Ev almaq istəyən jurnalistlərə güzəşt – Şad xəbər

ev-almaq-isteyen-jurnalistlere-guzest-sad-xeber
Oxunma sayı: 972

İctimaiyyətlə Əlaqələr Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının İctimai Siyasi Şöbəsinin sektor müdiri Vüqar Əliyev, Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov, yarışmanın baş sponsoru "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın Adminstrativ İşlər və Koordinasiya Departamentinin rəhbəri Şahin Məmmədov və Korporasiyanın İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Afaq Quliyeva, eləcə də AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu iştirak edib. Turnirin Təşkilat Komitəsinin sədri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” yarışmaya baş sponsorluq etməyə başladıqdan sonra bu futbol turnirinə maraq daha da çoxalıb.

Yeni Azərbaycan Partiyasının icra katibi, deputat Əli Əhmədov isə ümummilli liderin mediaya dəstəyini önə çəkib. Qalibləri təbrik edən Əli Əhmədov baş sponsor "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyasına təşəkkürünü bildirib.

Prezident Administrasiyasının İctimai-siyasi Şöbəsinin sektor müdiri Vüqar Əliyev də qeyd edib ki, H. Əliyev daim ölkədə güclü medianın olması üçün əlindən gələni edib.
Sonra baş sponsor "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyasının nümayəndəsi Şahin Məmmədov çıxış edib. Ş. Məmmədov təmsil etdiyi korporasiyanın “Şərq” qəzetinin müraciətini müsbət qəbul edərək jurnalistlər arasında keçirilən bu yarışmaya dəstək verməyə hazır olduğunu bəyan edib. Artıq ikinci ildir ki, "AKKORD" qaliblərə xüsusi mükafatlar, pul hədiyyələri verir və bundan sonra da öz dəstəyini göstərəcək.
Ş. Məmmədov turnirin Təşkilat Komitəsinə müraciət də edib. Onun fikrincə, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu maraqlı yarışmada "AKKORD"un da komandası iştirak etmək istəyir. Şirkətin futbol komandasının mövcud olduğunu deyən Ş. Məmmədov bildirib ki, növbəti il jurnalistlərin həmrəylik yarışmasında onlar da öz güclərini sınamaq arzusundadırlar.

"AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva isə çıxışında qeyd edib ki, şirkət daim bu turnirə öz dəstəyini göstərir. Onun sözlərinə görə, futbol turnirindən kənar işlərdə də “AKKORD” media nümayəndələrinə öz köməkliyini əsirgəmir. Şirkətin inşa etdiyi möhtəşəm yaşayış massivlərindən jurnalistlərin ev alması üçün lazımi güzəştlər edilir və onlara yaxşı şərait yaradılır. A. Quliyeva bildirib ki, bu gün keçirilən turnirlə bağlı və qarşıdan gələn 28 May “Respublika Günü” münasibəti ilə Korporasiya rəhbərliyi jurnalistlər üçün yeni bir güzəşt tətbiq edilib. “AKKORD”dan nağd ödənişlə mənzil almaq istəyən media nümayəndələrinə əsas məbləğdən 10 faiz güzəşt ediləcək.

Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Öncə turnirdə fərqlənən futbolçular hədiyyə və pul mükafatı alıblar. “Ən yaxşı qapıçı” - Mahmud Yusubov (ATV); “Ən yaxşı müdafiəçi” - Firdovsi Fərzəliyev (Şərq); “Ən yaxşı yarımmüdafiəçi” - Fərhad Həsənov (AzTV); “Ən yaxşı hücumçu - Nurani İsgəndərov (ATV); “Ən yaxşı oyunçu” - Sultan Piriyev (Şərq); “Ən ədalətli hakim” - Azər Məmmədov olub. Bu nominasiya üzrə qaliblərə 150 manat pul mükafatı, diplom və xatirə hədiyyəsi verilib.
Sonra III yerin sahibi AzTV-nin komandasına kubok və 300 manat, II yeri tutan ATV-nin komandasına kubok və 500 manat verilib. Turnirin çempionuna isə kubok və 1000 manat pul mükafatı təqdim edildi.

"AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası” yarışa göstərdiyi mənəvi dəstəyi görə Yeni Azərbaycan Partiyasına xüsusi ödül bağışladı. Mükafat partiyanın icra katibi Əli Əhmədova təqdim edildi. Eyni zamanda AFFA-ya və Bakı Dövlət Universitetinə də xatirə hədiyyəsi verilib.

Turnirin təşkilatçısı “Şərq” qəzeti isə "AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyası”na və yarışmada fərqlənən 3 komandaya diplom və hədiyyələr təqdim edib.

“Səs” qəzetinin və “Səs” İnformasiya Agentliyinin (SİA) birləşmiş komandası “ən intizamlı komanda” nominasiyasının qalibi olub. İctimai Televiziya və ANS telekanalı yarışmaya göstərdiyi informasiya dəstəyinə görə diplom və hədiyyələrlə təltif ediliblər.

Nigar Məmmədli