- “Xəzər Lənkəran”dan ayrılmağınızın səbəblərini açıqlaya bilərsiz?
- Burada gizlətməli heç bir şey yoxdu. Sadəcə bizə dedilər ki, “gəncləşdirmə siyasəti” aparırıq. Ona görə də səninlə yola davam etmək istəmirik. Bundan sonra orada qala bilməzdim.
- Bəs, mətbuatda yazılanlara inansaq, klub rəhbərliyi futbolçulara az maaş qarşılığında komandada qalmaq təklif edib...
- Mənə kimsə belə bir təklif etmədi. Onlarla görüşdüm və konkret belə dedilər ki, biz yolumuza öz yetirmələrimizlə davam edəcəyik. Transfer vərəqələrimizi verdilər və klubdan ayrıldıq.
- Sizcə, “Xəzər Lənkəran”ı bu duruma gətirib çıxaran nə oldu?
- Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar. Mən nə deyə bilərəm ki? Onlar qərar verdilər və hər şey dəyişdi. İndi gənclərlə yola davam edirlər. Uğurlar arzu edirəm.
- Oğuz Çətin komandaya baş məşqçi təyin olunandan sonra Azərbaycanın bir neçə üzdə olan futbolçusunu – Əfran İsmayılovu, Rauf Əliyevi və sizi heyətə qatdı. Hər kəs mövsümün ən iddialı komandalarından biri kimi sizi görürdü. Amma alınmadı...
- Birinci onu deyim ki, bizim bəxtimiz gətirmirdi. Çox oyunlarda rəqibdən üstün oynadıq, gözəl futbol nümayiş etdirdik, amma nəticə əldə edə bilmədik. Sonra hücumda yeganə ümidimiz olan Rauf Əliyev də zədələndi. Komanda ön xəttdə necə oynayacağını bilmirdi. Çünki forvard olmayanda çətinlik yaranır. Bir hücumçu ilə də heç nə etmək olmur. O ki qaldı, həmin tək forvard da zədələnə.
- Rəşad, Oğuz Çətini komandanı hücumçusuz saxladığına görə qınamaq olarmı? Çünki siz mövsümə 3 hücumçu ilə başladınız. Amma çempionatın startından sonra Mbilla Etame və Junior Nildo göndərildi...
- Deməzdim ki, qınamaq olar. Amma ən azından bu iki forvarddan birini komandada saxlamaq olardı. Çünki düşünməliydi ki, Rauf zədələnə bilər, hücumçuya ehtiyac ola bilər.
- İddiası olmayan “Xəzər Lənkəran” görmək sizə necə təsir edir? Onların gənclərlə davam etməsi çempionatdakı rəqabəti azalda bilər?
- Əlbəttə ki, bu komanda çempionata marağı artırırdı. Onların iddialı olmaması klublar arasındakı rəqabətə çox təsir edəcək. Heç azarkeşlər də öz komandalarını bu vəziyyətdə görmək istəmirlər. Onlara çox ağır olacaq.
- Lənkəran klubundan ayrılıb mövsümün ilk yarısının digər uğursuzu “Qəbələ” ilə müqavilə bağladınız.
- Artıq Antalyada təlim-məşq toplanışındayıq. “Qəbələ”də Premyer Liqanın iddalı komandalarındadı. İnanıram ki, burda mənim üçün hər şey yaxşı olacaq.
- Komandanın yeni baş məşqçisi Roman Qriqorçuk haqqında nələ bilirsiz?
- Onun haqqında məlumatım var. Məncə, çempionatın ikinci yarısında daha yaxşı çıxış edəcəyik.
- Yeni komandanızla 6 aylıq müqavilə imzalamısınız...
- Danışıqlar apardıq və belə razılaşdıq. Ola bilər ki, mövsümün sonunda yenidən müqaviləmi uzadaq. Bunun üçün özümü yaxşı tərəfdən göstərməliyik. Antalyada yaxşı hazırlıq keçib mövsümün ikinci yarısında daha uğurlu start vermək lazımdı.
Elsevər
Son xəbərlər
Son Xəbərlər