Bu gün www.qafqazinfo.az ünvanı təkcə Azərbaycanda deyil, Qafqazda ən çox kliklənən domenlərdən biridir. Bunun əsas səbəblərindən biri də saytın ilk gündən heç bir siyasi və sosial qruplara fərq qoymadan xəbər sayıla biləcək bütün məlumatlara yer ayırmasındadır. “Qafqazinfo” dövlət qurumları, siyasi təşkilatlar, biznes şəbəkələri, iqtisadi qurumlar, hüquq-mühafizə orqanları ilə ciddi əməkdaşlıq edir və bu əməkdaşlıqda əsas məqsəd operativ xəbər əldə etməkdir.
Saytın 20 nəfərlik əsas kollektivi gənclərdən ibarətdir və bu da oxuculara digər media quruluşları ilə müqayisədə fərqli xəbər təqdim etmək imkanı verir. “Qafqazinfo” iki növbədə 18 saat online olan və sutkada 100-dən artıq məlumatı oxuculara çatdıran internet qəzetdir. Portalın özəlliklərindən biri də yaydığı xəbərlərdə istinad mədəniyyətini əsas tutmasıdır.

“Qafqazinfo”nun əsas maliyyə qaynağı reklam və PR məqalələrindən əldə edilən vəsaitlərdir. Biz həm də ona görə qürur hissi keçiririk ki, portal Azərbaycanın dövlət büdcəsinin formalaşmasında da iştirak edir. Əməkdaşların hər biri ilə rəsmi əmək müqaviləsi bağlanıb, vergilər və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər vaxtında həyata keçirilir. Şirkət ƏDV ödəyicisidir.
Hazırda saytın gündəlik 70 mindən artıq unikal İP-dən 100-120 min, aylıq isə 3 milyondan çox ziyarətçisi var. Saytda gündəlik 1.5-2 milyonadək, aylıq isə 45 milyondan çox klik olur. Oxucuların 90 faizi Azərbaycan üzərindən sayta müraciət edir. “Qafqazinfo”nu fərqləndirən xüsusiyyətlərdən biri də, öz statistikasını açıq yerləşdirməsidir.
“Qafqazinfo” ötən 5 ildə həm də güclü hakker hücumları ilə gündəmə gələn media orqanı olub. Sayt demək olar ki, fəaliyyətinə görə daim hakker təhdidi altında işləyib. Lakin bu, portalın öz prinsiplərindən çəkilməsinə təsir edə bilməyib.

Bu bir faktdır ki, Azərbaycanda “Qafqazinfo”ya müraciət edən insanlar, bu portalda işıqlandırılan əksər problemlər anında həllini tapır. Buna onlarla misal gətirmək mümkündür. Ona görə də, gün ərzində “Qafqazinfo”nun xəbərlərinin bir hissəsini oxuculardan gələn şikayətlər təşkil edir.
Redaksiyanın uğur qazanmasına səbəb olan amillərdən biri də, “Qafqazinfo”nun ilk gündən demokratik idarəetmə prinsipləri ilə işləməsədir.
Beş illik fəaliyyəti dövründə hər gün ölkə gündəmində olmağı bacaran bir media kimi buna görə həm bütün oxucularımıza, həm də tərəfdaşlarımıza təşəkkür edirik.
Və bu münasibətlə “Qafqazinfo” sevərlərin hamısını təbrik edirik!
Son xəbərlər
Son Xəbərlər