Ermənifobiya

ermenifobiya
Oxunma sayı: 813

“Bütün bəlalar ondan irəli gəlir ki, biz ermənilər azərbaycanlıların ağrı və əzablarını hiss edə bilmirik, onlar isə öz növbələrində ermənilərin ağrı və əzablarını duya bilmirlər, yəni onların hər biri özü haqqında danışır və müvafiq olaraq, hər biri özünü yaxşı hiss edir, ölkəsini xeyir imperiyası sayır, orada, o tərəfdə isə şər imperiyasının olduğunu, oradakıların yaxşı olmadığını, pis, vəhşi, barbar olduğunu hesab edir...”

Ermənifobiyaya yoluxanların qulaqlarında bu cümlələr qəribə səslənə bilər. Hətta onların unikal “skeptizm”ləridə işə düşər və onlar cığal uşaqlar kimi “ya qan, ya qan” hayqırarlar...Frants Kafkanın “Çin səddi necə hörülür” novellası dərhal yaddaşımda canlanmağa başlayır. Ermənistandan olub Bakıda hakimiyyətdə oturanlar, Qarabağlı olub da İrəvanda xalqı idarə edənlərin Qarabağ siyasətinə qısa bir nəzər saldıqda görürsən ki, bu rejimlər Kafkasayağı, özlərinə məxsus bir “çin səddi hörməkdədirlər”. İlham Əliyevin çıxışlarında etiraf etdiyi kimi əli xalqımızın qanına batan Serj Sərkisyan İrəvanda haray-həşir salır ki, bəs amanın bir günüdür, Levonu ( Ter-Petrosyanı ) hakimiyyətə gətirməyin, o gələn kimi Qarabağı azərbaycanlılara qaytaracaq, o, bir türk simpatizanıdır və s. 2008-ci ildə İrəvanda baş verən iğtişaşlar ərəfəsində bizim ordu qüvvələri nədənsə atəşkəsi intensiv pozurdular. Bu isə qarabağlı komsomol Serjikin əl-qolunu açırdı. “Görürsünüz, mən yıxılsam Azərbaycan ordusu Şuşada oturacaq” kimi eyhamlar vururdu. Və yaxud tərsinə. Bizim iqtidarda eynən opponentlik etdiyi bandokrat erməni iqtidarı kimi xalqı bir növ şantaj etməklə məşğuldur. Qarabağın indiki müxalifətin vaxtında itirildiyini əsas götürən iqtidarımız müxalifətin hakimiyyət olimpində əyləşməsi ilə Qarabağın rəsmən itiriləcəyinin altını cızır. Qarabağdan kart-blanş kimi istifadə edən rejimlərin oxşar cəhətləri çoxdur, nəinki fərqlilikləri: seçki saxtakarlığı, avtoritar sistem, rüşvət, monopoliya, işsizlik, oğurluq və s. Hələ ki, qazanan onlardır. Hakimiyyətlərinin ömürlərini uzadanlar qarlı dağ yamaclarında xizək sürüb, hippodromlarda at yarışına baxa-baxa münaqişəni çözmək istəyirlər, amma çi fayda. Şimallı həmkarlarının təşkil etdikləri görüşlərdə “mehriban” təsir bağışlayan “düşmənlər” vətənlərinə qayıdar-qayıtmaz ağızlarından alov püskürür. Qılıncı yerə qoyub, avtomatı götürür, avtomatı kənara atıb tank sürərək müharibə hazırlıqlarına “start” verirlər. Əldə isə var “0”.

Ancaq bu rejimlər tərəfindən əzilən xalqlar isə dil boğaza qoymurlar. Bir-birlərinə pataloji nifrətlərini gizlətmək nədir, əksinə nümayiş etdirirməkdən həzz alırlar. Mahnı, yemək üstündə qanlarını tökməyə “sıravi əsgər” kimi hazır vəziyyətdə dururlar. Bu yaxınlarda müğənni Aybəniz Həşimovanın qızı Aynişan Quliyeva hansısa tədbirdə erməni həmkarı ilə şəkil çəkdiribmiş. Samuel Consonun tərifini verdiyi “vətənpərvərlər” aləmi qatıblar bir-birinə. Sən demə, Aynişan erməni ilə şəkil çəkdirməklə Qarabağı ermənilərə peşkəş çəkmişdir. Axı, Aynişan kimdir? Sənətə yeni qədəm qoyan bir gənc qız. Nə edib ki? “Qarabağ ermənilərindir” söyləyib? Kənd təsərrüfatı naziri İsmət Abbasov ata yurdu İrəvana qapalı səfərini gerçəkləşdirdikdən sonra bu boğazlarını yırtan “vətənsevərlər” səslərini içlərinə salmışdılar. A.Qukasyanın mikrofununu düzəldən şuşalı Polad Bülbüloğlunada gözün üstdə qaşın var deməyə cəsarəti olanlar tapılmamışdı. Amma jurnalist Eynulla Fətullayevin Qukasyanla bir şəkli qalmadı ki, bütün iqtidar KİV-lərinin ekranı, səhifəsi, monitorunu gəzib-dolanmasın. Səbəb sadədir: “erməni pərdəsi altında opponentlərini çirkaba bulaşdırmaq”.

Cənubi Qafqazda iki xalqın birgə yaşaması labüddür və qaçılmazdır. 71 il bir yerdə yaşayan xalqların arasındakı soyuqluğun şimaldan əsən “sərt külək” olması bizlərdə şübhə doğurmamalıdır. Qarabağ danışıqlarında iştirak edən Vəfa Quluzadə bir vaxtlar “muştuluq” istəyirdi xalqdan ki, bəs problem həll olunur. Görsənən isə odur ki, “nə hərb, nə sülh” variantı mənzərəyə daha yaxındır. Heç kim bizdən verdiyimiz şəhidlərimizi unutmağı tələb edə bilməz, heç kim bizdən “Xocalı faciəsini” yaddaşımızdan silməyi tələb edə bilməz. Unutmamalıyıq, əksinə bağışlamalıyıq. Siyasi mədəniyyət və müasir təfəkkür nümayiş etdirməliyik. Hakimiyyətini bir nöqtədə təmərküzləşdirən rejim monopolist siyasətini Qarabağ sorununda aşkarcasına nümayiş etdirir. Prezidentdən və xarici işlər nazirindən savayı heç kəsin nələrin baş verdiyindən dolğun məlumatı yoxdur. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, nazir postları kimi “Qarabağın azərbaycanlı icmasının” rəhbəri postuna da namizəd Prezident Administrasiyasının personası təyin olunur. Bəs xalqın çiyinlərinə düşən yük nədir? Vətənşüvənlik etmək?