Əvəz Zeynallıya ölüm təhdidi!

evez-zeynalliya-olum-tehdidi
Oxunma sayı: 689

“Xural” qəzetinin son sayında “Polis rəisini otağında döydülər!!!” başlıqlı yazı dərc olunub. Yazıda Binəqədi Rayon Polis İdarəsinin rəisinin hansısa yüksək çinli məmurların obyektlərinə haqq qoyduğuna dair məlumatlar yazılıb. Qəzet işıq üzü görəndən sonra, həftənin bazar ertəsi, saat 11.42-də baş redaktorun telefonuna 050.211.84.76. nömrəli telefondan zəng gəlib. Zəng edən şəxs özünü Binəqədi Rayon Polis İdarəsinin rəisi kimi qələmə verib və salam-sağ ol etmədən nalayiq söyüşlərlə Əvəz Zeynallını təhqir etməyə başlayıb. Söyüşlərdən hədə-qorxuya keçən Ağalar Məhərrəmov baş redaktoru ölümlə hədələyib və “səni bura gətirərlər, o zaman görərsən” deyib. Baş redaktor Əvəz Zeynallı polis rəisi Ağalar Məhərrəmovu dəfələrlə ədəb-ərkana, tərbiyəli danışmağa, özünü mədəni aparmağa dəvət etsə də, Ağalar Məhərrəmov buna məhəl qoymayıb.

Baş redaktor Əvəz Zeynallı Binəqədi Rayon Polis İdarəsinin rəisi Ağalar Məhərrəmovun hədə-qorxu zənğlərindən sonra dərhal 102-yə telefon açıb və olanlar haqqında ətraflı məlumat verərək tədbir görülməsini tələb edib. 102-dən sonra Əvəz Zeynallıya Nərimanov Rayon Polis İdarəsindən və 17-ci Polis Bölməsindən telefon edərək məsələylə maraqlanılıb və işin icraata götürüldüyü haqqında ona məlumat verilib.

Əvəz Zeynallı Daxili İşlər naziri Ramil Usubova müraciət edib, DİN Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidova məsələ ilə bağlı ətraflı məlumat verib.