“Beynəlxalq hüquq işləməyəndə sülhün qarantiyası yalnız gücdür”

beynelxalq-huquq-islemeyende-sulhun-qarantiyasi-yalniz-gucdur
Oxunma sayı: 1531

“Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, təhlükəsizlik təmin edilməlidir. Gələcəkdə burada həm qlobal məsələlərdə, xüsusilə bizim regionda Türkiyənin rolu çox önəmlidir və vacibdir”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında bildirib.

Ankaranın sabitləşdirici rol oynadığını vurğulayan dövlət başçısı deyib: “Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional sabitliyi inkişafı təmin etməkdir. Bu rol həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir”.

İlham Əliyev bildirib: “Biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə möhtəşəm Zəfərimizi nümayiş etdirən Qarabağ müharibəsi bitən kimi biz dərhal yenidən müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.

Bu gün Ordumuzun üç il bundan əvvəlki ordudan daha güclü olduğunu diqqətə çatdıran dövlət başçısı deyib: “Əlbəttə ki, buna ehtiyac var, o da bizim tariximizdən qaynaqlanır. Biz görürük ki, bu gün beynəlxalq hüququn normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir, biz uzun illər bu yanaşmaya məruz qalmışıq”.

BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı olduğu ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan Prezident qeyd edib: “Ancaq o qətnamələrə riayət edilmədi və bu gün həmin o tendensiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda, sülhün qarantiyası yalnız gücdür”.

Prezident daha sonra əlavə edib: “Bilirsiniz, əslində, regional inkişaf, - Cənubi Qafqazı nəzərdə tuturam, - əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır. Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Təəssüf, bu günədək gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır. İkinci Qarabağ müharibəsindən indiyədək təxminən üç il keçib. Biz getdikcə daha çox birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın hissəsidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı”.