“”Erməni məsələsi” və türk- müsəlman soyqırımi” kitabı çapdan çıxıb

ermeni-meselesi-ve-turk-muselman-soyqirimi-kitabi-capdan-cixib-
Oxunma sayı: 1156

“Qafqazinfo”nun məlumatına görə, arxiv sənədlərinə və ciddi elmi istinadlara dayanan bu kitab bir ensiklopedik araşdırma olaraq, “erməni məsələsi” ilə bağlı son yüzilliklərdə İran-Türkiyə-Qafqaz bölgəsində yaranmış ən əhəmiyyətli problemlərə, onların əsas xronologiyasına aydınlıq gətirib. Dünya alimlərinin gəldikləri konkret nəticələrə əsaslanan müəllif İran-Türkiyə-Qafqaz bölgəsində (Güney Azərbaycan, Urartu və Eçmiədzin çevrələri) ermənilərin aborigen kimliyinin puçluğunu da ortaya qoyub. Erməni iddialarının doğurduğu xəyanətkar təcavüz və soyqırımlara, silsilə terror və bölücülüyə geniş yer ayıran X. İsmayıl I Dünya Savaşı zamanı və ondan sonrakı dövrdə Qafqazlar, Güney Azərbaycan və Anadolu türklərinin soyqırımını arxiv sənədləri və dünya müəlliflərinin elmi tədqiqatları əsasında işıqlandırıb. Müəllifin bu tədqiqatlarının özəlliyi ondan ibarətdir ki, o, yeni sənədlər təqdim etməklə yanaşı, həm Azərbaycan, həm də Türkiyə müəllifləri içərisində ilk dəfə olaraq, bütün bölgələrimizdə türk- müsəlman soyqırımını təfsilatı ilə araşdırıb; 1918-ci il azərbaycanlı soyqırımının o dövrün hüquq müstəvisində aldığı qiyməti diqqətə çatdırıb və I Dünya Savaşı fonunda bölgədə baş verən ən mühüm prosesləri əhatə edib.

Müəllif Azərbaycan, Türkiyə arxivlərində çalışmaqla yanaşı, İran, Gürcüstan, Rusiya, Britaniya, Almaniya, Fransa, ABŞ, Quzey Kıbrıs arxivlərindəki gərəkli tarixi materiallar üzərində də araşdırmalar apararaq, bunlardan önəmlilərini oxucuların diqqətinə çatdırıb. O, kitaba həmçinin erməni tarixinin bəzi saxtalaşdırılmış məqamlarını və “erməni soyqırımı”nı təkzib edən elmi araşdırmalarını , Sovetlər zamanında Аzərbaycan xalqından gizli şəkildə davam etdirilmiş Dağlıq Qarabağ uğrunda mübarizənin tarixini, Xocalı faciəsini və onu törədənlərin beynəlxalq hüquqda məsuliyyətini müəyyən edən qanunvericilik aktlarının siyahısını da daxil edib. Kitabda Türk Ordusunun I Dünya Savaşı zamanı və onun fonunda müsəlmanlara qarşı törədilən soyqırımların qarşısını almaq üçün Güney və Quzey Qafqaz, Cənubi Azərbaycan (İran) və Doğu Anadolu bölgələrinə xilaskar hərəkatı da araşdırılıb, adı çəkilən bölgələrdə 1915-1921-ci illərdə baş verən mühüm tarixi hadisələrə aydınlıq gətirilib.

Xarici dillərdə yayınlanması nəzərdə tutulan kitabın “Əlavə bölüm”ündə ən qədim türk (o sıradan Azərbaycan ) yazılı abidələri və əlifbalarının mənşəyi haqqında da bəzi zəruri bilgilər verilib. Kitabda həmçinin “Rus diplomat və hərbçiləri ermənilər haqda”, “Kipr və ermənilər”, “Erməni sui-qəsdi Türküstanda”, “Ermənilərin türk kilsələrinə iddiaları”, “Eçmiədzinə aparılmış oğurluq daş”, “Ermənilərin Rusiyaya ərazi iddialari: İkinci “Qarabağ” hazırlayırlar?”, “Ermənilərin “soyqırımçı” kimi tanıtdıqları Xəlil paşa İrəvanda”, “Qafqazda yer adlarının tarixdən silinməsi” və başqa maraqlı tarixi məsələlər də işıqlandırılıb.

Kitabın rəyçiləri tarix elmləri doktoru, professor Hacı Hacıyev, görkəmli hüquqşünas-alim, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, professor Bəxtiyar Əkbərov, ADU-nun fəlsəfə kafedrasının müdiri professor Məhəmməd Teymurludur.