“Eurovision” finalçılarının iddialı açıqlamaları - Fotolar

eurovision-finalcilarinin-iddiali-aciqlamalari-fotolar
Oxunma sayı: 655

Azərbaycanın “Eurovision-2012” təmsilçisi məhz həmin gün keçiriləcək final yarışmasında məlum olacaq. Hazırda finala hazırlaşan beş namizəd final öncəsi fikirlərini APA-ya bölüşüblər. Hər beş ifaçı finala hazırlıq, eyni zamanda mötəbər müsabiqə üçün milli finaldakı şanslarını qiymətləndiriblər.

Səbinə Babayeva: “Gün ərzində cəmi 4 saat yatmağa vaxtım qalır”


“Eurovision – 2012” müsabiqəsində Azərbaycan təmsilçisi kimi daha çox adı hallanan və şansı rəqiblərindən daha çox qiymətləndirilən Səbinə Babayeva milli seçimlərdə 4 ildir iştirak etdiyini deyib: “Artıq 4-cü ildir ki, “Eurovision” mahnı müsabiqəsinin milli seçimlərinə qatılıram. Hazırda həm rəqs, həm də vokal üzərində ciddi çalışıram. Demək olar ki, səhər tezdən evdən çıxır, gecə evə qayıdıram. Gün ərzində cəmi 4 saat yatmağa vaxtım qalır. Dostlarımla, valideynlərimlə məsləhətləşirəm. İstəyirəm ki, ən mükəmməl çıxışımı məhz finalda görsünlər”. S.Babayeva təmsilçi adı qazansa, Azərbaycanı müsabiqədə layiqincə təmsil edəcəyini də əminliklə vurğulayıb.

Elton İbrahimov: «Təmsilçi kim olursa olsun, mən buna şad olacağam»


Elton İbrahimov milli finala düşməyi özü üçün böyük şans hesab edir və düşünür ki, o, finalda münsiflər heyətinin inamını qazanmağı bacaracaq: “Ümid edirəm ki, mən bunu bacaracağam, hər şey alınacaq. Yarımfinalda özümü tam göstərə bilmədim, amma inanıram ki, finalda öz vokal və rəqs imkanlarımı 100 faiz nümayiş etdirə biləcəyəm. Finalda çox güclü ifaçılar var. Onların hər birinə uğurlar diləyirəm. Beş finalçının hər biri digərindən hansısa nüanslarda fərqlənir».

Münsiflər heyətinin bu finalçılar arasından ən layiqlisinin və yaxşısının seçiləcəyinə inandığını deyən E. İbrahimov, nəticənin necə olmasından asılı olmayaraq, seçilən təmsilçi üçün şad olacağını vurğulayıb: “Kim olursa olsun, mən buna şad olacağam. Çünki o, Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək və hər kəs ona dəstək olmalıdır”.

Arzu İsmayılova: “Məlahətli səsimin olması digər iştirakçılardan məni fərqləndirir”

«Düzünü desəm əvvəlcədən də “Eurovision”a qatılmaq istəyirdim. Seçimlərin başladığını eşitdiyimdə bura qatılmağa qərara gəldim. Bu yarışma mənim üçün çox əyləncəli və önəmli bir yarışmadır». Bu fikirlər isə finalçılar arasında daha azyaşlı olan Arzu İsmayılovaya məxsusdur. O bildirib k, təmsilçi peşəkarlar tərəfindən seçiləcək: «Mənim digər dörd finalçıdan üstünlüyümü münsiflər heyəti daha yaxşı deyə bilər. Çünki onların zəhməti də az olmayıb. Səsimin gözəl və məlahətli olması da mənə kömək etdi. Ola bilsin məlahətli səsim olduğuna görə qalib ola bilim. Məlahətli səsimin olması digər iştirakçılardan məni fərqləndirir. Dörd iştirakçının hamısı yaxşı ifa edir. Hər birimiz özümüzə görə istedadlıyıq. Ona görə də onlar mənim, mən də onlar üçün rəqibəm. Düşünürəm ki, təmsilçilik şansı qazanmaq üçün səs ön planda olmalıdır. Baxmayaraq ki, performans da vacibdir, ancaq əsas səsdir. Bu səbəbdən səsimi daha çox büruzə verəcək mahnı seçməyə çalışıram».

A. İsmayılova hər kəsdən dəstək gözlədiyini də əlavə edib: “Hər kəsdən dəstək gözləyirəm. Səsimə və özümə güvənirəm. Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil edəcəyimə inanıram. Seçilsəm, bunun üçün əlimdən gələni edəcəyəm».

Fəqan Səfərov: «Əgər ölkə təmsilçiliyinə seçilsəm, Azərbaycanı uğurla təmsil edəcəyimə inanıram»


Dördüncü finalçı Fəqan Səfərov APA-ya açıqlamasında deyib ki, özünü bu müsabiqədə təmsilçi olaraq görür və güvənir: «Finaldakı çıxışlarımla tamaşaçıları daha çox sevindirəcəyəm. Buna ciddi hazırlıq görürəm. Finalda təbii ki, hamı kimi uğur gözləyirəm, amma hər şeyin zamana ehtiyacı var. “Eurovision” əslində ifaçı üçün yaradıcılıqda xüsusi bir izdir. Yəni sən ölkəni uğurla təmsil edirsən, daha sonra da yaradıcılıqla məşğul olursan. Amma artıq sənin karyeranda başqa bir dönüş yaranır». Rəqiblərinin də layiqli ifaçı olduğunu bildirən F. Səfərov, səs diapazonuna görə digər finalçılardan fərqləndiyini deyib. Finalçı vokal imkanlarının böyük olduğunu, təmsilçi seçilsə, Azərbaycanı uğurla təmsil edəcəyini vurğulayıb.

Orxan Kərimli: “Özümdən başqa heç kimi təmsilçi olaraq görmürəm”


Orxan Kərimli isə Azərbaycanın “Eurovision-2012” müsabiqəsində ən layiqli təmsilçi kimi özünü görür: «Özümdən başqa heç kimi təmsilçi olaraq görmürəm. Əgər seçilməsəm, bir daha özümü sınamayacağam. Finala düşə bildiyim üçün özümü çox xoşbəxt hiss edirəm. İlk dəfədir milli seçim turlarına qatılıram və finala güclü hazırlaşıram. Özümə güvənirəm. Finalçılar hamısı çox məharətli və istedadlıdırlar. “Eurovision” gənclik müsabiqəsidir, gənc ifaçılar üçün çox mühüm təkandır. Mənə elə gəlir ki, “Eurovision” üçün lazım olan bütün xüsusiyyətlərə malikəm. Xarizma, rəqs bacarığı, səhnə obrazı və digər məsələlərdə mən seçilirəm».