Eşşək südü kampaniyası

essek-sudu-kampaniyasi
Oxunma sayı: 3067

“Eşşək yerinə qoyulmaq”, “eşşək kimi işləmək” və sadəcə “eşşək” bizim leksikonumuzda yayılmış kəlmələrdəndir. Axı sakit, səsini çıxarmayan bu canlıya niyə bu qədər hörmətsiz münasibət bəsləyirik?

Hərdən söydüyümüz, hərdən də nümunə götürdüyümüz Avropa bu gün eşşəyə verdiyi qiyməti ilə təəccübləndirir. Eşşəyin südü bu ölkələrdə böyük canqurtaran, şəfa mənbəyinə çevirilib. Bu məsələ o qədər vacib sayılır ki, misal üçün, İtaliyada ildə bir neçə dəfə eşşək südü kampaniyası keçirilir. Özü də bu kampaniya ölkənin Səhiyyə Nazirliyinin göstərişi ilə reallaşdırılır. İnsanlar ana südündən sonra eşşək südünü tərif edir, camaatı bu südü içməyə çağırırlar.

Sən demə, bizim bəzi bölgələrimizdə hələ də “eşşək südü” öz “hörmət”ini qoruyur.
İndi isə hörmətli eşşəyin südünün faydalarını sayıram. Eşşək südü bronxit, astma, xərçəng kimi ağır xəstəliklərin dərmanıdır. Omeqa 3, kalsiumla zəngindir. Sümük əriməsinə qarşı, antibakterial vasitə kimi həzm sistemi xəstəliklərində istifadə olunur. Eşşək südü az proteinli və az yağlı olması ilə də fərqlənir. Kleopatra eşşək südü vannası qəbul etməklə yaşlılıqla mübarizə aparırmış. Hazırda xarici həkimlər ana südünə allergiyası olan körpələrə keçi südündən çox eşşəyin südünü məsləhət görürlər. Qərbdə eşşək südünü içməklə yanaşı, ondan sabun, krem, şampun da istehsal olunur.
Məncə bunları bizimkilər də bilir. Hətta xərçəng xəstəliyi olan bir neçə insanın kimyaterapiyadan sonra eşşək saxladığını da eşitmişəm. Əslində dədə-babadan qalma müalicə yollarında eşşək südü də yer alır və bu gün də bunu tətbiq edənlər nadir də olsa var. “Ögey ana” filmində də ölməz korifeyimiz Nəsibə Zeynalovanın yaratdığı Fatmanisə obrazının dili ilə( Dilarə həkimin qəbulu səhnəsində) də eşşək südü tərifi edilir: “Sarımsağın kötüyünü eşşək südündə yaxşıca qaynadıb içirsən, bir az da qırmızı istiot qatırsan, içirsən heç nəyin qalmaz....”. Fatmanisənin bu resepti həkimi də hirsləndirir və biz də bu səhnəyə hər baxanda gülürük. Amma bu səhnədə deyilənlərdə çox həqiqət olduğunu dərk etməyə dəyər. Mən demirəm ki, bu gün durub başlayın eşşək südü axtarıb, tapıb onu içməyə. Bu çox gülməli olardı. Təssəvvür edin, biri diğərindən soruşur ki, “nə içirsən?”. O biri də cavab verir ki, “eşşək südü, sənə də gətirim.” Bu cavabdan sonra nə baş verəcəyini özünüz fikirləşin. Bizə vaxt lazımdır.

Bu gün inkişaf etmiş ölkə dediyimiz yerlərdə, apteklərdə “eşşək südü” dərman adı altında satışdadır. Avropada bir stəkan eşşək südü 30 avrodan başlayan qiymətlərlə satılır. Avropa canını sevir və keçmişə qayıdıb, təbiətdən dərman alır. Bizimkilər isə vaxtiylə qiymətli olan bu şəfaverici mayeni çətin ki, yenidən qiymətə mindirə. Heç sərf etməz də. Onda apteklərin çoxu bağlanar, camaat zəhərli, saxta dərmanlardan vaz keçib darışar “eşşək südü”nə.

Türkiyə yenə irəlidədir. Maraqlısı ondadır ki, türkiyəli həkimlər pasiyentlərini “eşşək südü” içməyə dəvət edirlər. Son bir neçə ildə təlabat, şəfa tapan o qədər coxalıb ki, artıq tanınmış həkimlər böyük layihə həyata keçirib. Qibtə ediləcək həkimlər böyük eşşək təssərüffatı qurublar. Xüsusi texnologiya və nəzarətlə eşşək südü istehsalına başlayıblar. Hətta həkimlər Türkiyədə eşşəyin tükənməsi kimi həyəcan təbili də çalırlar. Vallah, belə həkimlər alqışlanmalıdır.

Türkiyədə hətta eşşək südü təklif edən saytlar da fəaliyyət göstərir. Bir litr eşşək südü 60 türk lirəsinə bərabərdir.

Eşşək saxlamaq asandır. Bunu bu sahədə təcrübəsi olan fermerlər deyirlər. Bu canlı az yeyir, amma elə az da süd verir. Bir eşşək günaşırı da süd verə bilər. Sağılan eşşək ən uzağı iki litr süd verir. Bir az bu yerində səbirli olmaq lazımdır. Elə bu səbəbdən də südün qiyməti bir qədər baha başa gəlir.

Sonuncu eşşək südü “reklam”ı məsələsini də elə-belə demədim. Nə bilim deyirəm camaat rayon, kənddən baş götürüb qaçır şəhərə. Bizim əlimiz bala batıb, onlar qalıblar. Bakıya yazığım gəlir, paytaxtlıqdan çıxıb. Adına kəndli, rayonlu adını yaraşdırmayanlar! Qalın öz ata-baba yurdunuzda, yaradın eşşək təsərüffatı. Həm gərəkli, həm savablı, həm də gəlirli iş. “Eşşək südü” biznesini özünüzə yaraşdırmınızsa, bu başqa məsələ. Mən ideyamı bildirdim. Amma sabah bir əcnəbi gəlib bələd olduğunuz torpağınızda bu biznesi qursa, peşiman olacaqsız. Məncə, eşşəyə olan qiyməti, “hörməti” bərpa etmək zamanıdır. Yaxşı fikirləşin.