Berti Foqtsun azərbaycanlı “oğlu”...

berti-foqtsun-azerbaycanli-oglu
Oxunma sayı: 3500


Bu gün mən uzun-uzadı Azərbaycanın Bolqartıstana məğlubiyyətindən, baş məşqçi Berti Foqtsun 2008-ci ildən bu yana Azərbaycan futbolu üçün etdiyindən və ya edə bilmədiyindən danışmayacam. Foqtsun azərbaycanlı oğlu barədə bir qədər danışacam. İndi hər kəs mənim bu fikrimi birmənalı qarşılaya bilməz. Fikirləşə bilərsiniz ki, axı Berti almandır və elə vətənində də ailə qurub, övlad uşaq sahibi olub. Onun azərbaycanlı oğlu hardan olsun? Lakin bu barədə bir qədər sonra. Hələlik bir iki cümlə dünənki oyun haqqında...

Dünən Azərbaycan yığma komandası 2016-cı ildə Fransada keçiriləcək növbəti Avropa çempionatının seçmə qrup mərhələsinə start verdi. İlk oyun “Bakcell Arena”da oldu və milli komandamız Bolqarıstana 1-2 hesabı ilə uduzdu. Bu nəticə 2014 dünya çempionatının seçmə qrup mərhələsində 9 xal yığaraq Azərbaycan futbol tarixində rekord nəticəyə imza atan Berti Foqts və onun futbolçuları üçün heç də ürəkaçan olmadı. Çünki görüşün son dəqiqələrinə kimi hesab 1-1 olaraq davam edirdi və yeni tskilə 1 xalla başlamaq şansı var idi. Lakin təəssüflər olsun ki, bu baş tutmadı. Ancaq dünənki Bolqarıstanı millimiz məğlub edə bilərdi. Rəqibin əlinə oyun ərzində qol vurmaq üçün 3 şans düşdü ki, bunlardan birini Kamran Ağayev zərəsizləşdirdi, ikisi isə qol oldu.

Məğlubiyyətin səbəbini bir neçə faktla izah etmək olar. İlk olaraq Ufuq Budak kimi heç bir işə yaramayan matçın əvvəlindən əvəzləndiyi vaxta kimi ancaq buraxdığı səhvlərlə yadda qalan bir futbolçunun millidə olmasını, Dmitri Nazarov kimi topla rahat davrana bilən, texnikası ilə digərlərindən fərqlənən milliləşdirilmiş və ya yerli futbolçuların yığmada azlıq təşkil etməsini və baş məşqçi Berti Foqtsun hücuma və yarımmüdafiəyə kömək lazım olduğu bir vaxta Ruslan Abışovu çıxarıb yerinə müdafiəçi Tərlan Quliyevi salmasını misal gətirmək olar. Hələ Vüqar Nadirov kimi futbolçunu matçın son saniyələrində oyuna daxil etməsini ümumiyyətlə dilimə gətirmirəm. Dilimə gətirmək istəmədiyim bir məqam da millimizin “hücumçusu” Rüfət Dadaşovla baş məşqçi Berti Foqts arasında olan əlaqədir. Bu mənim şəxsi fikrimdir, mənə elə gəlir ki, bu iki insanı bir-biri ilə ata-oğul münasibətləri birləşdirir. Foqts bu Rüfət Dadaşovu öz doğma oğlu kimi sevir. Əgər belə olmasaydı, Almaniyanın “Kayzerslauten” klubunun illərlə əvəzedici heyətində oynayan əksər vaxtı da matçın son saniyələrində meydana girən və hazırda “Regional Liqa”da çıxış edən “Saharbrüggen” adlı klubun heyətində yer alan bir futbolçu dünənki oyunda 90 dəqiqə meydanda qalmazdı. Özünə, işinə, profesionallığına hörmət edən bir baş məşqçi adi pas ötürmək qabiliyyətinə belə malik olmayan, özündən başqa yalnız yaxın çevrəsinin ona futbolçu deyə müraciət etdiyi Rüfət Dadaşovu hər dəfə israrla milliyə dəvət etməz. Hələ bu azmış kimi 10 nömrəli futbolkanı ona həvalə etmək ümumiyyətlə ağılasığmaz bir şeydir. Çünki oyun boyu nadir hallarda ayağına top dəyən və top dəydiyi anda “təkərə düşən” bir futbolçunubn 10 nömrəli futbolka geyinməyi dünənki matçda bütün varlığını meydana qoyan və sona qədər mübarizə aparan Rauf Əliyev, Dmitri Nazarov, Mahir Şükürov kimi futbolçular üçün ən azından təhqir hesab olunmalıdır.

Berti ilə Rüfətin bu münasibəti mənə nədənsə, “Qalatasaray”ın keçmiş baş məşqçisi Roberto Mançini ilə Ceyhun Gülselam arasında olan “isti münasibət”i xatırlatdı. Mançini də Ceyhunu öz doğma balası kimi çox sevir və futbol oynamağı bacarmadığı bir halda hər dəfə start heyətdə və ya sonradan oyuna daxil edirdi. Nəticədə isə hər ikisi klubdan uzaqlaşdırıldı. İndi mənin dediyim odur ki, ay Berti, belə münasibətlərin axırı heç də yaxşı olmur. Ona görə xahiş edirəm növbəti matçlarda “oğlun” Rüfətə bir top ver qoy, getsin o tərəfdə oynasın...