktub

elsad-abdullayev-her-seyi-acib-tokur-novbeti-mektub
Oxunma sayı: 771

Bəri başdan onu demək mümkündür ki, Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı məlumatlar, artıq, ölkənin hüdudlarını aşıb: Elşad Abdullayevin “Azadlıq”ın oxucularına təqdim edilən müraciəti eynilə ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Hillari Klintona, Fransa prezidenti Nikola Sarkoziyə, “Amnesty International” hüquq müdafiə təşkilatına ünvanlanıb.

Bundan əlavə E.Abdullayev eyni sənədi Avropa Insan Haqları Məhkəməsinə (AHIM) və AHIM-in tövsiyəsi ilə Interpol təşkilatına təqdim edib. Bu baxımdan, təqdim edilən faktların və məlumatların öz-özlüyündə sensasiyalı bir olay kimi dəyərləndirilməsi mümkündür.
Amma bütün proses Azərbaycanda baş verdiyindən, bu adam oğurluğu faktı ilə Azərbaycanın kriminallaşmış dövlət strukturlarının əlaqəli olmasından dolayı, biz hələlik, Azərbaycanda, Elşad Abdullayevin özünün keçdiyi bütün hüquqi və məntiqi mərhələləri də oxuculara təqdim etməliyik. Əlimizdə bu barədə çoxlu sənədlər var və həmin sənədlərin hörmətli oxucuları bir daha heyrətləndirəcəyinə əminik.
Bu olayla bağlı rəy bildirən ekspertlərin demək olar ki, hamısı belə bir arqument irəli sürürlər ki, Elşad Abdullayev hüquq-mühafizə orqanlarına rəsmən müraciət etməyib, özü qeyri rəsmi olaraq çıxış yolları axtarmaqla məşğul olub, bu işlə maraqlananlara da təzyiq göstərib.

Elşad Abdullayev hüquq-mühafizə orqanlarına rəsmən müraciət edibmi?

Başlayaq ondan ki, Elşad Abdullayev qardaşının oğurlanması faktı ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmən ərizə ilə müraciət edibmi?
Qardaşının oğurlanması barədə təkzibedilməz və həqiqəti 100 faiz ehtiva edən ehtimalları olan Elşad Abdullayev dərhal polisə müraciət edib.
Respublika Prokurorluğu bu fakt üzrə cinayət işinin qaldırıldığını 2008-ci ildə oktyabr ayının 10-da (N59/768) “Təzadlar” qəzetinin baş redaktoruna göndərdiyi rəsmi məktubla təsdiq edir: “Abdullayev Mahir Islam oğlunun 13 oktyabr 2003-cü ildə itkin düşməsi faktı üzrə Abdullayev Elşad Islam oğlunun 14 oktyabr 2003-cü il tarixli ərizəsi əsasında Yasamal RPI-də təhqiqat aparılmış, 14 noyabr 2003-cü il tarixdə Bakı Şəhər prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.6 maddəsi ilə cinayət işi başlanmış, 6 yanvar 2005-ci ildə həmin cinayət işi AR Cinayət Məcəlləsinin 120.1 maddəsinə tövsif edilmiş və hal hazırda ibtidai istintaqı davam etdirilir...”.
Bu məktubun nə üçün məhz “Təzadlar” qəzetinə göndərildiyi, nə üçün məhz, yalnız bu qəzetin Mahir Abdullayevin oğurlanması faktı ilə müntəzəm olaraq maraqlandığı barədə heç nə demədən onun üzərinə keçirik ki, Bakı Şəhər Prokurorluğundan göndərilən bu cavab məktubunda dəhşətli bir qeyri-səmimilik var. Çünki Mahir Abdullayevin oğurlanması faktı ilə bağlı cinayət işinin ibtidai istintaqı aparılmayıb, ümumiyyətlə, heç bir istintaq hərəkətinə təşəbbüs göstərilməyib. Hətta cinayət faktını daşdan keçən dəlillərlə sübut edən faktların istintaq orqanlarına, Daxili Işlər Nazirliyinə, bu məktubu “Təzadlar” qəzetinə yollayan Respublika Baş Prokurorluğunun ağır cinayətlərə dair Işlər üzrə Idarəsinin rəisi, baş ədliyyə müşaviri Eldar Əhmədovun özünə də təqdim edilməsinə baxmayaraq. Adam oğruları dövlət səviyyəsində himayə edilib, adam oğurluğu faktı dövlət səviyyəsində ört-basdır edilib, zərərçəkmiş tərəfdən isə bu “özbaşına təhqiqatı” dayandırmaq və əlində olan əmlakı, Azərbaycan Beynəlxalq Universitetini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yaxın qohumuna təhvil vermək tələb olunub. Deməli, Mahir Abdullayev sadəcə oğurlanmayıb, dövlətin yüksək səviyyəli məmurları tərəfindən girov götürülüb və əvəzində haqq tələb edilib. Bu hüquqi-məntiqi nəticəni sübut edən faktları da indi oxuculara təqdim edəcəyik.
Deməli, ortalıqda rəsmi müraciət olub. Bu işin qeyri rəsmi- təhqiqatını apardığını deyən hörmətli Əyyub Kərimov belə bir rəsmi müraciətin olmadığını deyirsə, o da özünün əlaqələrindən yararlanaraq belə bir ərizənin mövcudluğundan xəbər tuta bilməyibsə, deməli bu müraciət ictimaiyyətdən gizlədilib (ən azı, 5 il). Ictimaiyyətdən gizlədilən bütün cinayət faktlarının arxasında isə hökmən hansısa məkrli niyyətlər dayanıb.
2005-ci ildə, Hacı Məmmədovun dəstəsi Beynəlxalq Bankın prezidentinin həyat yoldaşını oğurlayanda da zərərçəkən tərəf cidd-cəhdlə adam oğurluğu faktı ilə bağlı mətbuatda hər hansı məlumat verilməsinin qarşısını almağa çalışırdı, bu barədə məlumatların yayılmasına ağrılı reaksiya verirdi. Səbəb isə çox sadə idi: onlar haqlı idilər. Onlar çox yaxşı bilirdilər ki, bu, sıradan bir adam oğurluğu faktı deyil, dövlətin inzibati resurslarının bulaşdığı bir cinayət faktıdır. Bu cür hallarda zərərçəkən tərəflər adi hallarda olduğundan fərqli taktikaya üstünlük verməli olurlar.
Elşad Abdullayev də qardaşını oğurlayanların inzibati resurslarla əlaqəli işlədiklərini bəyan edir. O, Azərbaycan hakimiyyətinin daxilində geniş əlaqələri olan, bu mətbəxdə nələrin necə baş verdiyini əla bilən bir tərəf olaraq özü və ətrafı ilə bağlı nələrin baş verdiyini çox yaxşı bilirdi.
Onun mətbuata münasibəti isə hüquq professoru və ya rektor olaraq deyil, tipik YAP-çı təfəkkürü ilə müəyyənləşir. Məsələn, Tağı Əhmədovun, Əli Insanovun və onlarla, yüzlərlə başqa YAP məmurlarının mətbuata münasibətləri necədirsə, onun da münasibəti elə olub. Amma bu cür adamların hamısının başı daşa dəyəndən sonra mətbuatı yeganə ümid yeri kimi qəbul edirlər. Amma mətbuatı ümid yeri kimi qəbul edənə qədər Elşad Abdullayev də qardaşının azad edilməsi, geri qaytarılması üçün özünün təhlükəsiz saydığı, daha effektiv bildiyi vasitələrdən yararlanmağa üstünlük verib. Bu vasitələrdən isə, o, bütün bu illər boyu davamlı şəkildə istifadə edib və sizə təqdim edəcəyimiz materiallardan da, bu, aydın görünür.

Girov götürülmüş adamın ətrafında sövdələşmə

Elşad Abdullayev təkidlə bildirir ki, qardaşının qaytarılması müqabilində ondan külli miqdarda pullar alınıb və bunların bəzilərini, hətta notarial qaydada təsdiq etdirib. Təsəvvür edirsinizmi, “Azərbaycan dövlətçiliyi” şüarları ilə millətin beynini saxtakarcasına və cinayətkarcasına yuyan bir rejim insanları hansı kökə salıb?! Onları oğurlatdırır, adam oğurlayan cinayətkarlar isə tam cəzasızlıq əhval-ruhiyyəsi ilə (zatən onları cəzalandıracaq kimsə də yoxdu, çünki bu cinayət ən yüksək dövlət məmurları səviyyəsində sifariş edilib) notariusa gedir, girovun azad edilməsi müqabilində pul aldığını imzası ilə təsdiq edirlər.
Bu müqavilənin mətnindən bəzi hissələri sizə təqdim edirik.

Müqavilə
Bakı şəhəri, 09 aprel, 2005-ci il
Biz, aşağıda imza edənlər: bu müqavilənin mətnində birlikdə “Tərəflər” adlandırılan, ayrılıqda isə:
bir tərəfdən Azərbaycan Respublikasının hüquqi şəxsi olan, Nizamnaməyə əsasən hərəkət edən, şəxsiyyəti AZE 01795181 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Abdullayev Elşad Islam oğlu tərəfindən təmsil olunan “Era” ATSC;
ikinci tərəfdən Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyəti XYII-CQ seriyalı, 673915 saylı pasportla təsdiq olunan Sabir Əmir oğlu Hüseynov;
üçüncü tərəfdən AR hüquqi şəxsi olan, Nizamnaməyə əasən hərəkət edən (!), şəxsiyyəti XXYI-CQ seriyalı 640452 saylı pasportla təsdiq olunan Arzu Firudin oğlu Kazımov tərəfindən təmsil olunan “Inşaat 2002" şirkəti;
dördüncü tərəfdən, AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı, 02620348 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Hüseyn Mustafa oğlu Əhmədov;
beşinci tərəfdən AR vətəndaşı, şəxsiyyəti AZE seriyalı 01290111 saylı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunan Nizami Firudin oğlu Kazımov (Arzu Kazımovun qardaşı-red.)
Azərbaycan Respublikası Mülki Məcəlləsinin XIX-XXI fəsillərinə və 881-882-ci maddələrinə uyğun olaraq aşağıdakı müqaviləni bağladıq:
I. Müqavilənin predmeti
1.2. ...Birinci, ikinci və üçüncü tərəflər etiraf edirlər ki, onların arasında ayrı-ayrılıqda bağlanmış olan 27.12.2003-cü il tarixli müqaviləyə əsasən Üçüncü tərəfin ikinci tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində, Birinci tərəfə isə 1.000.000 (bir milyon) ABŞ dolları məbləğində pul öhdəliyindən irəli gələn icra edilməmiş öhdəlikləri vardır.
1.2.1. Həmin öhdəliklərin icrasına olan zərurət aradan qalxmış və Birinci Tərəflə Ikinci tərəf Üçüncü tərəfdən həmin müqavilə üzrə ödənilmiş məbləğin geri ödənilməsini tələb edirlər.
1.3. Birinci, Ikinci və Dördüncü tərəf edirlər ki, onların arasında bu müqavilənin bağlanmasından əmələ gəlmiş öhdəliklər üzrə Birinci tərəfin Dördüncü tərəfə 1.000.000 (bir milyon) ABŞ dolları, Ikinci tərəfin isə Dördüncü tərəfə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində borcu vardır...
Müqavilə üzrə hansısa əmlakın bir nəfərdən alınıb başqa bir nəfərə verilməsi də nəzərdə tutulur və Elşad Abdullayev-bu müqaviləni imzalayan tərəflərdən biri olaraq ortalıqda heç bir əmlakın olmadığını, heç nəyin alınıb-satılmadığını, müqavilənin isə oğurlanan Mahir Abdullayevin geri qaytarılması üçün ödənilən külli miqdarda pulun hansısa formada rəsmiləşdirilməsi üçün tərtib edildiyini bildirir.
Bu, Mahir Abdullayevin geri qaytarılması üçün aparılan sövdələşmələrdən birinin rəsmiləşdirilə bilmiş epizodudur. Bu cinayət faktı ilə bağlı çoxlu sayda yüksək vəzifəli və geniş təsir imkanlarına malik adamlarla danışıqlar aparılıb. Bu danışıqların, demək olar ki, hamısının əsasında pul dayanıb. Iri dövlət orqanları və dövlət məmurları bu sövdələşmə ilə məşğul olublar, bu intriqanın tərəfi olublar.

Növbəti sayımızda Elşad Abdullayevin qardaşının oğurlanması və onunla bağlı aparılan sövdələşmə barədə MTN-ə təqdim etdiyi faktları oxucuların diqqətinə çatdıracağıq. “Azadlıq”ı izləyin...