Bəy narkoman olmasın...

bey-narkoman-olmasin
Oxunma sayı: 3225


Çox arzu edərdik ki, bu məsələ barədə tibb mütəxəsisləri fikir irəli yürütsünlər. Amma səsi cıxan yoxdur. Lal dinməz başın salıb hamı öz işini görür. Elə bil, irad etmək də qəbahətdir. Bu səbəbdən  məsələni xırdalamaq biz jurnalistlərə qalır. 

İyunun 1-dən ölkə başçısının  ötən il imzaladığı müvafiq fərmanına əsasən tələblər qüvvəyə minir.  Nigaha daxil olanlar icbari şəkildə tibbi müayinə olunmalıdırlar, həmin arayış olmadan nigahın baş tutması mümkün deyil. Bəli, ağıllı tələbdir, belə müayinələrin olması vacibdir. Misal üçün, bildiyim iki gənc ailənin dağılmasında səbəbin bəyin narkoman olması idi.  Qız tərəfi nigahdan qabaq bunu bilməyib, bir neçə aydan sonra aşkar olub ki, vəziyyət belədir. Bu isə təzə gəlin və ailəsi üçün faciəyə çevrilib.  İndi nigahdan qabaq leylilər, məcnunlar, elçi, vasitəçiliklə, qızgördü yolu ilə ailə quranlar həmin müayinəyə üz tutacaqlar. Məqsəd nədir? Bax, müvafiq qanunvericilikdə çox suallar yaradır. Çox sadə məsələlərə diqqət yetirək.

Deməli, çoxu kimi mənə maraqlı gələn məqam, üç qorxulu xəstəliyin müayinəsinin vacibliyidir. Talassemiya, sifilis, QİÇS. Birincisi, qan xəstəliyidir. Talassemiya yox, hemofiliya kimi qan xəstəliyi də tək Cənubi Qafqazda ən çox bizdə yayılıb. 

Məlumdur ki, gənc və ya yetkin kişi cinsindən olanların çoxu ailə qurana kimi  yüngül həyat tərzli qadınlarla gün keçirirlər. Yoluxmanın olması istisna deyil. Sifilis və QİÇS xəstəliyinin yoluxma yollarından ən vacibinin də hansı olduğunu yaxşı bilirik. Kişilərin xəstəlik daşıyıcısı olma riski böyükdür. “Təmiz qız”, “oğlan əli dəyməmiş” qız axtaran ailə və oğullarının gəlin namizədlərinin bu xəstəliyə yoluxma halı  mində bir ola bilər ya yox, tam deməkdə çətinlik çəkirəm. Çünki adət üzrə qızlarımızın  evliliyə qədər cinsi həyatı olmur. Açığı bu fikri də ehtiyyatla deyirəm, tibbin inkişafı bakirəliyin bərpası kimi üsulları ortaya qoyub. Yenə də, nə qədər gözüaçıq  qızlarımız olsa da, nadir yolundan azmışı gəlin edən ailə tapıla. İndi sizcə tibbi müayinə zamanı namizəd bəyin və gəlinin  qeyd olunan  xəstəliyi aşkarlansa, nə baş verməlidir?  Özü də qaydaya görə, tərəflərin xəstəliyi yalnız həkim sirri olacaqsa, gəlin və bəy bir-birinin tibbi muayinə nəticəsindən xəbərsiz qalacaqsa, bu prosedurun aparılmasının nə mənası var? Belə çıxır ki, ya ağır xəstəliyi (müalicəsi sual altında olan) aşkarlanan “yoxa çıxma”lı, ya da qarşı tərəfin gözündən düşmək və qəsdən nigahı pozmaq üçün planlar qurmalıdır. Başqa yolla, xəstə çıxan  oğlan (ya qız)  gələcək həyat yoldaşını vicdancasına yoluxdurmalıdı, təki sevgiləri qalib gəlsin. Axı məsələnin mənəvi-psixoloji tərəfləri ilə yanaşı maddi tərəfləri də var. Onu da yaxşı bilirik ki, son illər gənclərə toy, ev-eşik etmək üçün iki tərəf  xeyli borca düşür. Kreditlərə girir, təki narazılıq olmasın. Bəs həmin tibbi müayinə cavabları ailələr, valideynlərdən, hətta VVAQ idarəsindən gizlədilirsə, bu da gələcəkdə ailədaxili mübahisələrə səbəb olmayacaqmı? 

Hər hansı VVAQ idarəsinə verilən arayışda xəstəliklə bağlı heç nə yoxdursa, yalnız həkim möhürü varsa, həmin arayışın həqiqi, normal qayda ilə alındığını haradan bilmək olar? Gələcəkdə “qızımi bilə-bilə bədbəxt etdiz”, “xəstəni bizə sırıdız” kimi ah-nalələr qarşı ailə ilə yanaşı həkimlərin də üzərinə tökülməyəcəkmi?  Bir sözlə, xəstə gəlin və ya bəyin xəstəliyinin gizlədilməsi heç məntiqli gəlmir. Buradan da belə nəticə çıxır ki,  həkimlər təzə ailə quranlar arasında ilk “sirr saxlamaq” nifaqının müəllifinə çevrilirlər. Bu ailə bir –birindən xəstəliyini gizlədəcəksə, tutaq ki , xəstəliyə baxmayaraq sabah gedib nigahını bağlayacaqsa, vicdan, dürüstlük harada qaldı? 

Digər məqam. Həmin tibbi arayışın bir ay ərzində etibarlı olması məsələsi. İşdi, ailələr toyun, nigahın vaxtını hansısa səbəbdən uzatsalar, təxirə salsalar, onda gəlin və bəy yenidən müayinəyə getməlidirlər ki, bizdə də bunu edənlər çətin tapıla. Həmin müddətdə də yeni tibbi arayışın hansı üsulla alınması aydın məsələdir. Müayinə nəticələrinin doğru olması, hər hansı saxtakarlığa yol verilməsi məsələsi də başqa suallar yaradır. Müayinəsi vacib olan xəstəliklər arasında hepatitlərin yer almaması təəccüb doğurur ki, bu da gizli gedən və son vaxtlar artan ağır xəstəliklər arasındadır. Hər halda bu iradı ictimaiyyətə verilən məlumata əsasən qeyd edirəm. 

Fikrimcə, tibbi müayinə üçün gəncləri  səsləyən səhiyyə orqanları ən əvvəl həmin xəstəliklər barədə təbliğat, məlumatlandırma işini aparmalıdırlar. Ona görə ki, gənclər əvvəlcə xəstəliyi tanımalıdırlar ki, ona yoluxmasınlar. Bizə xəstə gənclik lazım deyil! Bu müayinə tək toy gününə yaxın olmamalıdır. Axı kimsə iki istəkli gənci göz görə-görə ayıra bilməz, və ya ayırmağa qıymaz ki...