Eynulla Fətullayev fəaliyyətini rəsmən elan etdi - Təqdimat

eynulla-fetullayev-fealiyyetini-resmen-elan-etdi-teqdimat
Oxunma sayı: 671



“Azərbaycan reallığında müxalif düşüncəli insanlar üçün təşkilatlanmaq, ofis yaratmaq mürəkkəb işdir. Böyük bir işin astanasındayıq” . Bu sözləri jurnalist Eynulla Fətullayev yeni yaratdığı “İnsan Haqları Uğrunda” İctimai Hərəkatın əsas məramı barədə jurnalistlərə açıqlamasında deyib. O, əsas məqsədinin Helsinki Prinsipləri üzərində yeni ictimai hərəkat formalaşdırmaq olduğunu vurğulayıb: “Ölkədə siyasi mübarizə donub. Helsinki Prinsipləri əsasında ictimai qüvvələri səfərbər etməliyik. Bununla da həm Azərbaycana, həm də Azərbaycan cəmiyyətinə öz töhfəmizi verəcəyik”.

AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserin də iştirakı ilə noyabrda “Azərbaycanda insan haqları bu gün” mövzusunda konfrans keçiriləcəyini qeyd edən E. Fətullayev bildirib ki, AŞ katibliyi ilə əldə edilən razılığa əsasən bu ilin avqustun sonuna kimi proqram hazırlanıb Ştrasserə göndəriləcək. O, həmçinin Kristofer Ştrasserin Azərbaycana səfəri ilə bağlı heç bir sədd olmadığını və proqram üzərində işə başlandığını qeyd edib. Onun sözlərinə görə, xüsusi məruzəçinin həbsxanalara buraxılmayacağı təqdirdə siyasi məhbusların ailələri ilə, onların vəkilləri ilə keçiriləcək görüşlər haqda məruzə hazırlanıb qış sessiyasına təqdim ediləcək.

Təşkilatın həyata keçirəcəyi digər önəmli addım isə həbsxanalarda monitorinqlərin keçirilməsi ilə bağlıdır. Bununla bağlı Ədliyyə Nazirliyinə müraciət etdiyini deyən E. Fətullayev Pentensiar Xidmətdə islahatlara nail olmaq üçün təklifinin qəbul ediləcəyinə inandığını deyib. Bu məsələdə əsas şərtini də irəli sürən jurnalist reydlərin donorların dəstəyi ilə həyata keçirilməsinin vacibliyini vurğulayıb. Əks halda müstəqilliyin qorunmayacağını diqqətə çatdırıb. Şifahi razılığın əldə edildiyini bildirən keçmiş məhbus ilk monitorinqin Qobustan təcridxanasında baş tutacağını açıqlayıb: “Monitorinqlərdən sonra keçiriləcək mətbuat konfransları həbsxanalardakı özbaşınalıqlar üzərində ictimai nəzarəti tətbiq edəcək” .

Vicdan məhbusu kimi həbs edilən Cabbar Savalanlının azad edilməsi üçün “Twitter”də başlayan aksiyanın davamı olaraq E. Fətullayev hər bir azərbaycanlı vətəndaşın prezidentdə teleqram göndərməsi təşəbbüsü ilə çıxış edib və ən azı bir ay ərzində 5 min teleqramın göndərilməsinə nail olmaq istədiyini deyib.

Səidə Teyyubqızı