Beşqat dünya çempionunun məhkəməsi başladı

besqat-dunya-cempionunun-mehkemesi-basladi
Oxunma sayı: 3212

Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. E.Məcidovun vəkili vəsatət verərək ki, hadisəni görən şəxslərin şahid kimi dindirilmədiyini bildirib və onların şahid siyahısına əlavə edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin etməyib, cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses fevralın 12-də davam etdiriləcək.

İttihama görə, E.Məcidov 2016-cı ildə həyat yoldaşı Müqəddə Dilbazi ilə boşanıb. Cütlüyün nikahndan bir övladı olub.

Uşaq ananın himayəsinə verilib. 2017-ci ildə isə M.Dilbazi məhkəməyə müraciət edərək uşağın xarici ölkəyə aparılmasına icazə verilməsini istəyib. Bununla bağlı E.Məcidovla arvadı arasında uzun sürən məhkəmə çəkişmələri də olub.

Son dövrdə isə E.Məcidov övladı ilə ünsiyyət qurmasına keçmiş həyat yoldaşı və onun valideynləri tərəfindən maneələr yaradıldığını bildirib. İdmançının bununla bağlı müraciətini Binəqədi rayon İcra şöbəsi araşdırıb. Hadisə də şöbənin inzibati binasında baş verib.

İcra məmuru Vüqar Alıyevin otağında görüşən tərəflər atanın uşaqla görüşməsi ilə bağlı mübahisə ediblər.

İddiaya görə, E.Məcidovun keçmiş qayınatası Bəhruz Dilbazi məmurun otağında onu söyüb və kikboksçu qarşı tərəfə bir yumruq zərbəsi vurub.

E.Məcidov Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddələri ilə ittiham olunub. 

Murad Əhməd