İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turu baş tutub.
“Qafqazinfo” xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Müsabiqədə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edib. Yarışmanın ikinci turunda Azərbaycanla yanaşı, İran və Özbəkistandan olan ifaçılar çıxış edir.
İnstrumental ifaçılıq üzrə 2-ci turda Shoxijohan Yoriev (Özbəkistan), Vaqif Təhməzov (Azərbaycan), Cahandar Mikayılov (Azərbaycan), Toshtemur Shukurullayev (Özbəkistan) və Anar Vəlizadə (Azərbaycan) çıxış ediblər.
Xanəndə ifaçılığı üzrə isə 2-ci turda Daşqın Kürçaylı (Azərbaycan),
Mohiçehra Şahmurotova (Özbəkistan), Dostmurod Negmurodov (Özbəkistan),
İsa Shokri Charandabi (İran) və Mirəli Sarızadə (Azərbaycan) çıxış ediblər.
Finalçılar sabah açıqlanacaq.
Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.
Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də “Qran Pri” üzrə mükafatlar təqdim ediləcək.
“Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.
Hüseyn Məmmədsalahov
Fotolar: Xəyal Vəlizadə















Son xəbərlər
Son Xəbərlər