Bərdə rayon İcra Hakimiyyəti ötən gün Azad Söz internet kanalında Bərdə rayonunun Qazaxlar kənd sakinlərinin koronavirus pandemiyası ilə əlaqədar maddi vəziyyətlərinin pis olduğuna dair yayılan məlumata münasibət bildirib.
“Qafqazinfo”ya daxil olan məlumatda qeyd olunur ki, qurum məsələ ilə əlaqədar real vəziyyəti araşdırıb.
“14 aprel 2020-ci il tarixdə özünü jurnalist adlandıran orta təhsilli kənd sakini Zeynalova Əminə Məhərrəm qızının təşkilatçılığı ilə Azad Söz internet kanalında Bərdə rayonunun Qazaxlar kəndində videoçəkiliş apararaq kəndin özünə yaxın bir neçə sakinindən müsahibə götürüb. Müsahibədə çıxış edən şəxslər bildiriblər ki, koronavirusla bağlı maddi durumları pisdir, imkansızdırlar və dolana bilmirlər.
Rayon İcra Hakimiyyəti məsələ ilə əlaqədar real vəziyyəti araşdırıb. Məlum olub ki, çəkiliş qərəzli aparılıb və orada səsləndirilən fikirlər həqiqətdən uzaqdır.
Miriyev Elmdar Nəriman oğlunun ailəsinin əkin altda olan 2,4 ha pay torpağı, 0,30 ha həyətyanı torpağı, 10 baş iri-buynuzlu malı var.
Nuriyeva Suqra Çərkəz qızı özü təqaüd alır, qızı məktəbdə işləyir, 3,27 ha pay torpağı, 0,10 ha həyətyanı torpağı, 11 baş bordaq malı var.
Ata mülkünə də sahiblənən Eyvazov Əlizamin Məhi oğlunun 1,2 ha pay torpağı, 15 baş iri malı, 0,20 ha həyətyanı sahəsi var. Yaxın vaxtlarda 50-yə qədər qoyunu bazara çıxarıb.
Hacıyev Gülağa Cavanşir oğlunun iki övladı Bakıda yaşayır və işləyir. Özünün 3,35 ha pay torpağı, 3 baş iri malı, 10-a qədər davarı və 0,10 ha həyətyanı sahəsi var.
Qasımov Mehman Qara oğlunun 3,03 ha pay torpağı, 7 ədəd iri malı, 0,40 ha həyətyanı torpağı var.
Müsahibə verən digər kənd sakinləri Əliyev Məhərrəm Mürşüd oğlunun, Muradova Kəmalə Novruz qızının da hər birinin ailəsinin 2,5-4 hektar pay torpaqları, onlarla iri-buynuzlu iri malı, davarı, ev quşları, bağ-bağatları var və əksəriyyəti onlara məxsus torpaqlardan səmərəli istifadə edirlər.
Yeri gəlmişkən koronavirusla bağlı tətbiq edilən karantin rejiminin sözügedən kəndin və həmin şəxslərin əvəlki gün-güzəranına heç bir maneəçiliyi yoxdur.
Öyrədilərək belə yalan məlumat verən şəxslərin bu hərəkəti bu gün 35 minə qədər məcburi köçkünün məskunlaşdığı, nə qədər şəhid ailəsinin, müharibə əlili, yataq xəstələri, həqiqətən imkansız ailələri olan Bərdə və bərdəlilərin, kənd əhalisinin kəskin etirazına səbəb olub”, - deyə İH-nin məlumatında qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər