Hər bir toplumun və cəmiyyətin inkişaf etməsi üçün ilk öncə onun hərəkətdə olması vacibdir. Ancaq kürə şəklində olan planetimiz o qədər çalxalanır və dünyada o qədər hərəkətlilik var ki, istəsək də, istəməsək də ətalətdə qala bilmirik. Belə halda ən təhlükəlisi müvazinətini saxlaya bilmədiyindən qeyri-iradi hərəkətin və getdiyin istiqamətin qeyri-müəyyənliyidir.
Bir insanda onun inkişafını və irəliyə getməsini şərtləndirən əsas amil doğru hədəfinin və ona çata biləcəyinə dair inamının və iradəsinin olmasıdır. Cəmiyyətdə və toplumda da eyni amillər daha geniş formada mövcud olmalıdır ki, bu da xalqı doğru istiqamətdə aparan milli ideyanı və ideologiyanı aktuallaşdırır. İdeologiyasız və milli ideyasız bir xalq kütlədən başqa bir şey deyildir. Məhz ona görə idi ki, iyirmi ildən artıqdır Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev bu mərhələdə ölkə mətbuatına verdiyi ən son müsahibəsində gələcək inkişafımızla bağlı milli ideyanın həyati əhəmiyyətinə toxundu.
Bəs nədir bu milli ideya? Yoxsa, biz otuz il idi ideyasızmı yaşayırdıq?
Milli ideyaya yuxarıda qeyd olunduğu kimi cəmiyyətin idarə oluması və düzgün hədəflərə doğru aparılması üçün bir yol xəritəsi də demək olar. Ancaq milli ideyanı müəyyənləşdirmək və onu reallaşdırmaq heç də onu bir cümlə ilə ifadə etmək kimi asan başa gəlmir. Bizim xalq və dövlət olaraq güclənmək və bütövləşmək uğrunda apardığımız mübarizəyə sərf etdiyimiz təkcə zaman bizdən çox şeyləri aldı ki, bu itki daha çox da ola bilərdi. Sadəcə xaqın və dövlətin ümumi hədəfini düzgün qiymətləndirən və ona doğru məntiqlə və ağılla aparan siyasətin olması bizi istəyimizə daha tez çatdıra bildi. Hər bir halda əsas məqam, ümumi hədəfimizə çatmaq və milli istəyimizə nail olmaq idi ki, onu əldə etdik. Bütöv Azərbaycan uğrunda formalaşdırdığımız milli ideya tamamlanmış oldu. Buna görə və xalqımızın bir gün olsun belə milli ideyasız qalmaması üçün dövlət başçısı cəmiyyətdə yeni milli ideya mövzusunun müzakirəsini aktuallaşdırmaq istədi.
Zənnimcə, bütövləşən bir xalq və dövlət üçün yenilənməkdən və inkişaf etməkdən daha vacib ümumi hədəf və milli ideya ola bilməz. Biz bundan öncə də yeni Azərbaycan olmaq istədik, bu yolda çoxlu işlər də görüldü. Ancaq o hədəf daha öncül və daha prioritet olmadığına və bütövləşmədən yenilənə bilmədiyimizə görə buna hələ ki, nail olmamışıq. Dövləti də bir orqanizm hesab etsək ki, bu əslində də belədir, orqanizm bütöv olmadan yenilənə bilmir. Tələyə düşmüş və ya bədənin bir hissəsi qanqrena olmuş bir canlı ya tələdə olan və ya qanqrena olan hissəni kəsib atmalıdır ki, yenidən həyata qayıtsın, ya da daha çətin olanı etrməli və o hissəsini qurtarmalıdır. Azərbaycan da tələyə salınan 20 faiz hissəsini nəyin bahasına olursa olsun, qurtarmağa üstünlük verdi. Biz artıq bütövləşdik, tamlaşdıq və yeni mərhələyə qədəm qoyduq. Ancaq işğaldan azad etdiyimiz, erməni vəhşiliyi nəticəsində yerlə-yeksan edilmiş Ağdam, Füzuli, Cəbrayıl kimi, tam dağıdılmağa imkan edilməmiş Şuşa və ya Xankəndi kimi yerlərdə də idarəetmə mexanizmi tam tətbiq edilməyib. Deməli, dövlət yenilənməyə təkcə azad edilmiş ərazilərlə deyil, bütünlüklə getmək niyyətindədir. Hələ ki, iqtisadi zonalara bölünmüş Qarabağ və Şərqi Zəngəzurun Azad İqtisadi Zona olmaq imkanları da ola bilər. Ancaq əsas əvvəlki problemlərin və çətinliklərin arxada qaldığı indiki reallıqda bu yeni və inkişaf edən Azərbaycan ideyasını reallaşdırmaq üçün komandanın olmasıdır.
Artıq bütövləşən Azərbaycanı həm də yeni və inkişaf edən Azərbaycana çevirmək məqsədinə köhnə düşüncəli və natamam məmurlarla nail olmaq mümkün deyil. Çünki dövlətinin bütövləşdiyini və böyük dəyişikliklər astanasında olduğunu görə bilməyən və ya görmək istəməyən insanın yeniliyə allergiyası var demək ki. Forma baxımından yenilənən, zahirən fərqli olub mahiyyət və məzmunca fərqli olmayan məmurlar da bu prosesə töhvə verə bilməz. Necə ki, dəyişilməyin və yenilənməyin formal olduğunu anlayan və ya yalnız buna iradəsi çatan səlahiyyətlilər gülünc vəziyyətə düşməkdən başqa heç nə əldə edə bilməyiblər.
Elə xarici təhsil diplomlarını toxunulmazlıq sertifikatı hesab edib beş dildə danışan, ancaq sadə xalqının dilini bilməyənlərlə də bu yolu gedə bilməyəcəyimiz artıq göz önündədir. Dünyanın ən mötəbər universitetlərində təhsil alıb və ya proqram keçib bunu yenilənmə və innovasiyanın indikatoru hesab edənlərin bir çoxunun Azərbaycan reallıqları və vətəndaş dövlət ünsiyyəti mövzularında sinifdə qaldıqlarını görməmək mümkün deyil. Ona görə də, bu günə qədər paralel şəkildə bir növ eksperiment kimi aparılan proseslərin nəticəsi kimi deyə bilərik ki, bütövləşən dövlətimiz növbəti milli ideya olaraq yeni və inkişaf edən Azərbaycana doğru təcrübəli və ya gənc olmasından, digər göstəricilərindən asılı olmayaraq sahib olduğu hər şeyi, o cümlədən də təcrübəsini, gəncliyini, düşüncəsini, yenilikçiliyini və hətta bildiyi dilləri belə xalqına və dövlətinə, onun yenilənməsinə və inkişafına həsr edən komanda ilə getmək niyyətindədir. Bunun üçün isə onsuz da sonda daşa dəyəcək və çilik-çilik olacaq şəxsi ambisiyalar, maraqlar və mənafelər kənara qoyulmalı, məqsəd yalnız yeni və inkişaf edən Azərbaycan olmalıdır! Ona görə də qarşıda duran Prezident seçkilərindən dövlətimiz kimi yenilənməyi və inkişafı yeganə çıxış yolu hesab edən altı milyondan çox Azərbaycan seçicisinin böyük gözləntiləri var!
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov