Erməni deputatlar Bakıda nə danışıblar?

ermeni-deputatlar-bakida-ne-danisiblar
Oxunma sayı: 646

Ermənistan parlamentinin "Avronest" Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Vahan Ovanesyan İrəvanda keçirdiyi mətbuat konfransında qurumun Bakı sessiyası ilə bağlı yalan və böhtan xarakterli fikirlər səsləndirib. Vahan Ovanesyan jurnalistlərlə söhbətində bildirib ki, guya Azərbaycan prezidenti "Avronest" Parlament Assambleyasının sessiyasındakı çıxışı zamanı erməni işğalçılarının ünvanına "faşist" ifadəsi səsləndirdikdən sonra, fasilə zamanı azərbaycanlı millət vəkilləri Ermənistandan gələn deputatlara yaxınlaşaraq baş verənlərə görə onlardan üzr istəyiblər.

Vardan Ovanesyanın açıqlamalarına aydınlıq gətirmək üçün Azərbaycan nümayəndə heyətinin "Avronest" Parlament Assamblyesındakı üzvlərindən birinə - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevə müraciət etdik. BAXCP sədri partiyanın mətbuat xidmətinə açıqlamasında Vardan Ovanesyanın fikirlərinin həqiqətə uyğun olmadığını bildirdi: "Əksinə Azərbaycan nümayəndə heyətinin üzvləri bütün görüşlərdə və təmaslarda Ermənistandan olan deputatları qınayır, Ermənistanın yürütdüyü işğalçılıq siyasətinin sonunun olmadığını vurğulayırdılar. Fasilələr zamanı təmaslarımızda Ermənistandan olan deputatlar, o cümlədən Vahan Ovanesyan, Artak Zakaryan və Aram Safaryan bildirdilər ki, İrəvan münaqişənin həlli istiqamətində hər hansı bir addım atmaq gücündə deyil. Münaqişənin həlli artıq beynəlxalq müstəviyə çıxıb. Beynəlxalq güclər, xüsusilə də Rusiya bu prosesdə həlledici sözə sahibdir. Ermənistan isə Rusiyanın əleyhinə getmək imkanında deyil və tamamilə Moskvanın iradəsindən asılı vəziyyətdədir. Vahan Ovanesyan və Artak Zakaryan Rusiyanın iradəsinin əleyhinə çıxış etməyin hansı nəticələrə yol aça biləcəyini təsdiqləmək üçün 1999-cu ildə Ermənistan parlamentində baş verən güllə-baran faktını da nümunə gətirdilər və qeyd etdilər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Moskvanın siyasətinə zidd addım atmaq istəyən hər kəsi Karen Dəmirçiyanın və Vazgen Sarkisyanın taleyi gözləyir". BAXCP sədrinin sözlərinə görə, Ermənistandan olan deputatlar Rusiya haqqında olduqca vahiməli bir şəkildə danışıblar: "Onlar bildirdilər ki, Ermənistanda Rusiyaya qarşı nəinki konkret addım atmaq, hətta kəskin ifadələr işlətmək də mümkünsüzdür. Çünki Ermənistan siyasətçiləri yaxşı bilirlər ki, Rusiyaya qarşı hər hansı bir davranış nəinki onların siyasi karyeralarını, hətta fiziki varlıqlarını belə şübhə altında qoya bilər. Erməni deputatlarının qənaətinə görə, münaqişənin həlli Rusiyadan asılıdır, Rusiya isə mövcud status-kvonu qoruyub saxlamaq istəyir. Buna görə də yaxın vaxtlarda münaqişənin həlli istiqamətində hər hansı bir real addımın atılması mümkün deyil".