“Ey dad, ey dadibedad, ay zalım, ay bidad...” – Seirlər

ey-dad-ey-dadibedad-ay-zalim-ay-bidad-seirler
Oxunma sayı: 1437

Mikayıl Müşfiqin türmədəki şəklinə segah

Hər bir şairin gözəl bir şəkli olsun gərək
Şeir yazmağa,
Divardan asmağa,
Üstünə gül qoymağa.
Nə qədər elədik bizim bir gözəl şəklimiz çıxmadı
Nə qədər nə qədər elədik, elədik
Ay kimi alnımıza güllə doğmadı,
Fotoqraf şəklimizi çəkmədi,
Dostlarımız üzümüzə durmadı,
Arvadımız dəli olmadı,
Şəklimiz də gözəl çıxmadı,
Adam nə qədər şəkil çəkdirər,
Şəkil adama nə qədər oxşamaz,
Adamın üzündə vaxt əylənməz, əylənməz
Adamın üzündə zaman dayanmaz, dayanmaz

Çahargah

Bu küçədən asta keçib getdim aman, aman ay aman
Adamları dəymədi gözümə yar, yar, yar aman
Qapılar döyür dizinə laylay bala, laylay
Əsgər gedib tabut gəlib ey dad, ey dadi bedad
Bir qız könülsüz ərə gedib ay dadey,
Aman, daday ay dadey!

Bu səhər bu küçədən bir işıq apardılar
Bir uşaq ay aman
Apardılar eyy
Apardılar uyy
Apardılar heyy
Hey, hey, hey, hey, hey,
Apardılar oy aman
Yaralı balam, ay balam bəlalı balam, ay balam

Uyyy, eyyy, ay canım eyyy, ay canım eey, canım, canım
Yarpaqlar uşaq kimi düşdülər dalımca elə bildilər mən “o”yam
Elə bildilər mən Qəşəməm eyyy
Amma bilmədilər Qəşəm deyiləm
Vallah Qəşəm deyiləm
Elə-belə gəlib keçirəm buralardan,
Yadam, gəlməyəm
Ey dad, ey dadibedad, ay zalım, ay bidad

Kürəyimə dəyən daşlar
Məni yolumdan saxlamayın
Ey daş daş eey ay daş, daş eyy
Qar, qar, qar Qardaş, qardaş eeyy
Qabağıma çıxan qızlar
Məni buralara bağlamayın
Bax, bax eyy, sən mənə bir yaxşı bax eyy
Gör mən heç Qəşəmə oxşayırammı?
Ay zalım, qadanı mən alım
Sən allah, məni tanıma
Qoyma buralarda qalım.
Daley, daley, daley, ay daley
Yar daley, yar aman
Aman, aman, ay aman

İlyas Tapdıq təsnifi

Yetmiş beş illiyində xatirə danışır İlyas Tapdıq
Ayaqlarına bax,
Birin götürür, birin qoyur
Elə bil ki, sözlərinə
Vergül qoyur
Nöqtə qoyur.
Baxın: iri həriflə yazılmış “gözləmək” sözüdü ayaqlar
-tap
-dıq
-yaz
-dıq
-çat
-dıq.
Bir ayağını götürəndə “yox”
Bir ayağını qoyanda “hə”.

Əlinə bax iri ağızlı kəlbətin kimi
demək istəmədiyi sözün ağzını yumur.
Mənimsə meylim deyilməyən sözədir.
Üstündən xətt çəkilmiş sözləri mən yaxşı oxuyuram
Zaman üstündən xətt çəkilmiş çümlələrdə gizlənir.

Fikir verin, danışanda bir çiyni əyilir
əyilir ki, xatirəni qaldırsın.
Bir çiyni də yuxarı qalxır
Qalxır ki:
Lazım deyil, qoy qalsın.

Bir gözünü yumur...
Odeyy, getdi xatirənin dalınca.
Bir gözünü açır
Demək xatirə yoxdu artıq
Çəmiyyət var salanda.

O günü “Sahil” bağında yarpaqlarla bir gedirdi İlyas Tapdıq
Əllinci illərin əvvəlliydi İlyas Tapdıq
Gədəbəyin gülləriydi İlyas Tapdıq
Əli Kərimin əlləriydi İlyas Tapdıq
Uşaqların dilləriydi İlyas Tapdıq.
Buna bax eeee...
Özü də deyirlər şair oxunmur.