Almaniyada yaşayan soydaşlarımız bu gün Berlində, Azərbaycan səfirliyi qarşısında həmrəylik aksiyası keçirib.
“Qafqazinfo”nun məlumatına görə, Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.
Əllərində Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları, Azərbaycana dəstək, anti-milli qüvvələrin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər. Aksiyada çıxış edən Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov ölkəmizin inkişafı, ildən-ilə beynəlxalq aləmdə nüfuzunun artması ilə fəxr etdiyini vurğulayıb.
S.Qasımov eyni zamanda, bu uğurlu siyasətə qısqanclıqla yanaşan müəyyən dairələrin son zamanlar apardığı anti-Azərbaycan kampaniyasının təəssüf doğurduğunu qeyd edib. Avropadakı bəzi soydaşlarımızın bu çirkin təbliğat kampaniyasına qoşulmasını və onlardan istifadə olunmasını pisləyən diaspor rəhbəri aksiya iştirakçıları adından onların bu fəaliyyətinə etirazını bildirib. O qeyd edib ki, harada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı “Azərbaycan” adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdriməlidir.
Aksiyada çıxış edən Bonndakı Alman Azərbaycan Cəmiyyətinin sədri Naibə Hacıyeva, Alman-Azərbaycan Mədəniyyət Məkrəzinin rəhbəri Faiq Məmmədov, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı, Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay və başqaları Avropadakı anti-milli qüvvələrin təhqir dolu çıxışlarına etirazlarını bildirərək, onları bütün soydaşlarımız adından danışmaqdan, təhqirdən və nalayiq ifadələr işlətməkdən çəkinməyə, azərbaycançılıq ideyası ətrafında birləşərək bütün səyləri Azərbaycan dəyərlərini, həqiqətlərini təbliğ etməyə səsləyib. İştirakçılar “Hər zaman hər yerdə səninləyik, Azərbaycan!” “Vətəndən kənarda Vətənin adını uca tutun!”, “Azərbaycan Suriya deyil, olmayacaq!” “Bizim gücümüz birliyimizdədir!” “Azərbaycan qürurumuzdur, Qürurumuza toxunmayın!” “Təhqir acizlərin son silahıdır!”, “Azərbaycanın dövlət simvollarını təhqir edənlərə ar olsun!” kimi şüarlar səsləndiriblər.
İki saatdan artıq davam edən aksiya insidentsiz başa çatıb.


Son xəbərlər
Son Xəbərlər