Berlində Xocalıya dair elmi debatlar keçirilib - Fotolar

berlinde-xocaliya-dair-elmi-debatlar-kecirilib
Oxunma sayı: 955

Fevralın 26 –da Berlinin Humboldt Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair elmi müzakirələr keçirilib. Tədbir 1992-ci ildə baş vermiş Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunub.

“Qafqazinfo” xəbər verir ki, ictimai – siyasi xadimlər, millət vəkilləri, diplomatlar, mətbuat nümayəndələri, Azərbaycan diasporasının fəalları, müəllim və tələbə heyəti də daxil olmaqla 200 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin direktoru Şahin Namati-Nasab deyib:

“TEAS Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət !” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyi üçün qürur hissi duyur. 8 may 2008-ci il tarixində başlayan “Xocalıya Ədalət !” kampaniyasının tez bir zamanda geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstək tədbiridir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. Xocalı faciəsinin 24 illiyi münasibətilə TEAS “Xocalıya Ədalət !” kampaniyası çərçivəsində, Strasburq, Stokholm, Vilnyus, Afina, London, Brüssel, Paris, İstanbul, və Florensiya, şəhərlərində tədbirlər təşkil etmişdir”.

Azərbaycan səfiri Pərviz Şahbazov Xocalı qətliamı, Dağlıq Qarabağ və yeddi ətraf rayonun davam edən işğalı barəsində söz açaraq qeyd edib ki, Azərbaycan bu münaqişənin həllində konstruktiv mövqe sərgiləyir. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və işğal olunmuş Azərbaycan ərazilərini tərk etməlidır.