“Ey qılınclar, doğrayın məni!”

ey-qilinclar-dograyin-meni
Oxunma sayı: 1358

1368 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.

Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!”

Bundan sonra Kərbəla çölündə Yezidin qoşunu ilə üz-üzə gələn İmam Hüseyn (ə) 71 tərəfdarı ilə birlikdə qəhrəmanlıqla vuruşaraq din yolunda şəhid olur. Bu səbəbdən dünya müsəlmanları Məhərrəm ayını matəm ayı kimi qeyd edirlər.

Qeyd edək ki, dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir. Minlərlə insan bu faciəli, lakin şərəfli günü anmaq üçün Azərbaycandakı məscidlərə gedir, Allaha xətir nəzir verir və ehsan paylayır. Bundan başqa, artıq bir neçə ildir ki, Qafqaz Müsəlmanları İdarəsi aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən irsi qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün “Təzəpir” məscidi, “Hacı Soltanəli” məscidi, “Bibiheybət” məscidi, İçərişəhər “Cümə” məscidi, “Qaraçuxur” məscidi, “Mirmövsüm Ağa” məscidi, Keşlə qəsəbə məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər məscidi, Lənkəran şəhər “Böyük Bazar” məscidi, Bərdə şəhər “Cümə” məscidində təşkil olunacaq.

Toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Aşura günü ərəfəsində əlaqədar Azərbaycanda yaşayan müsəlmanlara müraciət edib.

“Əgər kimsə dinə, Allaha hörmət edirsə, bir-birinə və qanuna da hörmət etməlidir”, - şeyxülislam jurnalistlərə bildirib. Onun sözlərinə görə, Aşura günü çığırmaq, bağırmaq, zəncir vurmaq, biri-birinə əziyyət vermək, küçədə səs-küy salmaq olmaz. “Bunlar şəriətə uyğun deyil. Əgər kimsə istəyirsə, qan vermək üçün məscidlərdə xüsusi yer ayrılacaq, orada qan verə bilər”, - Paşazadə deyib.

O qeyd edib ki, Aşura günü ilə əlaqədar QMİ tövsiyələrini fətva şəklində verib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. “Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır”, - fətvada deyilir.

“Aşura günü zəncir vurub bədənə xəsarət yetirmək yolverilməzdir, müqəddəs məkanlarda nizam-intizam pozulmamalıdır. Son illər təziyə günündə idarənin təşəbbüsü ilə keçirilən qanvermə aksiyaları ən münasib təziyədarlıq nümunəsi kimi örnək olmalıdır”, - fətvada bildirilir.