Eynulla Fətullayev prezidentə müraciət etdi

eynulla-fetullayev-prezidente-muraciet-etdi-
Oxunma sayı: 643


Avqustun 24-də Culfa rayonunun Ərəzin kənd sakini 1980-ci il təvəllüdlü Turac Zeynalov muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə (MTN) çağrılıb və 4 gün sonra onun meyidi qohumlarına xəbər verilmədən kəndinə aparılıb. Yaxınları “Turan”a bildirib ki, Turac Zeynalovu sonuncu dəfə MTN-də başına torba keçirilmiş və işgəncə almış vəziyyətdə görüblər. MTN rəsmiləri mərhumun atasına oğlunun vətən xaini olduğunu və İrana işlədiyini bildiriblər. Turac Zeynalov Naxçıvan hava limanında texniki işçi kimi çalışırmış və hazırda onunla çalışan 4 nəfər də heç bir izah verilmədən MTN-də saxlanılır.

“İnsan Haqları Uğrunda” İctimai Hərəkat bəyan edir ki, Turac Zeynalovun MTN-də öldürülməsi faktı dövlətin təhlükəsizliyinə cavabdeh olan qurumun özbaşınalığına dəlalət edir. Bu terror aktıdır. Turac Zeynalovun məhkəməhökmü olmadan həbs olunması, daha sonra işgəncələrə məruz qalması onsuz da formal olan Azərbaycan Konstitutsiyasının növbəti dəfə təhqir edilməsi kimi, hakimiyyətin üzərinə götürdüyü beynəlxalq öhdəliklərə saymazyana münasibətin təzahürüdür. Eyni zamanda, muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyi tərəfindən mərhumun yaxınlarına müvafiq tibbi arayışın təqdim olunmaması, meyitin məxfi şəkildə cinayətin baş verdiyi yerdən uzaqlaşdırılması və öz peşə borcunu yerinə yetirən jurnalistə qarşı təzyiqlər xüsusi xidmət orqanlarının qanunsuz fəaliyyətini təsdiq edən konkret faklardı.

“İnsan Haqları Uğrunda” İctimai Hərəkat beynəlxalq təşkilatları yaranmış özbaşınalığa etiraz etməyə çağırır. Eyni zamanda dövlət başçısının vəziyyətə müdaxiləsini, baş vermiş cinayətə hüquqi qiymətin verilməsini zəruri sayır.

Artıq bu gün hərəkatın rəhbərliyi prezident İlham Əliyevə, eyni zamanda aparıcı beynəlxalq hökumət və qeyri-hökumət təşkilatlarına müraciət edib.