“İyunun 16-da günorta saatlarında “AzInTelecom” MMC-nin bəzi avadanlıqlarında yaranan texniki nasazlıqla bağlı ətraflı araşdırma davam etdirilir”.
Bu barədə “Qafqazinfo”ya şirkətdən məlumat verilib.
Bildirilib ki, dayanmanın qeydə alındığı andan etibarən şirkət mütəxəssisləri tərəfindən dərhal müdaxilə edilib və 1 (bir) saat ərzində çətinlik aradan qaldırılıb:
“Növbəti saatlarda “AzInTelecom” MMC-dən xidmət əldə edən tərəfdaşlarla əlaqə saxlanılaraq onların sistemlərində qeydə alınan çətinliklər aradan qaldırılıb və həmin gün bir neçə saat ərzində bütün qurumların xidmətlərinin əlçatanlığı təmin edilib.
Qeyd etmək istərdik ki, “AzInTelecom” MMC-yə məxsus olan infrastruktura daxil olan bütün avadanlıqlar beynəlxalq təhlükəsizlik və dayanlıqlılıq standartlarına uyğundur və təchizatçı şirkət tərəfindən avadanlıqları beynəlxalq zəmanət verilir. Dayanma baş verən anda dərhal beynəlxalq təchizatçı şirkətə müraciət olunub.
Təchizatçı şirkətin texniki dəstək komandası və beynəlxalq mühəndislər tərəfindən araşdırmalar davam etdirilir. Baş verən hadisə çox az rastlanan hal olduğu üçün beynəlxalq şirkət tərəfindən aparılan araşdırmanın yekunlaşdırılmasına vaxt tələb edilir. Beynəlxalq təchizatçı şirkət tərəfindən baş verən nasazlığın səbəbləri barədə “AzInTelecom” MMC-yə hesabat təqdim edildikdən sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, iyunun 16-da Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portallarına girişdə problem yaranmışdı.
Son xəbərlər
Son Xəbərlər