Eşşəklik

esseklik
Oxunma sayı: 654

Bir az da diqqət etsəniz rayon ərazisində Ağ göl Milli Parkının adını oxuya bilərsiniz. Bax həmin ceyranlı-cüyürlü, ördəkli-qazlı, vaşaqlı-qabanlı qoruq ərazisinin yaxınlığındakı balaca təpəciyin üstündə İstisu adlı bir məkan var. Kükürdlü su çıxır. Yerin təkinə yeridilmiş paslı trubadan qaynayan bu suya alışqanla balaca od verəndə məşəl kimi alovlanır.

Bilənlər bilir, kükürdlü su orqanizm üçün çox faydalıdır. Hələ suyun altındakı qara, yumurta iyi verən palçıq... Adam paslı trubanın qarşısındakı hovuzda timsah kimi ağnayanda özünü, yalan olmasın, cənnətül-əlada hiss edir.
Bura çoxlu adamlar gəlir. Qışda, hava soyuq olanda belə! Su isti olduğuna görə, içinə girdinmi, istəyirsən kənarda temperatur mənfi iyirmi olsun, hiss etməyəcəksən. Bircə bacarasan, çıxanda soyuğa yaxalanmayasan!

Bu cənnət məkan çox adamlara şəfa verib. İstisuyun həndəvərində qoyun otaran çobanların birini danışdırdım o günü. Əyri koğasını yaxınlıqda otlayan boz sürüyə uzadıb dedi: “Bu qoyunun bərəkəti haqqı, elə oluf, duz bütöy bədənini tutan yaşdı qadını nasılqada gətiriflər bura, iki-üç gün suya girənnən sonqra başdıyıf yeriməyə...”

Nəinki revmatizm, üstəlik qan-damar, dəri xəstəlikləri, oynaqlarda ağrılar, əzələ və ya sinir narahatlıqları bu sehrli suyun təması ilə sağalır, yüngülləşir.
Bir də görürsən beş-altı maşın gəldi, uşaqlı-böyüklü tökülüşüb durna kimi qaqqıldaşa-qaqqıldaşa hovuzda çimişdilər, sonra ocaq qalayıb yemək yedilər, ən axırda maşınların birindəki musiqi mərkəzini işə salıb balacaları oynatdılar. Xüsusən yazqabağı... Al-əlvan paltarda rəqs edən balacalara elə onlara bənzəyən çiçəklər uzaqdan əl eləyir, musiqini duyurmuş kimi göl tərəfdən əsən mehin altında oynaşırlar. Bir sözlə kef!

Amma mən hər dəfə İstisuya gedəndə qanım it qanına dönür, təzyiqim qalxır və qədirşünas xalqımıza inamım bir az da azalır. Nədən ki, bu gözəl məkanın ətrafını dəhşətli zibilxanaya döndəriblər: boş butulkalar, plastik qablar, siqaret qutuları, siqaret kötükləri, əzilmiş metal bankalar, yemək və sümük qırıntıları, sellofanlar, çirkli alt paltarı, cındır ayaqqabılar və sairə və sairə...

Yaxşı, başa düşdüm, yaxınlıqda zibilxana yoxdur və adamlar ərindiyindən haradasa quyu qazıb bu zir-zibili basdırmırlar. Bəs şüşə butulkaları qırıb hovuzun ətrafına səpməyə sözünüz nədir? Yaxşı bunu da yozaq: kefli cavanlar içdikləri araq və pivənin şüşə qablarını qumbara kimi hovuzun həndəvərindəki daş və betonlara çırpıb partlatmağın ləzzətini çıxarırlar. Bəs bu şüşələri hovuzun içinə atıb insanlar üçün həyati təhlükə yaratmaq nə demək?!

Hələ bu harasıdır. İstisuya sonuncu gedişimdə suyun xeyli azaldığını fərq etdim. Səbəbini soruşanda az qaldım havalanam: trubanın içinə daş doldurublarmış!
Həmin xeyirxah çoban:
“O günü qolumu çırmalayıf, əlim çatınca turbanın içindəki daşdarı çıxartdım...
Əlim çatmayanlar qaldı...”

Allahın verdiyi nemətlərə, o cümlədən, işığa, istedada, yaxşı və ləyaqətli adamlara bu faşist münasibətin səbəbi nədir görəsən?
Bu barədə çox düşündüm, çox daşındım, amma başlığa çıxardığım sözdən savayı ağlıma bir şey gəlmədi.
İraq üzünüzdən!