Beş faizdən çox abonent güzəştli limit həddini keçib

bes-faizden-cox-abonent-guzestli-limit-heddini-kecib
Oxunma sayı: 1242

“Azərbaycanda qaz təchizatında sosial siyasətin bir mühüm məqamı da əhali abonent qrupunda qazdan istifadəyə dair aşağı tarifli illik limit həddinin ayırd olunmasıdır”. 

Bu barədə “Azəriqaz” QSC-dən “Qafqazinfo”ya bildirilib. Qeyd olunub ki, hər il əhali abonentlərinə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilir: 

“Bu ilin yanvar-aprel ayları ərzində limit həddini keçən əhali abonentlərinin sayı 122 500 (5,19%), limit daxilində qaz istehlak etmiş abonent sayı isə 2 236 410 (94,81%) təşkil edib”.

Xatırladaq ki,  2020-ci ildə əhali abonentlərinin 20.9 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Yerdə qalan 79.1 % əhali abonenti isə qazdan güzəştli limit daxilində istifadə edib. 2021-ci il may ayının 1-nə olan məlumata görə “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan təbii qazla təmin olunan əhali abonentlərinin sayı 2 milyon 358 min 910-a bərabər olub.