“Eynulla Fətullayevə yazığım gəlir”

eynulla-fetullayeve-yazigim-gelir
Oxunma sayı: 640

Mirşahin Ağayev SalamNews-a açıqlamasında deyib ki, “Bədbəxt adam” filmi bütünlüklə Eynulla Fətullayevin siyasi fəaliyyəti və simasını əks etdirir.

“Mən Eynullaya görə çox heyfslənirəm, acıyıram və ona yazığım gəlir”, - deyən M.Ağayev bir zamanlar onun Eynulla Fətullayev adında çox ümüdverici bir gənc jurnalist olduğunu söyləyib: “O vaxt Eynulla Fətullayevin perspektivinə bel bağlayırdım və onun inkişafı üçün əlimdən gələni edirdim. Tabeçiliyimdə olan onlarla jurnalistin içərisində hər zaman Eynullaya xüsusi münasibət bəsləyirdim. Ən azı ona görə ki, mən Eynullanın gələcəkdə dəqiq və vicdanlı jurnalist olacağına inanırdım. Çox təssüf ki, bu, baş vermədi. Buna görə də Eynulla Fətullayevə yazığım gəlir. Çünki Azərbaycanın bu cür güclü jurnalisti bir vaxtdan sonra avantüristin birinə çevrildi”.

O söyləyib ki, əgər Eynulla Fətullayev həbsdən çıxdıqdan sonra Xocalı caamatı və Azərbaycan xalqından üzr istəsəydi, onun həbsdən azad olunması Eynullanı Azərbaycan cəmiyyəti qarşısında bəraət qazanmağa imkan yaradan bir hərəkət kimi tərəfimdən qiymətləndirilərdi. Onun fikrincə, Eynulla Fətullayev Azərbaycanda yaşamaq və ANS TV-də çalışdığı müddətdəki kimi hörmət yiyəsi olmaq istəyirsə, ən azı Xocalı cəmiyyətindən üzr istəməlidir: “Eynulla Fətullayev heç olmasa insanlar qarşısına çıxıb deməlidir ki, mən Xocalı haqda belə deməmişəm. Çünki azərbaycanlıların başına gətirilən ən dəhşətli soyqırım faktını elə Azərbaycan dövlətinin və Xalq Cəhbəsi batalyonunun üzərinə qoymaq kimi çox dəhşətli, riskli və lənətəlayiq hərəkətə yol vermək Eynulla Fətullayevi Azərbaycan cəmiyyəti qarşısında çox pis vəziyyətə qoyur. Mənim üçün də əsas məsələ ondan ibarət idi, bu adamı türmədə saxlamaq lazım deyil. Çünki Eynulla Fətullayev Azərbaycan üçün bu boyda başağrısı yaradır. İstənilən bir Azərbaycan vətəndaşı bu ölkədə yaşıyırsa, bu ölkənin xalqının başına gətirilənləri düzgün deməlidir. Eynulla Fətullayev ya mənim dediklərimi edib, Azərbaycanda yaşamalıdır, ya da mənim dediklərimi etməyib, ölkədə yaşamamalıdır. Mən də məhz bu səbəblərə görə Eynulla Fətullayevdən bəhs edən “Bədbəxt adam” filmini hazırlamışam”.

ANS şirkətlər qrupunun vitse-prezidenti “Bədbəxt adam” filminin hansısa hissəsinin təkzib edilməsinə hazırlaşmadığını vurğulayıb: “Kimsə bu filmin hansısa cümləsini təkzib etmək istəyirsə, mən onunla saatlarla oturub müzakirə etməyə hazıram. Mən bu filmin hər hansı hissəsini belə dəyişmək niyyətində deyiləm. “Bədbəxt adam” Eynulla Fətullayevə tam layiq və onun bütün siyasi addımları ilə bağlı kifayət qədər ciddi informasiyalara malik olan ekran əsəridir”.