Evdar qadın, yoxsa alın tərilə çörək qazanan fahişə...

evdar-qadin-yoxsa-alin-terile-corek-qazanan-fahise
Oxunma sayı: 712

Əslində, biz bu gün polisimizin qəhrəmanlığı ilə bağlı video-süjetlər yaymalı və elə polisimizin olmasıyla qürur duymalıydıq. Şükür ki, ara-bərə, hətta hərbi nizamnamənin pozulması hesabına, epizodik olsa da, ordumuzda hansısa qəhrəmanlıq olayları baş verir. Mübariz İbrahimovla bağlı olay kimi. Hələ də sosial şəbəkələrdə, hətta avtomobillərin ön, arxa şüşəsində onun şəkillərinə rast gəlirik. Adi şəkillərdi. Şəhid qardaşımız hərbi geyimdə, çiynində pulemyot dayanıb obyektivə baxır. Bəli, adi şəkillərdi, onları qiymətə mindirən şəkildəkinin sonradan elədiyi qəhrəmanlıqdı. İndi haqqında danışacağım videonunsa nə özü adidi, nə onun personajlarının icra elədiyi hərəkət.

Süjet

İki polis işçisi ortayaş bir qadını süpürləyib. Deyəsən tutub harasa aparmaq istəyirlər. Qadın var-qüvvəsilə çalışıb əllərindən çıxmaq istəyir. Əvəzində polisin amansız rəftarı sayəsində koftası tam olaraq əynindən çıxır və yarıçılpaq qalır. Yerdə sürünərkən isə uzun yaşıl tumanının ətəyi ombasınacan sivrilir. Polis nəfəri onu zorla qaldırıb yaxındakı maşının arxasına, özünü isə ona dirəyir. Adama elə gəlir ki, polisin bir məqsədi var: qadını zorlamaq! Qadın çapalayıb yenidən polisin əlindən çıxır. Süpürləyib, onu yenidən yerə yıxır, qollarını bururlar. Yenidən üstü açılır. Və o, cəld ayaqlarını sıxır, daha doğrusu, sıxmağa çalışır ki, yad və ac nəzərlər daha dərinə getməsin. Bu xanım ev qadını, ya ehtiyac üzündən yollara düşən biri də ola bilər. Ancaq bir şey aydındı: o, ən fövqəladə anda belə küçədə üstünün açılmaması, bədəninin, necə deyərlər “ayıb yerləri”nin görünməməsinin qeydinə qalır, onu sürüyəndə də, “el görər, nə deyər?” - düşünür. Budur Azərbaycan qadını.

Nə isə, qadın qışqırır, çapalayır, yalvarır, var gücüylə müqavimət göstərir, polislərin əlindən qurtulmağa çalışır. Buraxın,- deyir,- buraxın... Deyir, deyir, deyir, deyir... Bəlkə yüz dəfə: “Buraxın, mənim .... sınıb... buraxın, mənim ... sınıb...” Nə qədər diqqətlə dinləsən də, anlamaq olmur ki, o, nəyin sındığını bildirir və niyə bu qədər ondan narahatdı. Onun dediklərini ancaq yoldan ötənlər, videoya alanlar, bir də videoya baxanalar eşidir, polis isə elə bil anadangəlmə lal və kardı. Videoya alanlar isə “mırt tutarcasına” gülür, əylənirlər. Qadın o sınan nəyinsə polisə əsər eləmədiyini anlayıb dözmür və deyir: “Axı sizin də ananız-bacınız var...” Polis isə Çingiz Aytmatovun “Gün var əsrə bərabər”ində juan-juanların yaman günə qoyduğu noymanlı gənc kimi anadan-bacıdan anlamır. O, insanları sadəcə iki yerə ayırır: ağası və düşmənlər.

Bütün bu yalvarışların, xatırlatmaların fonunda bir itin qorxu içində hürüşləri eşidilir. İtin səsində o qədər narahatlıq var ki! Sanki bu olay onun bütün mənliyini sarsıdır, ürəyini parçalayır, it qürurunu alçaldır, ancaq əlindən hürməkdən başqa bir şey gəlmir ki, gəlmir. Düşünürsən: barı o bacardığını eləyir - hürür. Yoldan ötənlər isə sakitcə sağa-sola ötüb keçir, yavaşca ayaq saxlayıb, çox güman ki, erotik sadizm nümunəsi saydıqları olayı izləyir, sonra yollarına dava eləyirlər. İt isə boğazını cırmaqdan yorulmur...

Mən bu qadının sosial kimliyini bir daha düşünürəm. Bəlkə o, adi bir evdar qadın, bəlkə yol qıraqlarında alın tərilə çörək qazanan fahişədi. Lakin bunun nə fərqi? O, Azərbaycan vətəndaşı deyilmi... Məsələnin ən ümidsiz tərəfi də onun hətta fahişə olması deyil, elə Azərbaycan vətəndaşı olmasıdı.

İt videonun sonuna kimi hürür, yəqin sonra da hürəcək. Azərbaycan isə sükut içindədi. Bəs görəsən o sınan nəymiş?..