“Bəzi məmur və deputatlar real həyatdan uzaqdır” - Tural Əfəndiyev

bezi-memur-ve-deputatlar-real-heyatdan-uzaqdir
Oxunma sayı: 2665

30 saylı Suraxanı birinci seçki dairəsindən Milli Məclisə seçkilərdə deputatlığa namizəd, İlyas Əfəndiyev Beynəlxalq Fondunun rəhbəri Tural Əfəndiyev “haqqin.az” saytına müsahibə verib.

 “Qafqazinfo” sözügedən müsahibəni təqdim edir:

- Suraxanı seçki dairəsində seçki yarışında siz əsas favoritlərdən birisiniz. Ekspertlərin rəyinə görə, rəqiblərinizi artıq üstələmisiniz. Çox qısa bir müddət ərzində yerli sakinlərin rəğbətini necə qazana bildiniz?

- Bir qədər sizinlə razı deyiləm. Rəğbət haqqında deyil, yerlərdəki etimad boşluğunu doldurmaq barədə danışmaq daha doğru olardı. Seçicilərlə görüşlərimdə bir daha əmin oldum ki, onlar möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı islahatlara, yeni təfəkkürlü, yüksək intellektual səviyyəyə malik, xalqına, millətinə sədaqətlə xidmət edən kadrlara üstünlük verməsinə inanırlar. Və təbii ki, seçicilər cənab Prezidentin apardığı bu siyasəti dərk edən və bu tələblərə cavab verən namizədlərə üstünlük verirlər. Çünki həll olunası bir çox problemlər var ki, onlar Suraxanı rayonu da daxil olmaqla, indi meydana çıxmamışdır. Bu  problemlər illər boyunca yığılıb üst-üstə gəlmişdir. Buna görə də mən öz seçki platformamda daim seçicilərin yanında olmaqla, gördüyüm işlər haqda mütəmadi olaraq onları məlumatlandırmağa xüsusi yer ayırmışam. Əgər mənim platformam seçiciləri qane edirsə, bundan çox məmnunam. 

Bəzi yerli icra hakimiyyəti orqanlarının əhaliyə biganə münasibəti, bir çox məmur və deputatların real həyatdan ayrılaraq, bəzən xalqdan olduqca uzaq düşməsi kimi olan mənfi hallara münasibət cənab Prezidentin bir çox çıxışlarında öz əksini tapmışdır. Buna görə təsadüfi deyil ki, mənim təşviqat qərargahımın könüllüləri küçələrdə insanlardan soruşanda ki, deputatınızdan seçici kimi nələr gözləyirsiniz, onları çox maraqlandıran məsələlərdən biri də seçicilərlə yerlərdə mütəmadi görüşlər üçün deputatın qəbul otağının olmasıdır. İnsanlar deputatını tanımaq, onunla ünsiyyət qurmaq, həqiqətən də işinin nəticələrini görmək istəyirlər. Millət vəkili həmişə seçicilərinin yanında olmalıdır.

- Çoxsaylı üzvləri tərəfindən dəstəklənən iqtidaryönlü siyasi partiyaların namizədləri ilə rəqabət aparmaq çətin deyil ki?

- Rəqabət müxtəlif siyasi görüşlərə sahib olan namizədlər, belə desək, müxalifət və iqtidar tərəfindən aparıla bilər. Lakin özünüz də qeyd etdiyiniz kimi, mən və iqtidaryönlü partiyaların nümayəndələri –seçki platforması və fəaliyyətimizlə fərqlənirik. Buna görə burada rəqabət haqqında danışmaq yersizdir. Əksinə, iqtidaryönlü fikir və mövqeləri olan bir neçə namizədin qarşıdan gələn 2020-ci il seçkilərindəki iştirakını yüksək demokratiklik və həqiqi rəqabət mühitinin şəffaflığının göstəricisi kimi qiymətləndirirəm.

Onsuz da son sözü namizədlər deyil, seçicilər deyəcək. Namizədlərin seçki platforması, təcrübəsi və fəaliyyətinin bir çox digər göstəricilərinin onlar üçün məqbul olub-olmamasına insanlar özləri qərar verməlidirlər. Prezidentimiz məhz bu demokratik ədalət formatına çağırış edir! Bu dairədən də namizədlər kifayət qədərdir, ona görə hamıya uğurlar diləyirəm!

- Təəssüf ki, kütləvi informasiya vasitələrində icra orqanlarının seçki kampaniyasına müdaxilə etmə faktları qeyd olunur, guya müstəqil namizədləri seçkidən namizədliyini geri götürməyə məcbur edir. Bəs Suraxanı rayonunda vəziyyət necədir?

- Hər şey yaxşı olacaq (gülümsəyir).

- Siz,  həqiqətən unikal fəaliyyəti olan İlyas Əfəndiyev Beynəlxalq Fondunun təsisçisi və rəhbərisiniz. Fəaliyyətinizə həm olduqca genişmiqyaslı sosial və humanitar layihələr və bir sıra xarici ölkələrin rəhbərləri ilə görüşlər daxildir. Hər kəs, şübhəsiz ki, bu cür beynəlxalq tanınmaya necə nail olduğunuzla maraqlanır.

- İlyas Əfəndiyev Beynəlxalq Fondunun rəhbəri  kimi fəaliyyətimə gəlincə, əminəm ki, bütün sağlam düşüncəli insanlar anlayırlar ki, mənim Azərbaycan Respublikasının bir vətəndaşı kimi bu və ya digər ölkə prezidenti ilə görüşlərim hər zaman dövlət başçımızın həyata keçirdiyi siyasətə uyğun olmuşdur. Əlbəttə ki, belə yüksək səviyyəli görüşlər, həmişə müvafiq siyasi-diplomatik qaydada razılaşdırılır. Əgər Azərbaycan həqiqətlərini, Qarabağ problemini müəyyən beynəlxalq dairələrə çatdıra bilmişəmsə bundan ancaq və ancaq məmnunluq duya bilərəm.

- Suraxanı rayonunda problemlərin az olmadığını qeyd etdiniz. Bəs, Siz seçicilərinizə nə təklif edirsiniz? Yığılıb qalmış problemlərin həllini necə görürsünüz?

- Təbii ki, indi seçki platformamdan çox şey danışa bilərəm. Yalnız hazırlanmış mətnlər bir, real həyat, insanlarla canlı ünsiyyət isə bambaşqa bir şeydir. Rayon seçiciləri ilə bir çox seçkiqabağı görüşlərim olub, ancaq bunlardan yalnız biri barədə danışmaq istərdim. Yanvarın 22-də seçki qərargahımda seçki dairəsinin müxtəlif yaşayış məntəqələrindən olan rayon ağsaqqalları ilə geniş iclas keçirildi. Faktiki olaraq, onlar həmin ərazilərdə yaşayan sakinlərin səlahiyyətli nümayəndələri idilər. Bundan əlavə, bunu daha çox vurğulamaq istəyirəm ki, iclas onların istəyi ilə keçirildi və bu seçkiqabağı təşviqatının hər hansı bir növü ola bilməzdi. Görüşdə söhbət yalnız konkret problemlərdən və onların həlli yollarından gedirdi. Demək olar ki, biz onlarla birgə, əhalini ən çox narahat edən problemlərin həlli üçün bir növ "yol xəritəsi" təyin etdik. Məhz bu konkret müzakirələrdən sonra ərazinin ağsaqqalları mənə xeyir-dua verdilər. Bu etimada görə onlara təşəkkürümü bildirirəm.

- Bəli, belə insanların etimadını qazanmaq çətindir, amma etiraf etməliyik ki, bu etimadı doğrultmaq daha çətindir. Xüsusən də, seçicilərin sosial gözləntilərinin həlli baxımından.

- Mənim müvəkkil etdiyim şəxslərin mənim təbliğatımı aparmaqla yanaşı, daha vacib əhəmiyyət kəsb edən - seçicilərin sosial gözləntilərini üzə çıxarmağa yönəlmiş operativ rəy sorğusu keçirməsidir. Beləliklə, "Sizin fikrinizcə, seçilmiş deputat hansı problemlərə diqqət yetirməlidir, ilk növbədə nəyi etməlidir?" sualına, respondentlərin əksəriyyəti üç prioriteti qeyd edib: sakinlərin mövcud problemlərinin həllində fəal iştirak; yerli səviyyədə deputatın iqtisadi və sosial təşəbbüsləri; həmçinin yerli icra hakimiyyəti ilə sıx əməkdaşlıq.

Göründüyü kimi, rəy sorğusunun nəticələri seçicilərin istəklərinin olduqca real olduğunu göstərir. Əslində, sakinlərin təcili problemlərinin toplanılması, onlar haqqında məlumatların icra hakimiyyətinə çevik surətdə çatdırılması və həqiqi həlli üçün müvafiq qurumlarla birgə axtarışların aparılması - xalq tərəfindən seçilmiş gələcək deputat qarşısında konkret vəzifələrin qoyulmasıdır.

Müsahibənin rus dilində olan versiyası ilə buradan tanış ola bilərsiniz.